"Media və təhsil dialoqu" mövzusunda təlim-konfrans keçirildi
Dekabrın 14-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) "Media və təhsil dialoqu" mövzusunda təlim-konfrans təşkil olunub. Təlim–konfransdan öncə akademik Yusif Məmmədəliyev və akademik Zahid Xəlilov adına auditoriyalarda pedaqoji ixtisaslara yüksək balla qəbul olunmuş tələbələrlə görüş keçirilib və dərs prosesi izlənilib.
14 Dekabr 2018 16:05 SosialDekabrın 14-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) "Media və təhsil dialoqu" mövzusunda təlim-konfrans təşkil olunub. Təlim-konfransdan öncə akademik Yusif Məmmədəliyev və akademik Zahid Xəlilov adına auditoriyalarda pedaqoji ixtisaslara yüksək balla qəbul olunmuş tələbələrlə görüş keçirilib və dərs prosesi izlənilib.
Olaylar.az bildirir ki, ADPU-nun sosial və humanitar məsələlər üzrə prorektoru Fikrət Rzayev konfransı açaraq, belə təlimlərin media-ali məktəb əlaqələrinin inkişafına böyük töhfə verəcəyinə əminliyini ifadə edib: "Bu il 566 nəfər 500 baldan yüksək nəticə ilə ADPU-nə qəbul olub. Bu çox vacib məsələdi. Bu göstərici sayəsində biz son illər gənclərin müəllim peşəsinə olan sevgisini və marağını görürük. Universitetimizdə təşkil olunan ustad dərslərin gələcəyin müəllimləri üçün böyük əhəmiyyəti var."
Universitetin tədris işləri üzrə prorektoru Eldar Aslanov ADPU-da həyata keçirilən yeniliklər barədə məlumat verərək qeyd edib ki, son illər yüksək bal toplayan tələbələrin müəllimlik ixtisasına marağı xeyli artıb.
Təhsil Nazirliyinin media ilə əlaqələrə xüsusi önəm verdiyini deyən nazirliyin sektor müdiri Cəsarət Valehov sözügedən mövzuda təlim-konfransın artıq 6-cı dəfə keçirildiyini diqqətə çatdırıb. Sektor müdiri bildirib ki, tədbirin keçirilməsində məqsəd ali təhsil müəssisələrinin media ilə əlaqələrinin möhkəmləndirilməsi, ictimaiyyətlə əlaqələr üzrə peşəkar vərdişlərin artırılması, universitetlərin saytlarının müasir standartlara uyğunlaşdırılması və əlçatanlığın təmin olunmasıdır.
Daha sonra Qlazqo Universitetinin məzunu və Qərbi Kaspi Universitetinin sosial elmlər kafedrasının müəllimi Samirə Həsənzadənin "Universitet veb-saytının istifadəçilər üçün əlçatanlığının təmin olunması", Təhsil Nazirliyinin sosial media üzrə marketinq meneceri İsfəndiyar Əmrahovun "Ali təhsil müəssisələrinin rəqəmsal alətlərdən istifadəsi və onların nəticələri" və Mehman Şəfaqətovun "Veb saytlarda yeni funksiyalardan səmərəli istifadə və təhlükəsizlik" mövzularda slaydlar təqdim olundu.
Daha sonra konfransda iştirak edən media kapitanları və təhsil üzrə ekspertlər çıxış etdilər. Tədbirdə iştirak edən Olaylar İnformasiya Agentliyinin baş redaktoru, yazıçı və publisist Yunus Oğuz bildirib ki, müasir dövrdə yaşayan insanın həyatı informasiyadan asılıdır: "Qloballaşan dünyada unikal əlaqə vasitəsi olan media ilə əlaqə tədricən yox olur. Sosial şəbəkədə izləyici sayı çox olan, müəyyən qədər fərqli fikir səsləndirən insanın paylaşdığı hər bir fikri media artıq xəbər edir."
Yazıçı -publisist media- təhsil əlaqəsinin çox ciddi məsələ olduğuna diqqət çəkərək bildirdi ki, ölkədə təhsil alan 170 min tələbənin hər biri sosial şəbəkə hesablarında paylaşdıqları statuslarda Azərbaycan dilinin qramatik qaydalarına əməl etsələr, dilimiz də inkişaf edər: "Media və təhsil konteksində aparılan hər hansı konfranslar təkcə ali məktəblərdə deyil, orta məktəblərdə və peşə təhsili verən müəssələrdə də təşkil edilsin. Bu gün sosial şəbəkədə aktiv olan gənclər təkcə universitet tələbələri deyil. Sosial şəbəkə vasitəsilə kobud, söyüş dolu paylaşımlar yazanlar arasında orta məktəb şagirdləri, peşə təhsili verən müəssələrdə təhsil alan gənclər də var. Yaxşı olardı ki, bu cür konfranslarda həmin qurumların nümayəndələri də iştirak etsin. Belə olduğu təqdirdə biz, eləcə də sizlər də istədiyiniz nəticəni qısa müddətdə əldə edəcəksiniz. Ümumilikdə isə bu cür təlim-konfranların keçirilməsini alqışlayıram."
Konfransda çıxış edən "525-ci qəzet" in baş redaktoru Rəşad Məcid ADPU rəhbərliyinə qurumun məzunu olan 3 AMEA prezidentinin barelyefinin qoyulmasını təklif etdi.
Tədbir zamanı digər media kapitanları, təhsil ekspertləri də konfrans haqqında öz fikirlərini bildirdilər. Tədbirdə çıxış edən Elçin Şıxlı, Rauf Arifoğlu, Elçin Mirzəbəyli, təhsil üzrə ekspert Etibar Əliyev və digərləri təlim-konfrans təşkilatçılarına təşəkkür etdilər.
Konfransda, həmçinin yeni məzmun, forma və tərtibatda çap olunan "Azərbaycan məktəbi" jurnalı iştirakçılara təqdim edilib.
Ay An