Oxumuram, əl çəkin?..

Bəzən valideynlər övladlarının gələcəyini ali təhsildə görürlər. Çox vaxt bunu gələcəyin sığortalanması kimi də düşünürlər. Gənclər də ali təhsilə gələcəyin təminatı kimi baxırlarmı?

Bəzən valideynlər övladlarının gələcəyini ali təhsildə görürlər. Çox vaxt bunu gələcəyin sığortalanması kimi də düşünürlər. Gənclər də ali təhsilə gələcəyin təminatı kimi baxırlarmı?

Natiq Məmmədov adlı şəxs (ad şərtidir) bizimlə söhbət zamanı bildirdi ki, o ali təhsil alan insanların işlə təmin olunan zamanı yaşadıqları çətinlikləri görəndə heç də ali təhsilə gələcəyin təminatı kimi baxa bilmir: " Bu gün bəzi tikintilərdə, bazarlarda piştaxta arxasında əyləşənlərin əksəriyyəti ali təhsilli insanlardır. Bu mənzərə məndə və eləcə də bəzi gənclərdə oxumağa, instituta daxil olmağa həvəs yaratmır. Bu gün onlar tikintidə fəhlə işləyirlər, sabah da biz işləyəcəyik. Onlarla söhbət zamanı bu hala necə üzüldüklərini görürəm. Ən azı "kaş ali təhsilimiz olmayaydı" deyirlər. Ona görə də mən valideynlərimin mənə ali məktəbə hazırlaşmaq üçün təklif etdikləri repititor təklifindən imtina etdim. Düşünürəm ki, indiki zamanda bəzi ali təhsilli kişilərlə, təhsilsiz kişilərin hər ay qazandıqları məvacib eynidir".

Mövzunu araşdırmaq üçün sosioloq və təhsil ekspertlərinin də fikirlərini aldıq.

Sosioloq Cavid İmamoğlu bildirir ki, təkcə uşaqların deyil, insanların həyatları boyunca düşünmək və əldə etdikləri məlumatı emal etmək üçün bilik və qabiliyyətlərini genişləndirmək və inkişaf etdirməyə ehtiyacları var: "Məsələn, məktəbə getməyən və ya göndərilməyən uşaq digər uşaqlarla sosiallaşma problemləri ilə üzləşir, müvəffəqiyyət hissini yaşamır və məhdud seçimə malik olur. Bu baxımdan təhsil almaq, onun aliliyindən asılı olmayaraq son dərəcə vacibdir. Yəni, təhsilə yalnız iş kontekstindən baxmağı düzgün hesab etmirəm. Təhsil, həm də insanların, xüsusilə gənclərin özünü aktuallaşdırma mərkəzidir."

Sosioloq qeyd edir ki, valideynlər əsas diqqətini də məhz övladlarının psixoloji-mənəvi keyfiyyətlərinə, bacarıqlarına uyğun bir yerdə olmasını dəstəkləməlidirlər: "Hər gəncin içindən həkimlik, müəllimlik, vəkillik keçmir. Xarici təcrübədə, peşə təhsili ali təhsil qədər hörmətli və şərəflidir. Cəmiyyətdə belə bir ayrı-seçkilik də yoxdur. Təəssüflər olsun ki, bizdə peşə təhsili ali təhsillə müqayisədə kifayət qədər zəif olduğu üçün bəzən valideynlər önəm vermirlər. Nəticə etibari ilə övladlarının öz arzularına uyğun peşələr qalır bir kənarda, dörd il sərasər ali təhsil müəssisələrinə gedib-gəlirlər. Halbuki həmən gənc peşəkar rəssam, heykəltaraş, musiqiçi, müxtəlif peşələr üzrə usta ola bilərdi. Orta təhsilini bitirmiş hər bir gəncin öz arzu və istəkləri olur ki, buna uyğun da inkişafı getməlidir."

Təhsil üzrə ekspert Nadir İsrafilov hesab edir ki, təhsil qanunvericiliyimizə əsasən dövlət hər bir vətəndaşın təhsil alması üçün müvafiq şəraitin yaradılmasına təminat verir və təhsilin hər hansı pilləsindən, səviyyəsindən və fоrmasından məhrum edilməsinə yоl vermir: "Təhsilin əsas prinsiplərindən biri də təhsildə varislik və fasiləsizlik prinsipidir. "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda bu, ömürlük təhsil kimi öz ifadəsini tapıb. Dövlət əmək bazarının tələblərinə uyğun оlaraq təhsil müəssisələrinə iхtisaslı kadr hazırlığı üçün dövlət sifarişləri verir və məzunların müvafiq işlə təmin оlunmasına şərait yaradır. Bu baxımdan ali təhsilin hamı üçün əlçatan olması ilə əlaqədar bu istiqamətdə müvafiq işlər görülür."

Ekspert bildirir ki, ilk cəhddə müvafiq keçid balı toplaya bilməyən məzunlara ali məktəblərə qəbul olunmaq üçün ikinci şans verilir, universitetlərin nəzdində birillik hazırlıq kursları yaradılır və s: "Digər bir məsələ adambaşına düşən ali təhsillilərin sayına görə dünyanın bir sıra aparıcı ölkələri ilə müqayisədə bu sahədə olan geriliyi aradan qaldırmaqdır. Bəzi rəsmi mənbələrə görə MDB-yə üzv olan ölkələr üzrə ali təhsil müəssisələrində oxuyan əhalinin hər 10 000 nəfərinə düşən tələbələrin sayı Qırğızıstan üzrə 346, Belarus üzrə 354, Rusiya üzrə 325, Qazaxıstan üzrə 260 nəfərdirsə, Azərbaycan üzrə bu rəqəm 168 nəfər təşkil edir. Bununla belə, məzunlara "bakalavr" ali peşə-ixtisas dərəcəsi verən bakalavriat və elmi-pedaqоji işlərlə məşğul оlmaq hüququ verən magistratura təhsilindən ibarət iki pilləli ali təhsil, təhsilin digər pilləsi olan ümumi orta təhsildən fərqli olaraq icbari deyil, başqa sözlə mütləq deyil. Yəni, təhsillə bağlı heç bir rəsmi sənəddə orta ümumtəhsil məktəbi qarşısında məhz ali məktəbə tələbə hazırlamaq tələbi qoyulmayıb, baxmayaraq ki, ali təhsillilərin sayının nə qədər çox olması, bir o qədər neft kapitalının insan kapitalına çevrilməsi yolunda əhəmiyyətli rol oynaya bilər. Bu şərtlə ki, ölkəmizdə ali təhsil keçid balının aşağı salınması yolu ilə deyil, tələb-təklif prinsiplərinə riayət olunması şərti ilə həyata keçirilmiş olsun..."

Ay An

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31