Biz hara gedirik?
Cəmiyyətimizdə mövcud olan bəzi problemlər insanların da həyatına təsirsiz ötüşmür. Xüsusilə şou, əyləncə və s. bu kimi halların daha çox ictimailəşdirilməsi insanları gündəmin əsas mövzularından uzaqlaşdırıb, onları daha çox qeyd etdiyimiz mövzulara hakim kəsir.
7 Dekabr 2018 13:39 SosialCəmiyyətimizdə mövcud olan bəzi problemlər insanların da həyatına təsirsiz ötüşmür. Xüsusilə şou, əyləncə və s. bu kimi halların daha çox ictimailəşdirilməsi insanları gündəmin əsas mövzularından uzaqlaşdırıb, onları daha çox qeyd etdiyimiz mövzulara hakim kəsir. Getdikcə artmaqda olan bu kimi mənfi hallar isə müəyyən narahatçılıq yaradır. İlahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənov da deyir ki, bu gün ictimaiyyətdə musiqiyə, mahnıya çox yüksək qiymət verilir. Onun sözlərinə görə, bu cür mahnılara, müğənnilərə verilən qiymətin ən çoxu elmə, alimlərə verilməlidir: "Nəyə görə televiziya kanallarında, radio dalğalarında yalnız müğənnilərə, musiqiçilərə, şoumenlərə söz verilir, onlar cəmiyyətin aparıcı qüvvəsi kimi təqdim olunur? Bizlər də oturub bu vəziyyətdə onlardan danışır və onların şəxsi və günahlarla dolu həyatlarından dəm vururuq. Amma elmə, elm əhlinə, alimlərə belə üstünlüklər verilmir. Sizcə bu vəziyyətdə bizlər və bizdən sonra gələcək nəsillər hara gedirik? Qərbə doğru, keçid dövrü, inteqrasiya deyə bilərsiniz, amma bütün bu sözlər yalnız özümüzü aldatmaqdır. Axı əxlaqdan, dindən, imandan, mənəviyyatdan uzaq bu insanları nəyə görə bu qədər şişirdirik? Nəyə görə onlardan yazırıq, onlardan danışırıq, onları bizə kim seçib ki, bizə dərs desinlər və ağalıq etsinlər. Onlar, cəmiyyətə, Azərbaycanın problemlərinə hansı töhfəni verirlər? Əksinə qadağan olunan günlərdə də öz ürəkbulandırıcı, çirkin hərəkətlərini davam etdirirlər". Əkrəm Həsənov deyir ki, Allahın verdiyi nemətləri gözü ilə gördüyü halda qəlb gözünü aça bilməyən üçün qadının soyunması normal haldır: "Ona görə normaldır ki, qadınların çılpaq olması qəlbində əyrilik olanlar, bəsirət gözü bağlı olanlar üçün sərf edir. Elə bu üzdən də qadınların soyumasından istifadə edən bəzi şorgöz kişilər papaqlarını sevindiklərindən o qədər uzağa atıblar ki, hələ də onu tapa bilmirlər. İnanın belə deyən qadın müğənninin də sözünü dəstəkləyən və belə sözün üstündə durub bu sözü müdafiə edənlər də az deyil. Bu müğənniləri mailiyyələşdirən, onlara sponsurluq edənlər, onlara kifayət qədər pul ayıran qeyrətli vətən oğulları da çoxdur. Azərbaycanda bir çox müğənnilərin sponsorunun olması yəqin ki, heç kim üçün də gizli deyil. Bəziləri məhz ifasını bəyəndiyindən, bəziləri də məhz simpatiyaları olduğundan müğənnilərə dəstək göstərirlər.Gəlin baxaq bu qadın müğənninin kim olmasına. Əvvəlcə bunlar haqqında Qurani Kərimə baxaq. Allah-Təala Qurani- Kərimdə buyurur ki, "İnsanlar içərisində eləsi də vardır ki, nadanlığı üzündən (tutduğu işin günahını anlamadan xalqı) Allah yolundan (İslam dinindən) döndərmək və bu minvalla onu məsxərəyə qoymaq üçün mənasız (oyun-oyuncaq) sözləri satın alarlar. Məhz belələrini alçaldıcı bir əzab gözləyir. Və ayələrimiz ona oxunduğu zaman onları eşitmirmiş, qulaqlarında ağırlıq (karlıq) varmış kimi təkəbbürlə arxasını çevirər. (Ya Rəsulum!) Sən də ona şiddətli bir əzabla (axirətdə cəhənnəm odunda yanacağı ilə) müjdə ver!" (Loğman surəsi, 6-7). Bu ayənin nazil olmasına səbəb məhz müğənnilər olmuşdur. Çünki Nadir bin Haris, yəni Harisin oğlu Nadir adlı müşriklərdən, din düşmənlərindən biri Məkkədə Allah Rəsulunun səlləllahu aleyhi və səlləmin gətirdiyi Allahdan olan ayələri, dini, islamı ələ salırdı. Özündən şer və mahnılar oxuyaraq Məhəmməd peyğəmbərin dəvətindən insanları yayındırmaq istəyirdi. Hətta buna görə bu insan bir çox yerlərə gedib müxtəlif şahların həyatına aid rəvayətlər öyrənmiş, Məkkədə insanlara danışaraq insanları islamdan uzaqlaşdırmağa cəhd etmişdi. Demək olar ki, bir çox insanları aldatmağa müvəffəq ola bilmişdi. Özü də yəhudi və xristianlarla otururb-durar və əlavə olaraq bir çox musiqi alətlərində çalmağı da öyrənərdi ki, insanları ələ ala bilsin. Bununla kifayətlənməyən bu din düşməni iki müğənni kölə qadın da satın almışdı. Çünki indi olduğu kimi o vaxt da bir çox insanlar şairlərə, aşiqlərə, musiqiçilərə meyl edərdilər. Bu insana da və onun pulnan aldığı qadın müğənnilərə də meyl edənlər və bunlara görə küllü miqdarda pul verənlər var idi".
İlahiyyatçı deyib ki, bu günkü bir çox dindən uzaq səfeh müğənnilər kimi Harisin oğlu Nadir də insanları boş-boş sözlərlə aldadaraq, onlardan xeyli miqdarda gəlir əldə edirdi. O pulnan satın aldığı müğənnilərə sərxoş edici içki içizdirib deyirdi ki, insanları ələ alın, onlara içki içizdirin. Bu əlbəttə şeytanın yoludur. Şeytanın yolu ilə gedənlərin qarşısına ancaq zərər və ziyan çıxa bilər. Məhz bu səbəbdən də bu gün soyunan və soyunmaqda heç bir problem görməyən müğənnilərin etdikləri bizi təəccübləndirmir. Ona görə ki, onlar Allahın düzgün yolu ilə getmirlər. Onlar öz nəfslərinin və Allahın düşməni olan şeytanın yolu ilə getdikləri üçün həmin yol onlara şeytan tərəfindən gözəl göstərilmişdir. Halbuki açıq -aşkar Quran ayəsindən də görürük ki, bu yol onları cəhənnəmə aparan iyrənc bir yoldur. Bütün bunlara baxmayaraq insanlar içərisində elələri vardır ki, onlar tutduqları əməllərin yalnış olduğunu dərk edib özlərini düzəldə, islah edə bilirlər. Bütün günahlara görə tövbə edib Allaha tərəf addım ata bilirlər. Belə olduqda, soyunmaqda heç bir qəbahət görməyən müğənnilər bunun böyük günah olduğunu dərk edib, dedikləri sözə görə peşmançılıq çəksələr, Allaha tövbə etsələr ola bilsin ki, Allah təala onları bağışlayar".
Süleyman