Tüklənmə xəstəliyi - Hirsutizm
13 Dekabr 2018 19:45 SosialQadınlarda tüklənmə endokrin xəstəlikləri nəticəsində baş verir.
Tibb dilində həddindən artıq tüklənmə hirsutizm adlanır. Bu, qadınların təqribən 10 faizində müşahidə edilən bir haldır. Həddindən artıq tüklənmə adətən yetkinlik dövrü ilə 40 yaş arasında müşahidə edilir. Qadınlarda hamiləlikdən sonra az da olsa tük köklərinin sayında artım olur. Ancaq hamiləlikdən kənarda artan tüklənmə anormal tüklənmə sayılır. Bu zaman tüklərin qalınlaşması və tündləşməsi müşahidə olunur. Bu xəstəliyin digər əlaməti isə dərinin yağlanması və sızanaqların əmələ gəlməsidir. Digər tərəfdən, belə qadınlarda tsiklik proseslərdə də problemlər müşahidə olunur.
Qadınlarda tüklənmə endokrin xəstəlikləri nəticəsində baş verir. Çox vaxt androgen hormonlarının artması nəticəsində meydana gəlir. Bəzən digər hormonlardakı dəyişikliklər də tüklənməyə səbəb olur. Bu baxımdan ümumi tüklənməyə səbəb olan hormonlardan biri də böyümə hormonudur.
Hirsutizmin səbəbləri:
1. Böyrəküstü vəzidən qaynaqlanan
2. Yumurtalıqdan qaynaqlanan
3. Dərmanlardan qaynanqlanan - hormonal-qeyri-hormonal
4. Ağır insulin rezistent sindromundan qaynaqlanan
5. Hiperprolaktinemiyadan qaynaqlanan(prolaktin hormonu artıqlığı)
6. İdiopatik hirsutizmdən qaynaqlanan
7. Tireoid vəzisindən qaynaqlanan
Tüklənməsi olan xəstədə ən əsas məsəslələrdən biri də böyrəküstü vəzi şişlərinin olub-olmadığını aşkarlamaqdır. Tüklənmənin qısa bir vaxtda başlaması, sürətlə artması klinik olaraq şişlərin olmasından xəbər verə bilər. İfrat tüklənmə, sonsuzluq, kökəlmə kimi problemlər, böyrəküstü vəzidə bəd xassəli və ya xoş xassəli şişlərin varlığından xəbər verir. Digər tərəfdən hipofiz vəzindən qaynaqlanan bəzi hormonlar da ifrat tüklənməyə səbəb olur.
Hirsutizmli qadınlar müalicənin gedişində səbirli olmalıdırllar. Çünki, tük follikullarının ömrü 6 aydır. Buna görə də dərmanın təsiri 3-6 ay arası müşahidə olunur. Tüklənməsi olan qadınlar mütləq arıqlamalıdırlar. Çünki artıq çəki də tüklənməni artırır.
AzNews.az