Avropada yaşayanlar üçün ən dəyərli və etibarlı mənbə
Hollandiyada Heydər Əliyevə həsr olunmuş üçcildliyinin təqdimatı keçirilib
11 Dekabr 2018 13:57 SosialHollandiyada Heydər Əliyevə həsr olunmuş üçcildliyinin təqdimatı keçirilib
Hollandiya parlamentinin Beynəlxalq Mətbuat Mərkəzində millət vəkili, Xalq yazıçısı Elmira Axundovanın Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş və ingilis dilində nəşr edilmiş üçcildliyinin təqdimat mərasimi keçirilib."Olaylar" xəbər verir ki, tədbir Avropa Azərbaycanlıları Konqresi və Benilüks Azərbaycanlıları Konqresi təşkilatçılığı ilə keçirilmişdir. Təqdimat mərasimində Hollandiya parlamentinin üzvləri, İctimai xadimlər, Haaqada fəaliyyət göstərən müxtəlif diaspor təşkilatlarının sədrləri, həmçinin Niderland Krallığındakı müvəqqəti işlər vəkili Cəlal Mirzəyev və səfirliyin 1-ci katibi Vüsal Əliyev iştirak ediblər. Çıxış edənlər Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin qurulmasında misilsiz rolundan danşaraq qeyd ediblər ki, E. Axundovanın ümummilli liderimiz haqqında kitabları avropada yaşayan və bizim tariximizlə maraqlanan insanlar üçün ən dəyərli və etibarlı mənbədir.
Tədbirdə çıxış edən E. Axundova isə H. Əliyevlə ilk tanışlığından, onun yanında işlədiyi illərdən, çoxcildliyin yaranma tarixindən danışaraq bunları deyib: "... 1990-1991-ci illərin qışı idi. Biz onunla Naxçıvanda darısqal bir otaqda oturmuşduq və o mənə keçmiş həyatından, Qarbaçovla qarşılıqlı münasibətlərindən, SSRİ-nin dağılmağa məhkumluğundan, respublikamızın isə tezliklə müstəqil olacağından qeyri-adi şeylər danışırdı. Mən Heydər Əliyevə baxırdım və ona düzünü desəm acıyırdım - qocalmış, sınıxmış o, sanki Sovet İttifaqı ilə birlikdə gedən dövrün bir parçası idi. Və heç kəs dünyada, çox güman, o vaxt ehtimal edə bilməzdi ki, Azərbaycanın keçmiş kommunist lideri, qüdrətli Sovet imperiyasının rəhbərlərindən biri az keçmiş, küldən canlanan Simurq quşutək, bütün respublikanı, sonra isə bütün dünyanı təəccübləndirəcək. SSRİ-də ilk dəfə məhz Heydər Əliyev Naxçıvan Muxtar Respublikasında sovet hakimiyyətini ləğv edəcək, ona Azərbaycan Demokratik Respublikasının bayrağını və himnini qaytaracaq. Üç ildən sonra o, xalqın istəyi ilə Azərbaycanın prezidenti olacaq. O, hakimiyyətə qayıdacaq ki, vətəndaş müharibəsinin, ölkənin dağılmasının qarşısını alsın. O, qısa müddət ərzində döyüşqabiliyyətli ordu yaradacaq, tarixi neft kontraktlarını imzalayacaq, SSRİ-də ilk dəfə olaraq sözdə deyil, işdə torpağı xüsusi mülkiyyət elan edəcək və onu Azərbaycan kəndlisinə paylayacaqdır. Bu insanın sirri nədə idi? Niyə bütün ağlagələn və ağlagəlməz vəziyyətlərin əksinə olaraq o, eyni çaya iki dəfə girib, oradan qalib çıxa bilmişdi? Mənə elə gəlir ki, bunun açması böyük ingilis siyasətçisi Uinston Çörçilin sözlərindən ibarətdir. Çörçil bir dəfə demişdir: "Dəyişən vəziyyətə müqabil olmağın yeganə üsulu onunla birlikdə dəyişməkdir".