Tarix İnstitutu Avropada Azərbaycan həqiqətlərini yayır
10 Dekabr 2018 13:58 SosialPolşanın Varşava Universitetində Azərbaycanşünaslıq Mərkəzi fəaliyyətə başlayıb. Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutundan Olaylar.az-a verilən məlumata görə, mərkəzin rəhbəri institutun beynəlxalq əlaqələr şöbəsinin müdiri Nərgiz Axundovadır.
Mərkəzin yaradılması barədə müqaviləni Varşava Universitetinin rektoru Marçin Palıs, Azərbaycanın Polşadakı fövqəladə və səlahiyyətli səfiri Həsən Həsənov və Tarix İnstitutunun direktoru Yaqub Mahmudov imzalayıb.
Mərkəzin rəsmi açılış mərasimində akademik Yaqub Mahmudov və institutun əməkdaşları - elmi katib İradə Əliyeva, şöbə müdirləri Tofiq Mustafazadə və İradə Bağırova iştirak ediblər.
Tədbirdə Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişafa Yardım Agentliyinin direktor müavini Aliyə Ağazadə, Varşava Universitetinin şərqşünaslıq fakültəsinin dekanı Piotr Taraxa və Türkologiya və Orta Asiya xalqları kafedrasının rəhbəri Aqata Bareya çıxış edərək mərkəzə görə Tarix İnstitutuna təşəkkürlərini bildiriblər.
Varşava Universitetinin siyasi elmlər və beynəlxalq münasibətlər fakültəsində Tarix İnstitutunun şöbə müdiri, professor Tofiq Mustafazadənin "Tarixdə erməni məsələsi" kitabının təqdimatı keçirilib. Bu əsər alimin "Erməni məsələsi"ndən erməni terrorizminə" kitabının (2016) ingilis dilinə tərcüməsidir və Varşavada çap olunub. Nəşrin elmi redaktorları tarixçi alimlər Yaqub Mahmudov və İradə Məmmədovadır.
Tarix İnstitutunun nümayəndə heyəti Polşaya səfər çərçivəsində Poznan Universitetinin Tarix fakültəsinin rəhbərliyi və Şərqşünaslıq fakültəsinin professorları ilə görüş keçiriblər
Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov Tarix İnstitutunun əməkdaşlarını İqnaçı Paderevski və Əlimərdan bəy Topçubaşovun şəkilləri həkk olunmuş medallarla təltif edib.