Bakıda Fiziki məhdudiyyətli şəxslərin X Ümumrespublika Yaradıcılıq Sərgi – Yarmarkası keçirilir
250 nəfərdən çox şəxsin 1500-dən çox əl işinin nümayiş olunduğu tədbirə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva da qatılıb
4 Dekabr 2018 13:37 Sosial250 nəfərdən çox şəxsin 1500-dən çox əl işinin nümayiş olunduğu tədbirə
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva da qatılıb
Beynəlxalq Əlilliyi olan şəxslər günü ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə Bakı şəhərində (İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu, Qoşa qala qapısı tərəfdən girişdə) fiziki məhdudiyyətli şəxslərin X Ümumrespublika Yaradıcılıq Sərgi - Yarmarkası öz işinə başlayıb.
Üç gün davam edəcək tədbirdə ölkəmizin müxtəlif bölgələrindən 250 nəfərdən çox fiziki məhdudiyyətli şəxsin hörmə, rəsm, toxuma, xalçaçılıq, dulusçuluq-keramika məmulatları, ağac üzərində oyma, müxtəlif incəsənət və məişət nümunələri, bədii tikmələr və s. ibarət 1500-dən çox əl işi nümayiş olunur. Tədbirdə eyni zamanda əl işlərinin satışı təşkil olunub. Bu da əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların yaradıcı əməyinin maddi baxımdan stimullaşdırılması məqsədi daşıyır.
Əmək və əhalinin sosial müdafiəsi naziri S.Babayev əlillliyi olan insanların istedad və bacarıqlarının cəmiyyətə tanıdılması və dəstəklənməsi, onların yaradıcılıq potensiallarına ictmaiyyətin diqqətinin artırılması məqsədilə təşkil olunan belə tədbirlərə hələ 1990-cı illərdə ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü və xeyir-duası ilə başlandığını vurğulayıb.
Sonra xüsusi bacarıqları ilə fərqlənən iştirakçıların mükafatlandırılması olub. Əl işlərinin qiymətləndirilməsi üzrə münsiflər heyətinin sədri, xalçaçı-rəssam, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının kafedra müdiri Məmmədhüseyn Hüseynov müvafiq nominasiyalar üzrə yer tutan iştirakçıları qeyd edib. Qaliblərə mükafatlar təqdim olunub.
Fiziki məhdudiyyətli şəxslərin X Ümumrespublika Yaradıcılıq Sərgi-Yarmarkasına gələn Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva əl işləri ilə tanış olub, onların müəllifləri olan əlilliyi olan şəxslərlə və sağlamlıq imkanları məhdud uşaqlarla görüşüb. L.Əliyeva onlarla söhbət edərək, öz xoş arzularını ifadə edib, bacarıqlarını daim inkişaf etdirərək gələcəkdə də yeni-yeni əl işləri yaratmaqda davam edəcəklərinə əminliyini bildirib.