Kasıb və səmimi Kişinyov... -
Elçin Hüseynbəyli Mən, yəqin elə yaşıdlarım da Moldova haqqında kitablardan, televiziyadan xəbər tutsa da, yadımızda qalan məşhur mahnının sözləridi: “moldovanki, smuqlyanki sobirali vinoqrad”. Məhz, elə bu misralardan aydın olurdu ki, Moldova dünyada yetişdirilən ən gözəl üzümlərin və çaxırın vətənidir...
4 Dekabr 2018 13:50 SosialElçin Hüseynbəyli
Mən, yəqin elə yaşıdlarım da Moldova haqqında kitablardan, televiziyadan xəbər tutsa da, yadımızda qalan məşhur mahnının sözləridi: "moldovanki, smuqlyanki sobirali vinoqrad". Məhz, elə bu misralardan aydın olurdu ki, Moldova dünyada yetişdirilən ən gözəl üzümlərin və çaxırın vətənidir...
Moldovanın paytaxtı Kişinyovda ilk dəfədir ki, olurdum. Öncədən də məlumat verdiyim kimi, mən Kişinyovda keçirilən Birinci Beynəlxalq Proza Festilaında Azərbaycanı təmsil edirdim. Səfər noyabrın 28-dən başladı və dekabrın 2-nə qədər davam elədi. Tədbirə qələm dostum, AYB Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərləzinin sədri Səlim Babbullaoğlunun tədimatı əsasında qatılmşdım. Həm də mənim "Qocanın axdığı gün" hekayəm, yazıçı, Festivalın direktoru Nikolaye Spetarunun tərcüməsində "Kvadrat" jurnalında yer almışdı. Tədbir çərçivəsində onun da təqdimatı oldu
Festival iştirakçıları Avropanın müxtəlif ölkələrindən gəlmişdilər.
Nəsə.
Bu qısa məlumatı bilməyənlər üçün təkrarladım. İndi isə keçək Kişinyov təəəssüratlarıma. Bəri başdan deyim ki, bu şəhərdə məni darıxmağa qoymadılar: həm Nikola Spetaru, həm də Kişinyovda yaşayan yaxın qohumum Yamil bəy.
İstanbuldan uçan təyyarəmiz iki saat gecikdiyinə görə məni hava limanında gözləyənlərin halına acıyırdım. Ona görə də çox narahat idim. Ancaq şəhərə çıxandan sonra bütün həyacanlarım arxada qaldı. Sağ olsun dostlar. Təyyarənin gecikməsinə görə narahtlıqlarını üzə vurmadılar, əksinə məni gördüklərinə şad olduqlarını dedilər. Bu xoş sözlərin üstünə şəhərə həzin-həzin yağan qarı da gəlsəm, mənzərə daha da aydınlaşar. Qarı sevdiyimə görə ovqatım xeyli düzəldi.
Gec olduğuna görə mehmanxanaya getdim, Yamil bəylə bir az dərdləşib, yüngül şam edəndən sonra yatdım.
Səhərisi günü tədbirimiz Kişinyov Bələdiyyə Kitabxanasında başladı. İştirakçılar hamısı öz ölkələrindəki ədəbiyyatın durumundan danışdılar, keçmişə ekskurs elədilər və təbii ki, perspektivləri də müzakirə etdilər. Məlum oldu ki, postsovet ölkələrinin hamısında, vəziyyət, demək olar ki, eynidir. Jurnallar az tirajla çıxır, bizim öyrəşdiyimiz ədəbiyyat nümunələrinə maraq azdır. Əhali yüngül oxunan, sarı ədəbiyyata üstünlük verir. Bir sözlə adamlar düşünmək istəmir və onlara Dostoyevski, Tolstoy, Akutaqava, Çingiz Aytmatov, Bulqakov kimi düşündürücü nəhənglər elə də maraqlı deyil. Təbii ki, söhbət söz sərraflarından getmir, çünki onlar sarı ədəbiyyata biganədirlər. O da məlum oldu ki, Rusiya kimi ölkədə ədəbiyyat jurnalları iki min tirajdan o tərəfə gedib çıxmır.
Səhərisi günü Kişinyov Dövlət Universitetinin filologiya və xarici dillər fakulətsinin yerləşdiyi korpusda olduq. Məni ən çox təəccübləndirən yüzlərlə yaraşıqlı tələbə qızın arasında yalnız 5-6 gənc oğlanın olmasıydı. Yəni Moldovada insanlar nəyin bahasına olur-olsun övladlarını oxutmurlar. Çünki seçim daha çox uşaqların öz üzərinə düşür.
Burasını da deyim ki, Kişinyov yığcam şəhərdir, doqquz yüz minə yaxın əhalisi var. Çox böyük sərvəti olmadığına görə əhalisi də kasıbdır, amma bu kasıblığı moldovanların (əslində rumınların) səmimiyyəti ört-basdır edir. Yəni onların arasında adam özünü çox sərbəst hiss edir. "Kasıbın olanından..." deyimi onların boyuna biçiılib.
Səfər zamanı Kişinyovun gəzməli-görməli yerlərilə tanış olduq. Kafedral sobor, çoxkümbəzli kilsə, filosoflar parkı və s. Buna oxşar park bizim Qazax rayonunda da var. Fərq ondadır ki, Qazaxda sağ olanlara da heykəl qoyulub.
Qaqauziyanın canlı klassiki, şair, yazıçı, araşdırmaçı Todur Zanetlə böyük Azərbaycan mütəfəkkiri, şairi Nizami Gəncəvinin büstünü ziyarət elədik. Bu abidə şəhərin yüksək nöqtələrindən birində yerləşir.
Kişinyovun özəlliyi burada ən iri çaxır zirzəmilərinin yerləşməsidir. Bu üç zirzəmi dünyada birincidir və anoloqları yoxdur. Ora düşmək üçün təxminən on gün qabaq sifariş eləməlisən. Amma bizim o qədər vaxtımız olmadığına görə, Yamil bəy turist firmalarının birinin köməyi ilə məni zirzəmilərn ən uzunu olan "Mileşti Miçi"yə ("Süd yolu") dəvət elədi. Uzunluğu iki yüz kilometr olan zirzəminin yalnız 55 kilometri çaxırla doldurulub. Ən qədim çaxır 1973-cü ilə aiddir və qiymətləri çox bahadır. Moldovanın əsas sərvəti üzümçülük olduğuna görə ən böyük çaxır zavodu da dövlətin əlindədir. Burada başqa dövlətlərin də öz guşəsi var və həmin guşələrin biri də Azərbaycana aiddir, yəni Azərbaycanın çaxır növlərindən ibarətdir.
Səfər zamanı bir neçə çaxır növünü həzmi-rabedən keçirdik və Moldovanın (Bessarabiyanın) milli xörəyi olan "mamalıqa"dan da daddıq...
Yadda qalan hadisələrdən biri də Rumıniya və Moldovanın birləşməsinin 100 ililyi şərəfinə keçirilən ziyafət oldu. Rumın-Moldova musiqisinin sədaları altında həmkarlarla söhbət eləmək, şənlənmək bir ayrı zövqdür.
Nəsə, dostlar. Bu yığcam qeydlərimi sizin üçan yazdım. Yol uzaq olsa da, imkan düşsə, Kişinyov səyahətini əldən buraxmayın.
Hə, daha bir zəruri qeyd. Mənim səfərimin gerçəkləşməsində Moldovadakı Azərbaycan Diasporunun da böyük əməyi var. Onlara da öz təşəkkürümü çatdırmağı borc bilirəm.
Dekabrın əvvəli, 2018