Bozqır çöllərin yazıçısı - Elçin Hüseynbəyli

Elçin Hüseynbəyli

Elçin Hüseynbəyli

Bu günlərdə tanınmış qazax yazıçısı Sabit Dosanovun "Qurdlar ulayan gecə" romanının tərcüməsini Elxan Zalla birlikdə bitirdik. Romanın Almatıda və Bakıda təqdimatı nəzərdə tutulur. Təqdimat öncəsi tanıtım məqaləsini "Olaylar"ın oxucularına təqdim edirəm.

...Sabit Dosanov  qardaş qazax ədəbiyyatının ünlü simalarından biri, qazax (türk) adət-ənənəsini öz əsərlərində yaşadan önəmli yazıçı-dramaturqdur. O, Qazaxıstanın xalq yazıçısı, əməkdar elm xadimi, akademikdir.  Çoxsaylı ədəbi ödüllərə sahibdir. Onun son romanlarından sayılan və sizə təqdim olunan "Qurdlar ulayan gecə" həyatdan tez getmiş Daniyar adlı  istedadlı bir gəncin həyatı barədədir.

Mən Sabit Dosanovu  "bozqır çöllərin yazıçısı" adlandırıram.

Etiraf edim ki, bu romanı tərcümə edərkən, bəzi epizodları çıxmaq şərtilə göz yaşlarımı saxlaya bilmədim. Faciəvi şəkildə dünyasını dəyişən bir gəncin arzularından, hiss və həyacanından danışan roman adamı kövrəltməyə bilmir.

Romanı oxuduqca anladım ki, əsər avtobioqrafikdir, Sabit Dosanovun özünün başına gələnlərdir, böyük ailə faciəsidir. Mən heç kimə Daniyarın atası zavallı Yerasıl kimi, anası Aygül xanım kimi, nişanlısı Anjelika, bacısı Süyinişbikə xanım, eləcə də başqa doğmalarına belə aqibət arzulamıram. Amma bu faciə ustalıqla qələmə alınıb və adam həmin hiss-həyacanı, o insanlarla birgə yaşayır, sanki bu bədbəxt insanların ağrısına şərik olmaq istəyir. Bozqır müdrikləri demişkən, "Dərdi bölüşsən azalar, sevinci bölüşsən çoxalar!"

Roman maraqlı təhkiyə ilə yazılıb. Sanki Azərbaycan əsəri oxuyursan. Çünki adət və ənənələrimiz eynidir. Təbiət mənzərələri əsərin qəhrəmanları ilə harmoniyadadır.

Şeirləri ağılar üstündə qurulub və mərsiyə kimi oxunur.

Əsər öz cəsarəti ilə seçilir. Çünki obrazların dili ilə Qazaxıstan səhiyyəsindəki çatışmazlıqlar, təhsil sistemi, ümumən rüşvətxorluqla bağlı tənqidi məqamlar yetərincədir.

Atalar sözləri, müqəddəs kitablardan nümunələr onu daha da zənginləşdirir.

Müəllif yuxuya və yuxu yozumuna inanır. Onun əsərlərinin, demək olar ki, hamısında qəhrəmanın taleyini yuxular həll edir. Öncəgörümlər yuxular vasitəsilə gerçəkləşir. Və təbii ki, bu yuxuların çoxunu  yazıçı özü qurur, özü də yozur. Bununla da qəhrəmanın sonucunu müəyyən edir.

Ustad yazar hesab edir ki, taledən qaçmaq olmaz. Harda olursan ol, harda gizlənirsən gizlən taleyin öncədən Ulu Yaradan  tərəfindən müəyyənləşib.

S.Dosanov insanın başına gələnləri onun əməllərində axtarır. Görəsən nə günah işlətmişəm ki, Tanrı mənə bu əzabı verib? Əzab və sınaq onun nəzərində əkizdir.

İnanıram ki, bu əsəri oxuyanlar Daniyar adlı gəncin  taleyinə biganə qalmayacaqlar.

Allah hamıya ömür versin, ağrı-acılar sizdən uzaq olsun, dəyərli oxucular!

dekabr, 2018

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31