Bölgələrdə ana dilinin saflığının qorunması ilə bağlı tədbirlər keçirilir
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı və yerli Azərbaycan dili müəllimlərinin iştirakı ilə 3 rayonda “Dilimiz sərvətimizdir” layihəsi çərçivəsində “Azərbaycan dilinin qorunmasında dövlət siyasəti” mövzusunda tədbirlər keçirilib.
29 Noyabr 2018 14:02 SosialAzərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı və yerli Azərbaycan dili müəllimlərinin iştirakı ilə 3 rayonda "Dilimiz sərvətimizdir" layihəsi çərçivəsində "Azərbaycan dilinin qorunmasında dövlət siyasəti" mövzusunda tədbirlər keçirilib.
Olaylar.az bildirir ki, Yeni Azərbaycan Partiyası Biləsuvar Rayon Təşkilatının inzibati binasında reallaşan tədbiri İcra Hakimiyyəti başçısının müavini Ləman Yüzbaşova açaraq, maarifləndirici layihələrin əhalinin intellektual səviyyəsinin yüksəlməsinə müsbət təsir göstərdiyini və belə görüşlərin təşkilində yaxından iştirak etməyə hazır olduqlarını bildirib.
Fondun məsləhətçisi Abbas Əliyev dövlət dilindən düzgün istifadə qaydalarının dərindən mənimsənilməsi məqsədi ilə Bilik Fondunun icra etdiyi layihələr haqqında məlumat verib. Fondun yerli nümayəndəsi Qənbərəli Bağırov bölgələrdə təbliğatına ehtiyac duyulan mövzular barədə fikirlər səsləndirib.
Tədbirdə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu Monitorinq şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru, dosent Sevinc Əliyeva "Azərbaycan dilinin tədrisi dövlət dilinin qorunmasında xüsusi mərhələ kimi" mövzusunda mühazirə ilə çıxış edib.
Neftçala Rayon Heydər Əliyev Mərkəzində baş tutan tədbiri Fondun yerli nümayəndəsi, YAP Gənclər Birliyinin sədri Ülvi Fərzəliyeva açaraq, mövzunun aktuallığına diqqət çəkib və müəllimləri müzakirələrdə fəal iştiraka səsləyib.
Çıxışlarda doğma dilin saflığının qorunmasında medianın rolu vurğulanıb. Salyan rayon Tarix-Diyarşünaslıq Muzeyində təşkil olunan görüş Təhsil şöbəsinin müdir müavini Kübra Quliyevanın moderatorluğu ilə keçirilib.