Azərbaycanda sosial müdafiə sisteminin inkişafı: dünən, bu gün, sabah
Sosial yönümlü siyasət cəmiyyətdəki münaqişə riskini azaldır
11 Dekabr 2018 14:14 SosialSosial yönümlü siyasət cəmiyyətdəki münaqişə riskini azaldır
Dövlət siyasətində sosial-əmək münasibətlərinin ən mühüm tərkib hissələrindən biri əhalinin sosial müdafiəsidir. Sosial müdafiə sisteminin əsas hədəfi əhalinin yoxsulluq səviyyəsini azaltmaq, fövqəladə şəraitdə əhaliyə maddi və digər yardım etmək, əhalinin sosial cəhətdən zəif hissəsinin mövcud bazar iqtisadiyyatı şəraitinə uyğunlaşdırılmasına kömək göstərməkdir.
Qeyd edək ki, bu sahədə həyata keçirilən iqtisadi və sosial siyasət əhalinin sosial müdafiəsini gözlə görüləcək şəkildə artırıb. Sosial xidmət orqanları və qurumları dəstəyə ehtiyacı olan insanların son ümid yeri kimi, sosial problemlərini həll edə biləcək və həyata bağlaya biləcək yeganə dövlət strukturlarından biridir.Vətəndaşların həyat səviyyəsinin və keyfiyyətinin yüksəldilməsi hər bir dövlətin sosial siyasətinin əsas məqsədlərindəndir. Bu prinsip əhalinin məşğulluğunun, tibbi xidmətlərin yüksək səviyyəsinin, pensiyaçıların, çoxuşaqlı ailələrin, əlillərin hüquqlarının müdafiəsinin təmini yolu ilə həyata keçirilir. Hökümətin sosial yönümlü siyasəti cəmiyyətdəki siyasi münaqişənin riskini azaldır.
Azərbaycanda əhalinin sosial müdafiəsi, inkişaf etmiş ölkələrin standartlarına uyğunlaşdırılması məsələləri dövlət siyasətinin əsas prioritetlərindəndir. Dövlət əhalini devalvasiyanın təsirindən qorumaq üçün daima tam miqyaslı tədbirlər görür. 2000-ci illərin əvvəllərində ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulmuş sosial-iqtisadi inkişaf prinsipləri hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Azərbaycan gənc müstəqil dövlət olmasına baxmayaraq, sosial sahədə mühüm işlər görərək, böyük təcrübə əldə etmişdir. 2001-ci ildə Ulu öndər Heydər Əliyev tərəfindən "Pensiya İslahatı "Konsepsiyası"nın təsdiq edilməsi, 2003-cü ildə Azərbaycan Respublikasının sosial müdafiəsi üçün Dövlət Fondunun və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının birgə layihəsinin yaradılmasına gətirib çıxardı. Bu layihələr çərçivəsində çox işlər görülüb və onların nəticəsi göz önündədir. Ən vacib işlərdən biri fiziki və hüquqi şəxslərin qeydiyyatı, Dövlət Sosial Müdafiə Fondunun tam avtomatlaşdırılması, fərdi qeydiyyatdan keçmiş sosial sığorta şəhadətnamələrinin istifadəyə verilməsi, sosial kartların dövriyyəyə buraxılmasıdır.
Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli "Dövlət orqanları tərəfindən elektron xidmətlərin göstərilməsinin təşkili sahəsində tədbirlərin görülməsi haqqında" sərəncamı, artıq bir çox dövlət qurumlarının tam şəffaf fəaliyyət göstərməyinə zəmin yaratmışdır. Elekton xidmətlərin göstərilməsinin əsas məqsədi korrupsiya hallarının qarşısını almaq, vətəndaş və dövlət nümayəndəsi arasında görüşləri minimuma endirməkdir ki, bu da vətandaşın vaxt itkisinin qarşısını almaq deməkdir.
Ötən illər ərzində uğurla başa çatdırılan layihələr ölkə vətəndaşlarının rifahı üçün yeni axtarışlar və təkmilləşdirmələrə təkan verərək, dövlət tərəfindən qoyulmuş məqsədlərə nail olmaq üçün yeni və məhsuldar üsullar yaratmağa imkan verir.
2008-2013-cü illərdə dinamik iqtisadi inkişaf dövlət başçısına imkan verir ki, o yeni seçki platformasında Azərbaycanın sosial dövlət olduğunu daha çox diqqətdə saxlasın.
Prezident İlham Əliyevin "Əhalinin özünəməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında" 2016-cı il 7 aprel tarixli Sərəncamının icrası ilə bağlı məqsədli işlər uğurla davam etdirilir. Bu məqsədlə, Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakına, kiçik və orta sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına və rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək vermək məqsədilə sosialyönümlü layihələr həyata keçirən "ABAD" (Ailə Biznesinə Asan Dəstək) mərkəzləri yaradıldı. "ABAD" mərkəzləri həmçinin ailə təsərrüfatlarına biznes-planlaşdırma, marketinq, brendinq və dizayn, maliyyə-mühasibat, hüquqi yardım xidmətləri göstərir.
Prezident İlham Əliyevin düşünülmüş sosial-iqtisadi siyasətinin əsasında dayanan prinsiplərdən biri də ölkənin ümumi inkişafı şəraitində sosial cəhətdən həssas qruplardan olan insanların etibarlı sosial müdafiə sistemi ilə əhatə olunmasıdır. Bunun göstəricisi kimi sosial sahə üçün büdcə vəsaitlərinin hər il artırılmasıdır. Hal-hazırda sosial təminat sistemi 2,5 milyondan çox əhalini, yaxud əhalinin təxminən 26 faizini əhatə edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 1 milyon 318 min 434 vətəndaş əmək pensiyası alır, 506,1 min vətəndaşa isə Azərbaycan Respublikası Prezidentinin müxtəlif və aylıq təqaüdü verilir.
Sosial layihələr çərçivəsində əlillərin mövcud olan ev problemi də dövlət tərəfindən hər il qismən aradan qaldırılır. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 iyun tarixli "Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında" Sərəncamı da ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş, 2014-cü il yanvar ayının 1-dək yerli icra hakimiyyəti orqanlarında növbəyə dayanmış 5731 nəfər şəxsin və şəhid ailəsinin 2014-2018-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilmişdir. Qeyd edək ki, 2014-cü ilədək bu kateqoriyadan olan 4278 əlil və şəhid ailəsi mənzillə təmin edilib. Cari ilin ötən dövründə bu kateqoriyadan olan şəxslərə 172 mənzil təqdim olunub.
2016-cı ildə radikal yenidənqurmadan sonra bir sıra rayonlarda xəstəxanalar açılmış, həmçinin ana və uşaq sağlamlığı sahəsində, bir sıra dövlət proqramları icra olunmuşdur.Hər il əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması, o cümlədən səhiyyə xidmətinin maddi-texniki bazasının möhkəmləndirilməsi müxtəlif xəstəliklərdən ölüm hallarının azaldılmasının statik göstəricilərində əks olunur.
Cari ilin yanvar-noyabr aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzi tərəfindən əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud uşaqlara 1200-ə yaxın əlil arabası verilib.Mərkəzin xətti ilə həmçinin fiziki məhdudiyyətli insanlara 1455 ədəd aşağı və yuxarı ətraf, habelə döş protezi, 1229 ədəd yuxarı və aşağı ətraf ortezi, 7995 ədəd müxtəlif reabilitasiya vasitəsi, 295 ədəd bel və boyun nahiyəsi üçün korset, 1796 cüt protez ayaqqabı, 3688 cüt ortopedik ayaqqabı, 594 ədəd dördayaqlı dayaq vasitəsi verilib. Bu təbəqədən olan insanlar həmçinin 2186 cüt qoltuqaltı və dirsəkaltı ağac, 2524 ədəd əsa və s. reabilitasiya vasitələri ilə təmin ediliblər.Ümumilikdə, bu ilin 11 ayında Protez-Ortopedik Bərpa Mərkəzi tərəfindən 8,2 min əlilliyi olan şəxsə (o cümlədən 956 nəfər Qarabağ müharibəsi əlilinə) və sağlamlıq imkanları məhdud uşağa 29,4 min müxtəlif reabilitasiya vasitəsi verilib.Bakıya gələ bilməyənlərə səyyar formada xidmətlər göstərilməklə, onlara ehtiyac duyduqları reabilitasiya vasitələri yaşadıqları ünvanlarda təqdim olunub.
Qarşıda duran növbəti plana əsasən, 2019-cu ildə 122 manatdan az pensiya alan 45 min nəfərin pensiyası 35 faiz artacaq. Bundan başqa, 73 manat sosial müavinət alan şəxslərin aylıq gəliri isə 122 manatadək yüksələcək. Bundan başqa, 38 min şəxsin aylıq gəliri 48 faiz artacaq.
Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinə əsasən yaşayış minimumu və ehtiyac meyarının həddinin də artırılması nəzərdə tutulub. Belə ki, sözügedən qanun layihəsinə əsasən, gələn il üçün yaşayış minimumu ölkə üzrə 180 manat, əmək qabiliyyətli əhali üçün 191 manat, pensiyaçılar üçün 149 manat, uşaqlar üçün 160 manat məbləğində müəyyən ediləcək. Bundan başqa, "Azərbaycan Respublikasında 2019-cu il üçün ehtiyac meyarının həddi haqqında" qanun layihəsinə əsasən, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə növbəti il üçün ehtiyac meyarının həddi 143 manat məbləğində olacaq. Xatırladaq ki, hazırda ehtiyac meyarının həddi 130 manat həddindədir.
Bu gün hər bir gənc gələcəkdə sosial cəhətdən təhlükəsiz təminatlı olmalıdır. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev daim qeyd edir ki, güclü iqtisadiyyat və güclü sosial siyasət dövlət siyasətinin prioritetləridir. Mərhum ümummilli lider Heydər Əliyevin fikrinə əsaslanaraq vurğulamalıyıq ki, ölkə keçid dövrünü başa vuraraq, müstəqil siyasi və iqtisadi bazası olan dövlətə çevrilmişdir.
Yeniliklərin əsas konsepsiyası 2020-ci ilədək dövrü əhatə edən insanların "Azərbaycan 2020 gələcəyə baxış" İnkişaf Konsepsiyası"nda daha ətraflı əks olunub. Sosial sahədəki uğurlar, ildən-ilə artan rifahı dövlət başçısının uzaqgörən siyasətinin açıq şəkildə təsdiqlənməsidir.
Yeni sosial layihələrin əsas məqsədi ölkə iqtisadiyyatında rəqabət qabiliyyətini artırmaq, dünya iqtisadi sisteminə rasional inteqrasiya yolu ilə ölkədə dinamik sosial-iqtisadi inkişafın davam etməsini uzun müddətli təmin etməkdir. Bu da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən təsdiqlənən sərəncamlarla ölkənin mövcud iqtisadi potensialının möhkəmləndirilməsi və qeyri-neft sektorunun inkişaf etdirməsinə təkan verir. Bu potensialın intensiv həyata keçirilməsi yeni iş yerlərinin açılması üçün şərait yaratmaqdan əlavə, sahibkarlığın inkişafı, sosial xidmətlərin həcminin, keyfiyyətinin və yönümünün əhəmiyyətli dərəcədə artması və yoxsulluğun azaldılmasına gətirib çıxarır.
Aysel Oğuz
"Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün"