“İƏT Modeli - 2018” proqramının bağlanış mərasimi keçirilib
30 Noyabr 2018 12:55 Sosialİslam Əməkdaşlığı Təşkilatı (İƏT) Gənclər Forumunun təşəbbüsü, Gənclər və İdman Nazirliyi və Bakı Dövlət Universitetinin tərəfdaşlığı ilə artıq səkkizinci ildir ki, davam edən "İƏT Model - Beynəlxalq Münasibətlər Akademiyası" proqramı çərçivəsində "İƏT Modeli - Azərbaycan" adlı milli mərhələnin 2018-ci il üzrə təntənəli bağlanış və qaliblərin mükafatlandırma mərasimi həyata keçirilib. "OLAYLAR"-a daxil olan məlumata görə, tədbirdə İƏT-ə üzv ölkələrin Azərbaycanda təmsil olunan səfirləri, diplomatik nümayəndələr, dövlət qurumları rəhbərləri və nümayəndələri, ali təhsil müəssisələri rəhbərliyi, ictimai xadimlər, həmçinin bu ilki proqramın məzunları olan 100-dən çox gənc iştirak ediblər. "İƏT Modeli - Beynəlxalq Münasibətlər Akademiyası" proqramının Azərbaycandakı gedişat və nəticələrini əks etdirən videoçarx nümayiş olunmuş, daha sonra çıxış edən İƏT Gənclər Forumu Avrasiya üzrə Regional Mərkəzinin direktoru Elçin Əsgərov layihənin məqsəd və vəzifələri, uğurları, beynəlxalq səviyyədə qazanılan əlaqaləri, bu proqramda Azərbaycanın mühüm rolu, 40-a yaxın ölkədə paralel keçirilən bu layihənin ilk təşəbbsünün də məhz Azərbaycandan başlaması haqqında danışıb. Bildirib ki, keçən 8 il ərzində İƏT ölkələrində layihə çərçivəsində keçirilən təlim və tədbirlərdə 23 min tələbə iştirak edib, bunların minə yaxını və ən aktivləri məhz Azərbaycan gəncləri olub.
Tədbirdə digər təşkilatçılar adından Gənclər və İdman Nazirinin müavii Fərhad Hacıyev, İlahiyyat Universitetiin prorektoru Aqil Şirinov, Diasporla İş üzrə Dövlət Komitəsi aparat rəhbəri Daşqın Rəcəbli toplantı iştirakçılarını təbrik edərək, artıq 8 ildir tərəfdaş olduqları bu layihənin gənclərin beynəlxalq əməkdaşlığına mühüm töhfə verdiyini, gənclər vasitəsi ilə Azərbaycanın daha çox tanıdılmasına xidmət etdiyinə inandıqlarını bildirib.
Mərasimin sonunda proqramda xüsusi istedad və bacarığı, "İƏT XİN Sammiti"ndə fəallığı ilə seçilən gənclər səfirlərin, diplomatların, dövlət qurumları nümayəndələrinin iştirakı ilə qiymətli hədiyyələr və diplomlarla təltif oluub və onlardan ən yaxşıları 2019-cu ilin avqustunda Kazan şəhərində keçiriləcək "İƏT Model - Qlobal Sammit"ində iştirak etmək hüququ əldə ediblər.