Piyada ölümü halları niyə artır?

Məsuliyyətsiz piyadalar yol-hərəkət qaydalarına riayət etmirlər

Azərbaycanda piyadaların piyada keçidi olmayan ərazilərdən avtomobil yollarını keçməsi hallarının qarşısı alınmadığı üçün yollarda piyada vurulma hadisələri artır. Ekspertlərr hesab edirlər ki, piyada ölümünün qarşısının alınması məqsədilə onların məsuliyyətinin artırılması ilə bağlı təbliğat tədbirlərinin gücləndirməsinə ehtiyac var. Qeyd edək ki, ölkədə yol-nəqliyyat hadisələrinin sayının azaldılması məqsədilə həyata keçirilən tədbirlər davam etdirilməkdədir. Xüsusən, ölüm hallarının qarşısının alınması üçün qanunvericiliyin təkmilləşdirilməsilə yanaşı, əməli praktiki işlər də reallaşdırılıb. Paytaxt Bakının küçələrində xeyli sayda yeraltı və yerüstü keçidlər inşaa edilib, insan həyatı üçün təhlükəli hesab olunan ərazilərdə işıqforlar quraşdırılıb, piyada zolaqları çəkilib. Hətta paytaxtın bir sıra mərkəzi küçələrində səslə  xəbərdarlıq edən işıqforlar fəaliyyət göstərir. Məsələ orasındadır ki, əksər insanlar yol-hərəkət qaydalarına düzgün riayət etmədiklərindən ölüm hallarının sayı artmaqda davam edir. Baş Dövlət Yol Polis İdarəsindən verilən məlumata görə, yol-nəqliyyat hadisələrinin profilaktikası sahəsində həyata keçirilmiş tədbirlərin respublika üzrə bütövlükdə hadisələrin və onların ağırlıq dərəcəsinin artımının qarşısının alınmasına, eləcə də qəza nəticəsində ölən və yaralananların sayının azalmasına müsbət təsiri olmuşdur. Belə ki, 2018-ci ilin yanvar-sentyabr aylarında ölkənin avtomobil yollarında 1284 və ya 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,7 faiz az yol-nəqliyyat hadisəsi baş verib ki, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 2,4 faiz azalaraq 1771 nəfər olub. Onlardan 527-si həlak olub, 1244-ü isə yaralanıb. Hadisələrin 40,4 faizi gündüz, 40,0 faizi gecə, 19,6 faizi isə toran vaxtı baş verib, 29,3 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib. Maraqlı faktlardan biri ondan ibarətdir ki, yol-nəqliyyat hadisələrinin 89,5 faizi yaşayış məntəqələrində baş verib. Bu hadisələr nəticəsində həlak olanların sayı ötən ilin müvafiq dövrünə nisbətən 9,7 faiz artaraq 407 nəfər, yaralananların sayı isə 0,8 faiz azalaraq 1172 nəfər olub. Rəsmi dövlət qurumunun açıqlamasından bəlli olur ki, insanların avtoqəzalara səbəb ola biləcək hərəkətlərindən çəkindərmək üçün aparılan maarifləndirmə işi yetərli deyil. Azərbaycanda baş verən yol-nəqliyyat hadisələri zamanı, xüsusən də piyadaların vurulması ilə nəticələnən qəzalarda əksər hallarda sürücülər günahkar hesab edilir. Bu, ölkədə baş verən yol qəzalarının rəsmi statistikasında da görünür. Rəsmi statistikaya görə, ölkənin avtomobil yollarında piyadaların vurulması ilə nəticələnən yol qəzalarının 98 faizində sürücü günahkar hesab edilir. Hətta piyada keçidi olmayan ərazilərdə belə piyadalar vurulursa, bu halda piyadalar deyil, sürücülər daha çox məsuliyyət daşıyırlar. Artıq neçə illərdir ki, Daxili İşlər Nazirliyinin Respublika Dövlət Yol Polisi İdarəsi tərəfindən avtomobil yollarında piyada zolağı olmayan ərazilərdən keçən piyadalar cərimələnir. Bu proses Bakı şəhərində daha ciddi şəkildə həyata keçirilir. Amma buna baxmayaraq piyadalar yenə də piyada zolağı olmayan yerlərdə yolu keçməklə özlərinin və digərlərinin həyatını təhlükəyə atırlar. Bakıda əhalinin sıx olduğu ərazilərdə yeraltı və yerüstü keçidlər olsa da, piyadalar həmin keçidlərdən istifadə etmədən yolun hərəkət zolağından keçməyə cəhd edirlər. Nəticədə ay ərzində onlarla piyada yol qəzalarının qurbanı olur, həyatını itirir və ya müxtəlif dərəcəli bədən xasarətləri alır. Əksər hallarda da bu cür baş verən yol qəzalarında piyada deyil, sürücü günahkar hesab edilir.

Maraqlıdır, bəs piyadalar hərəkət zamanı hansı qaydalara riayət etməlidirlər? BDYP-dan verilən məlumata görə, piyadalar səki ilə, piyada zolağı ilə, yol çiyinləri ilə, bunlar olmadıqda isə velosipedçilərin hərəkətini çətinləşdirməmək şərti ilə velosiped yolu ilə hərəkət etməli və ya ayırıcı zolağı olan yollarda hərəkət hissəsinin xarici kənarı ilə getməlidir. İri əşyalar daşıyan və ya aparan piyadaların, habelə mühərriksiz əlil arabalarında gedən şəxslərin səki və ya yol qırağı ilə hərəkəti başqa piyadalar üçün maneə yaratdıqda, onlar yolun hərəkət hissəsinin kənarı ilə gedə bilərlər. Piyadalar dəmiryolunu, avtomobil yolunun hərəkət hissəsini, küçələri piyada keçidləri ilə, o cümlədən yeraltı və yerüstü keçidlərlə, bunlar olmadıqda isə yolayrıclarında səki xətti və ya yol çiyni xətləri boyunca keçməlidir. Yaşayış məntəqələrindən kənarda yolun hərəkət hissəsi ilə hərəkət etdikdə nəqliyyat vasitələrinin hərəkəti istiqamətinə qarşı getməlidir. Ümumi istifadədə olan nəqliyyat vasitəsini və taksini, yalnız yolun hərəkət hissəsindəki nisbətən azca hündürə qaldırılmış minik meydançalarında, onlar olmadıqda isə, səkidə və ya yol çiyinlərində gözləməlidir.  Yadda saxlamaq lazımdır ki, nəqliyyat vasitəsinə minmək üçün yolun hərəkət hissəsinə yalnız nəqliyyat vasitəsi dayandıqdan sonra çıxmağa icazə verilir. Nəqliyyat vasitəsindən düşdükdən sonra ləngimədən yolun hərəkət hissəsini tərk etmək lazımdır. Bundan başqa, hərəkətin nizamlandığı yerlərdə nizamlayıcının və ya piyada işıqforunun, o olmadıqda isə, nəqliyyat işıqforunun işarəsini əsas tutmalıdır.Yolun hərəkət hissəsində zərurət olmadan ləngiməməli və dayanmamalıdır. Piyada qırmızı və ya göy sayrışan işıq və xüsusi səs siqnalı qoşulmuş nəqliyyat vasitəsi yaxınlaşdıqda, yolun hərəkət hissəsini keçməməlidir. Dayanmış nəqliyyat vasitəsinin və ya görmə sahəsini məhdudlaşdıran başqa maneənin arxasından yolun hərəkət hissəsinə çıxmazdan əvvəl yaxınlaşan nəqliyyat vasitəsinin olmadığını yəqin etməlidir.  Görünmə zonasında keçid və ya yolayrıcı olmadıqda, ayırıcı zolaq olmayan və sədd çəkilməyən, hər iki tərəfdən yaxşı görünən sahələrdə hərəkət hissəsinin kənarına nisbətən yolu düzbucaq altında keçməlidir. Gücə saatlarında piyadaların hərəkətinə gəldikdə bildirilib ki, sutkanın qaranlıq vaxtı yolun işıqlanmayan hissələrində yalnız görünüş dairəsində nəqliyyat vasitəsi olmadıqda keçməlidir. Piyada, nizamlanmayan piyada keçidlərində yolun hərəkət hissəsinə yalnız yaxınlaşmaqda olan nəqliyyat vasitələrinədək məsafəni, onların sürchr("39")ətini qiymətləndirdikdən və yolu keçməyin onlar üçün təhlükəsiz olacağını yəqin etdikdən sonra çıxa bilər. Keçidi başa çatdıra bilməmiş piyadalar nəqliyyat vasitələrinin əks istiqamətli hərəkətlərini ayıran xəttin üstündə dayanıb gözləməlidirlər. Piyadalar yalnız hərəkətin təhlükəsizliyinə əmin olduqdan sonra və işıqoforun siqnalını nəzərə almaqla yolu keçməyə davam edə bilərlər. Xatırladaq ki, paytaxtda ən çox müşahidə olunan qayda pozuntusu keçid zolaqları ilə bağlıdır. Piyadalar belə ərazilərdə hərəkət zamanı ya işıqforu gözləmir, ya tək, ya da kütləvi halda keçidə üstünlük verirlər. Rəsmi qurumun məlumatında isə bildirilir ki, mütəşəkkil piyada dəstələrinə yalnız nəqliyyat vasitələrinin hərəkəti istiqamətində, yolun hərəkət hissəsinin sag tərəfi ilə, bir sırada dörd nəfərdən çox olmayan dəstə ilə getməyə icazə verilir. Dəstənin qabağında və arxasında - sol tərəfdə müşayiətçilər olmalıdırlar, onlar əllərində qırmızı bayraqcıqlar, sutkanın qaranlıq vaxtında və məhdudiyyətli görünmə şəraitində isə, yandırılmış fənərlər: qabaqda - ağ, arxada - qırmızı işıq fənəri tutmalıdırlar. Uşaqları dəstə halında yalnız sutkanın işıqlı vaxtı və böyüklərin müşayiəti ilə ancaq səki ilə, piyada yolu ilə, bunlar olmadıqda isə yol çiyini ilə aparmağa icazə verilir.

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31