Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması
Gender mədəniyyəti dünyagörüşün, davranışın, əxlaqın, mental düşüncənin dəyişməsidir. Gender mədəniyyəti o zaman zəruriyyətə çevrilir ki, gender biliklərini məqsədyönlü və sistematik olaraq, milliliyi qorumaqla, insanlara aşılamaq lazım gəlir. “Gender” müasir dövrümüzdə ən çox işlənən termin olmaqla yanaşı, cəmiyyətdə kişi və qadın münasibətlərinin inkişafında yeni bir baxış tərzidir.
28 Noyabr 2018 17:44 SosialGender mədəniyyəti dünyagörüşün, davranışın, əxlaqın, mental düşüncənin dəyişməsidir. Gender mədəniyyəti o zaman zəruriyyətə çevrilir ki, gender biliklərini məqsədyönlü və sistematik olaraq, milliliyi qorumaqla, insanlara aşılamaq lazım gəlir.
Yüz əlli-iki yüz il öncə qadının cəmiyyətdə və ailədə yeri elə məhz "ailə" çərçivəsində məhdudlaşdırılırdı. Qadının bütün fəaliyyəti başlıca olaraq evin qayğısına qalmaq və ərinə xidmət etməklə bağlı idi. Adət-ənənələr gözəldi, onları qoruyub saxlamaq da gözəldi, lakin bəzən geridə qalmış adətlər, normal şüurun dərk edə bilməyəcək dərəcədə uydurulmuş xurafatlar, inanclar və qadının ikinci dərəcəli kimi qəbul edilməsi, təəssüf ki, onun uzun illər cəmiyyətdə özünü zərif cinsin nümayəndəsi kimi təsdiq edə bilməsinə mane olub. Amma islamda kişi və qadın bərabərdir.Bu bir daha təsdiq edir ki, qadınların cəmiyyətə inteqrasiyasına mane olan və günahkar heç də din deyil, mental düşüncələrdən yaranmış çərçivələr və qadağalardır.
Tarix boyu cəmiyyətdə formalaşmış kişi-qadın münasibətlərindəki bərabərsizlik, qanun, norma və hüquqi prinsiplər əsasında qurulmasını tələb edən gender münasibətlərinə zəmin yaradıb.
XX əsrin əvvəllərində cəhalət və nadanlıq içərisində çabalayan cəmiyyətin tədricən bu bataqlıqdan çıxması və inkişaf prosesinə keçid başladı. Bu zaman "qadın problemi" kənarda qala bilməzdi. Məhz bu inkişaf qadınların cəmiyyətdə bir fərd kimi formalaşmasına böyük təkan verdi. O dövrün ziyalıları, aydın fikirli insanları qadınları təkcə ev adamı olmaqdan xilas etmək üçün yollar axtarırdılar. Təsadüfi deyil ki, 1908-ci ildə Azərbaycanda ilk qadın xeyriyyə cəmiyyətinin yaradıcısı Həsən bəy Zərdabinin həyat yoldaşı Hənifə Məlikova olub. Həmidə Məmədquluzadə beynəlxalq konfransda çıxış etmiş ilk Azərbaycan qadını idi, oğlanların və qızların birlikdə təhsil aldığı ilk məktəbin əsasının qoydu və s.
1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin qəbul etdiyi İstiqlal Bəyannaməsi bərabərhüquqluluq prinsipini, seçmək və seçilmək hüququnu təsbit etdi. Bununla da, Azərbaycan Şərqdə qadınlara seçmək və seçilmək hüququ verən ilk ölkə kimi tarixə düşdü. Nəzərə alsaq ki, ABŞ kimi demokratik dövlətdə qadınlara səsvermə hüququ 1920-ci ildə, Avropanın siyasi mərkəzi sayılan Fransada isə 1944-cü ildə verilib, hələ təzə-təzə demokratik ölkə kimi status qazanan Azərbaycan üçün təkcə Şərqdə deyil, həmçinin dünyada bu əsl inqilab demək idi.
1988-ci və daha sonrakı illərdə ölkəmizdə baş verən mürəkkəb siyasi hadisələrdə qadınlar kişilərlə bərabər öz fəallığını nümayiş etdirib. Həmçinin, Qarabağda gedən qızğın döyüşlərdə ön cəbhədə kişilərlə bərabər qadınlarımız da düşmənə qarşı savaş aparırdı.
Azərbaycan Respublikasının 1995-ci ildə qəbul olunmuş Konstitusiyası qadınların kişilərlə bərabər hüququnu təsdiq etdi. İndi Azərbaycanın idarə edilməsində qadınların rolu böyükdür. Qanunverici orqanda qadınların təmsil olunması, biznes və təhsil idarəetməsində, müxtəlif rəhbər vəzifələrdə qadınların irəli çəkilməsi təqdirə layiqdir.
Azərbaycanın birinci xanımı, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın bütün sahələrdə, o cümlədən gender məsələlərində gördüyü işlər saysız-hesabsızdır.
Cəmiyyətin özəyi ailə və ona dayanan münasibətlərdir
Günümüzdə ailə faktoru dövlətimiz üçün böyük əhəmiyyət daşıyır və bu istiqamətdə daim mərhələli şəkildə işlər görülür. Lakin bütün görülən işlərə baxmayaraq bəzən mövcud problemlər qalmaqda davam edir. Erkən yaşda nikaha daxilolma sosial problem kimi aktual mövzulardan biridir. Qızların nigaha daxil olma yaşı 17 idisə, bu problemi qismən aradan qaldırmaq üçün Milli Məclis tərəfindən Ailə Məcəlləsinə edilən müvafiq dəyişiklikdən sonra bu hədd 18 oldu. Təəssüflə qeyd etmək lazımdır ki, statistik rəqəmlər erkən nikahların artdığını göstərir.1999-2011-ci il illər ərzində nikaha daxil olan qadınların ümumi sayına nisbətən 18 yaşadək olan qızlar ən çox 1999-cu ildə (7,1%) olub. 2003-cü ildə isə ən az-4,6%. 2007- ci ildən isə bu göstəricilər artmaqdadır. Hazırda nikaha daxil olan qadınların ümumi sayına nisbətən 18 yaşadək olan qızlar 6,17 % təşkil edir. Rəsmi rəqəmlərə əsaslanaraq demək olar ki, son 16 ildə Azərbaycanda 50 976 nəfər erkən nikaha daxil olub. Araşdırmalara görə ölkədə hər 6 nəfərdən biri 18 yaşına çatmadan ailə qurur.
Birmənalı olaraq yetkinlik yaşına çatmayan qızların məcburən nikaha daxilolma halı valideyn tərəfindən uşağa qarşı törədilən zorakılıqdır. Qızlarını erkən yaşda ərə verən valideynlər bunu bəzən maddi çətinliklərlə əlaqələndirirlər. Lakin, araşdırmalar göstərir ki, maddi çətinlik məsələsi sadəcə olaraq bəhanədir. Maddi vəziyyəti yaxşı olan ailələr də qızlarını bəzən erkən yaşda ərə verirlər.
Erkən yaşda ailə quran qızlarımızın gələcək taleyi dövlətin və cəmiyyətin narahatlıq doğuracaq başlıca problemlərindən biridir. Nədənsə bəzi ailələrdə dost-tanışın, qohum-əqrəbanın sözünə daha çox qulaq asır, qızı oxutmaq əvəzinə "yaşı gedir" bəhanəsilə zorla ərə verirlər və indi dəb halını almış hadisə baş verir; həmin qız yoxa çıxar...böyüklər üz tutur efirə...məsələ böyüyür,ictimailəşir..və qınanan yenə o yoxa çıxan qız olur.Başını götürüb qaçan qızın isə kimin əlinə, hansı yola düşəcəyi və gələcək həyatının qaranlıqdan başqa bir şey olmayacağı əvvəlcədən bəlli olur. Çox vaxt isə zorla ailə quran qızcığaz, "evdən çıxıb hara gedəcəm, təhsilim belə natamamdır, öz ayağım üzərində necə duracam,mənə burdan yaxşı yer yoxdur", deyə təsəlli tapır və təhqirlərə, zorakılığa dözməkdə davam edir. Ən pisi isə odur ki, zorla və erkən yaşda ərə verilən qız natamamlıq sindromu yaşayır. Dünyaya gətirdiyi övladlarına cəmiyyətin və müasir dövrün tələblərinə uyğun tərbiyə verə bilmir. Beləliklə cəmiyyətin özəyi olan ailə və ona dayanan münasibətlər laxlayır.
Bəs problemin həlli yolu nədədir?
Millət vəkili Qənirə Paşayevanın fikrincə, bu problemin başlıca səbəbi ailədən gəlir və məsələnin həlli ilk növbədə qızların təhsil alması və maariflənməsinə bağlıdır."Hər bir problemin başında maarifsizlik dayanır", deyə millət vəkili bildirir.
Bu problemlərin aradan qaldırılması üçün maarifləndirmə işlərinə təkcə uşaqların deyil, valideynlərin də cəlb olunması mütləqdir.
Artıq məlumatlandırılmış valideyn fərqində olacaq ki, erkən nikah həm qanun pozuntusudur, həm də boşanma baş verdikdə molla kəbini hüquqi cəhətdən əsassız olduğundan övladının mülkiyyət hüququ olmayacaq. Erkən yaşında ailə quran qızların ana olan zaman öz övladlarına laqeyd yanaşması da real problem yaradır. Bu da öz növbəsində uşağı cəmiyyətə yararlı bir fərd yetişdirməyə əngəl yaradır.
Həmçinin, erkən nikahların qarşısının alınmasında görülə biləcək əsas işlərdən biri şəriət əsasında (halbuki dində zorla evlilik heç də məqbul sayılmır) kəbin kəsən mollaların ikiqat məsuliyyətə cəlb olunmasıdır.
Hazırda erkən nikahlar cəmiyyətin həll etmək istədiyi əsas problemlərdən biri olsa da, həlli mümkünsüz olan problemlərdən deyil. Zənnimcə, bu istiqamətdə keçirilən maarifçilik tədbirlərini artırmaqla bu məsələnin cəmiyyətə açdığı yaraları minimuma endirmək mümkün olacaq.
Millətin gələcəyi avtomobillərin sayından yox, beşiklərin sayından asılıdır
Millətin gələcəyi avtomobillərin sayından yox, beşiklərin sayından asılıdır.Bu fikri qeyd etmək lap yerinə düşər, çünki cəmiyyət, ailə və demoqrafiya bir-birilə birmənalı şəkildə əlaqəlidir.Demoqrafiya sahəsində dövlət siyasətinin əsas məqsədi demoqrafik proseslərdə yaranmış neqativ meylləri aradan qaldırmaqla ölkənin inkişaf strategiyasına uyğun əhalinin artımını təmin etməkdir.
90-cı illərin əvvəllərində müstəqilliyimizi bərpa edənə qədər, Azərbaycan Respublikasında baş verən proseslər, xüsusilə torpaqların 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalı və onun nəticəsində bir milyona yaxın vətəndaşın öz ev-eşiyindən didərgin düşərək ağır şəraitdə məcburi köçkün həyatı yaşaması, bundan savayı,həmin illərdə iqtisadiyyatda hökm sürən böhran və sosial həyatın gərginləşməsi ölkədə demoqrafik vəziyyətə ciddi təsir etdi.
1990-2002-ci illərdə Azərbaycan Respublikasında əhalinin sayı 15,0 faiz artaraq 8202,5 min nəfərə, o cümlədən şəhər əhalisinin sayı 8,0 faiz artaraq 4154,3 min nəfərə, kənd əhalisinin sayı isə 23,2 faiz artaraq 4048,2 min nəfərə çatıb. Qeyd olunan illər ərzində Azərbaycan Respublikasında əhalinin ümumi artımına baxmayaraq, onun orta illik artım göstəricisində azalma meylləri müşahidə olunur. Əgər 1991-ci ildə əhalinin orta illik artımı 1,5 faiz təşkil edirdisə, 2002-ci ildə bu göstərici 0,8 faizədək azalmışdır.
Ötən illər ərzində ölkədə doğum səviyyəsinin aşağı düşməsi müşahidə olunur. Bu göstərici şəhərlərə nisbətən kənd yerlərində daha intensiv olmuşdur (şəhərlərdə 46 faiz, kənd yerlərində 48 faiz aşağı düşmüşdür). Doğum səviyyəsinin azalmasına təsir edən faktorlardan biri son illər ailələrdə çoxuşaqlılıqdan orta uşaqlılığa keçid meylinin güclənməsidir. Onu da qeyd etmək lazımdır ki, əhalinin təhsil səviyyəsinin yüksəlməsi, qadınların iqtisadi cəhətdən müstəqilliyinin artması və digər amillər doğum əmsalının aşağı düşməsini sürətləndirən səbəblərdəndir.
Uzun illərin statistikası göstərir ki, doğulan uşaqlar arasında oğlanlar çoxluq təşkil edir. Lakin qız uşaqlarına nisbətən oğlan uşaqları arasında ölümün daha çox olması səbəbindən 20 yaşdan başlayaraq bütün yaş qrupları üzrə qadınların sayı kişilərin sayını üstələyir.Bu səpkidə yaranmış digər problemlərdən biri, abortlardır. Azərbaycan abortların sayına görə lider ölkələrdən biridir. Qadınlar abort edəndə sənədlərdə öz arzusu ilə abort etdiklərini qeyd edirlər, lakin bəllidir ki, onlar bir cox hallarda aborta məcbur edilirlər.
Azərbaycan qanunvericiliyi abortları qadağan etmir. Hazırda abortlar qanuni sayılır, halbuki bu qanun sovet dövründən qalma qanundur. Bu qanuna bəzi dəyişikliklər edilsə də, problemi tam həll etmir. Hazırda açıq-aydın görünməsə də, bu gələcəkdə demoqrafik problemə çevrilə bilər. Qeyri- rəsmi statistikaya görə 100 hamilə qadından 30-u abort etdirir. Sosioloqların fikrinə görə, əgər bu templə getsə, 2050-ci ildə Azərbaycan əhalisinin 12 milyona çatması çətinləşə bilər.
Mövcud problemləri aradan qaldırmaq istiqamətində zəruri olan doğum səviyyəsini təmin edə biləcək hərtərəfli şəraitin yaradılması, bundan başqa ana və uşaq müdafiəsinin gücləndirilməsi, əhalinin demoqrafik biliklərinin artırılması, təhsil müəssisələrində demoqrafiyanın tədris olunması və bu sahədə aparılan elmi tədqiqat işlərinin genişləndirilməsi vacibdir.
Hesab edirik ki, bu ailənin, qadının gələcəkdə yaranacaq problemlərinin qarşısını alacaq, çünki ailə dövlətin təməlidir.Ailə nə qədər möhkəm və sağlam təməl üzərində qurularsa, dövlət də bir o qədər iqtisadi,siyasi,sosial sahələrdə daha da çox inkişaf edəcək.
Aysel Oğuz
"Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün"