“Anaların uşaqlar üzərində eksperiment aparmaları doğru deyil”
13 Dekabr 2018 17:42 SosialKörpələrin sağlamlığı hər bir valideyni narahat edir. Bəzən körpələr tək ana südü ilə doymur və ona əlavə qidalar verməyə məcbur qalırlar. Bu qidalar barədə zaman-zaman müxtəlif fikirlər səsləndirilir, onların uşaqlar üçün zərərli olduğu deyilir.
Bəs keyfiyyətli süni qida seçimi varmı? Ümumiyyətlə, hansı aydan başlayaraq körpəyə süni qidalar vermək olar?

Bununla bağlı pediatr Xəyalə Quliyeva qeyd edib ki, keyfiyyətli süni qida deyilən bir şey yoxdur: "Süni qidalar demək olar ki, hamısı eynidir. Ən gözəli, ən mükəmməli biz qadınlara Allah tərəfindən bəxş edilən ana südüdür. Yəni indiyə qədər dünyada ana südündən dəyərli, keyfiyyətli bir şey istehsal edilməyib, edilməyəcək də. Bir mənalı olaraq bu belədir. Bəzən yağlı deyil, doyumsuzdur və s. bəhanələr ilə analar südlərini vermir, əlavə qidalara qaçırlar. Amma bir pediatr olaraq deyim ki, süni qida məhsulu ana tərəfindən deyil, həkim tərəfindən seçilməlidir. Normal həkim körpənin çəkisinə, gün ərzində işlətdiyi pampersə əsasən uşağın doyub-doymadığını təyin etdikdən sonra ona müvafiq süni qidanı seçməlidir. Uşağım doymur, süni qida verim, bu qidalar da hər həftə dəyişdirilir və bütün bunlar demək olar ki, hər gün rastlaşdığımız vəziyyətdir. Anaların uşaqlar üzərində eksperiment aparmaları heç doğru deyil. Analar çalışsınlar ki, özbaşına qida seçməsinlər".
Pediatr bildirib ki, əgər uşaq ana südü ilə qidalanırsa, ana tənbəllik edib südünü artırmaq əvəzinə smes alırsa, uşaq 1-2 aydan sonra artıq ana südünü buraxır və süni qida ilə daha çox qidalanmağa başlayır: "Çünki uşaq nə qədər körpə olsa belə, özünə rahat olanı seçir. Uşağa ana südünü əmmək daha çətindir nəinki smes. Əlavə yeməyi isə uşaq çox rahat butulka vasitəsi ilə qəbul edir. Ona görə də həm smes, həm südlə qidalanan uşaqlar 1-2 aydan sonra ana südünü buraxır. Bir mənalı olaraq körpələrinizə öncə ana südü verməyi tövsiyə edirəm. Heç bir qida ana südünü əvəz edə bilməz. Rastıma çıxan pasientlərdən deyə bilərəm ki, ananın südü yoxdursa, yaxud ana özü özbaşına südünü kəsirsə, belə halda mən 1 yaşa qədər smes istifadəsini məsləhət görürəm. Yəni 1 yaşdan yuxarı artıq ev yeməklərinə (sup, kaşa, meyvə-tərəvəzlər və s.) keçməyə başlayır".
azadinform