Azərbaycan müəllimlərinin XV qurultayı keçirilib

Noyabrın 28-də Bakı Konqres Mərkəzində Azərbaycan müəllimlərinin XV qurultayı keçirilib. Qurultayda son 5 ildə təhsil sahəsində keçirilən islahatlar, “Təhsilin inkişafı üzrə Dövlət Strategiyasın”da müəyyənləşmiş hədəflər barədə məlumat verilib.

Noyabrın 28-də Bakı Konqres Mərkəzində Azərbaycan müəllimlərinin XV qurultayı keçirilib. Qurultayda son 5 ildə təhsil sahəsində keçirilən islahatlar, "Təhsilin inkişafı üzrə Dövlət Strategiyasın"da müəyyənləşmiş hədəflər barədə məlumat verilib.

Olaylar.az xəbər verir ki, qurultayda Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Milli Məclisin vitse-spikeri Bahar Muradova, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, Baş nazirin müavini Əli Əhmədov, Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, millət vəkilləri, tanınmış ziyalılar, media qurumlarının rəhbərləri iştirak edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qurultay iştirakçılarına təbrik məktubunu Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva oxuyub.

Təhsil naziri Ceyhun Bayramov hesabat məruzəsi ilə çıxış edib. O bildirib ki, əsasını ümummilli lider Heydər Əliyevin qoyduğu təhsil islahatları bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Nazir qeyd edib ki, "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın qəbulundan ötən 5 il ərzində ölkəmizdə təhsil sahəsində müsbət dinamika müşahidə olunub, bir sıra əsaslı nailiyyətlər əldə edilib. Cari il üçün "Qlobal Rəqabətlilik Hesabatı"nda Azərbaycan 140 ölkə arasında 69-cu yerdə qərarlaşıb, ölkəmizin mövqeyi 12 indikatordan 9-u üzrə yaxşılaşıb. Həmçinin təhsil indikatorları üzrə ciddi irəliləyişə nail olunub, Azərbaycanın göstəriciləri dünyanın bir sıra inkişaf etmiş ölkələrinin göstəricilərindən də yüksək olub. Belə ki, təhsilin kəmiyyət və keyfiyyət parametrlərinə əsaslanan bacarıqlar indeksi üzrə ölkəmiz ümumilikdə 54-cü yerə, bu kateqoriyanın tərkib hissəsi olan rəqəmsal bacarıqlar üzrə 15-ci, tədrisdə tənqidi düşüncə üzrə 27-ci, bacarıqlı işçilər tapmaq asanlığı üzrə 31-ci, məzunların bacarıqları üzrə 32-ci, ibtidai təhsildə müəllim-şagird nisbəti üzrə 48-ci yerə yüksəlib.

Həyata keçirilən islahatlar nəticəsində ölkədə müəllim peşəsinin nüfuzunun daha da artdığını deyən nazir ötən illər ərzində müəllimlik üzrə müraciət edənlərin sayında 3 dəfəyə yaxın artım qeydə alındığını diqqətə çatdırdı. Son 5 ildə 18 min 136 müəllim işə qəbul olunub, kənd məktəblərində fəaliyyətə başlamış 11 min 600 nəfərə həvəsləndirmə tədbirləri tətbiq edilib.

C. Bayramov vurğulayıb ki, qəbul imtahanlarında 500 və daha artıq bal toplayan məzunlar arasında müəllim ixtisasını seçənlərin sayı 2090 nəfərə çatıb, bu isə 2014-cü illə müqayisədə 2,3 dəfə artım deməkdir. Ümumi təhsil sistemində çalışan 142 mindən çox müəllimin diaqnostik qiymətləndirilməsi başa çatdırılıb, onların həftəlik dərs yükü 1,5 dəfə, vəzifə maaşı 2 dəfə artırılıb.

Nazir qeyd edib ki, son 5 ildə ölkədə 500-dən çox, 2003-2018-ci illər ərzində isə 3500-dək məktəb binası tikilib və ya əsaslı təmir olunub. Bunun nəticəsində 1 milyondan çox şagirdin təlim şəraiti əhəmiyyətli şəkildə yaxşılaşıb.

O vurğulayıb ki, son illərdə məktəbəhazırlılığın əhatəliliyi səviyyəsi əsaslı şəkildə artıb. Tədris ilində 2140 sinifdə 47 930 şagird təmayüllər üzrə təhsilə cəlb edilib ki, bu da 10-11-ci sinifləri üzrə təhsil alanların 28 faizini təşkil edib. İlkin təhlillər göstərir ki, təmayüllü məktəblərini bitirən şagirdlər ali məktəblərə qəbulda daha yüksək nəticə göstərirlər.

Tədbirdə Baş nazirin müavini Əli Əhmədov, Milli Məclis sədrinin müavini Bahar Muradova, Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə və başqaları çıxış edib. Onlar bildirib ki, XV qurultay ölkəmizdə təhsil sisteminin inkişafına mühüm töhfələr verəcək.

Çıxışlarda Azərbaycan təhsilinin dünya təhsil sisteminə inteqrasiyası, müəllim nüfuzunun daha da artırılması ilə bağlı təkliflər irəli sürülüb.

Daha sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə "Əməkdar müəllim" fəxri adına layiq görülmüş və "Tərəqqi" medalı ilə təltif olunmuş 100-dən artıq təhsil işçisinə mükafatlar təqdim edilib.

Qurultay öz işini panel müzakirələrlə davam etdirib. Sonda qurultayın qətnaməsi qəbul olunub.

Qurultayda ümumi təhsil, orta ixtisas və peşə təhsili müəssisələrindən 1400-ə yaxın ali təhsil müəssisələrindən isə 200-dən artıq nümayəndə iştirak edib.

Qeyd edək ki, Azərbaycan müəllimlərinin qurultayı ənənəvi olaraq 5 ildən bir keçirilir. Müstəqillik dövründə Azərbaycan müəllimlərinin 4 qurultayı keçirilib. Bu il keçirilən qurultay müstəqillik dövründə 5- ci qurultaydır.

Nigar Orucova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31