Gənclərimiz kimi dinləyir?
Azərbaycan mədəniyyətinin bir qolu olan Azərbaycan musiqisi çoxəsrlik inkişaf yolu keçib. Bu inkişaf yolu boyu ərsəyə gələn mahnılarımızda xalqın yüksək mənəviyyatı, daxili aləmi, arzuları, ümidləri, sevinci, kədəri, həsrəti əks olunub. Bəs inkişaf yolunun bugünki mərhələsində eyni hissləri duya bilirikmi? Duymuruqsa, problem kimdədir? Şairdə, bəstəkarda, yoxsa ifaçıda? Bəlkə də dinləyicidə. Çünki dinləyici olmadan musiqinin missiyası yarımçıqdır.
28 Noyabr 2018 16:01 SosialAzərbaycan mədəniyyətinin bir qolu olan Azərbaycan musiqisi çoxəsrlik inkişaf yolu keçib. Bu inkişaf yolu boyu ərsəyə gələn mahnılarımızda xalqın yüksək mənəviyyatı, daxili aləmi, arzuları, ümidləri, sevinci, kədəri, həsrəti əks olunub. Bəs inkişaf yolunun bugünki mərhələsində eyni hissləri duya bilirikmi? Duymuruqsa, problem kimdədir? Şairdə, bəstəkarda, yoxsa ifaçıda? Bəlkə də dinləyicidə. Çünki dinləyici olmadan musiqinin missiyası yarımçıqdır.
Bəs bu gün dinləyicilər daha çox hansı musiqi janrını dinləməyə üstünlük verir? Onlar Azərbaycan müğənnilərindən kimləri dinləyir?
Olaylar.az gənclər arasında apardığı sorğunu təqdim edir:
Leyla Əliyeva (25 yaş)

Hidrometeroloq Leyla Əliyeva dinlədiyi musiqi janrını, əhvali-ruhiyyəsinə görə təyin edənlərdəndir. Onun üçün hər emosianal duyğunun öz mahnısı, öz janrı var. Lakin istənilən emosional vəziyyətdə dinləməkdən imtina etməyəcəyi tək ifaçı İlqar Muradovdur. O, İlqar Muradovun səsinə vurğun olduğunu söyləyir.
"Məişət həyatında daha çox, Azərbaycan musiqisini dinləyirəm. Lakin bu o demək deyil ki, bugünki ifaçıların hər biri musiqi zövqümü oxşayır. Qəribədir ki, dilimizdə əzbər olan mahnılar var, ancaq sual versələr "bu mahnını bəyənirsinizmi?" cavab "xeyr" olacaq. Belə bayağı mahnıları dinləmək istəməsək də, müxtəlif vasitələrlə zehnimizə yazılır.
Leyla hər kəsin musiqi zövqünə hörmətlə yanaşsa da, Damla və Üzeyirin onun musiqi seçimində yer almadığını deyir.
"Bu ifaçıları xüsusi olaraq qeyd etdim, çünki onların oxuduğu tərzin, insan beyninə yorucu təsir etdiyini düşünürəm. Əməkdar və xalq artisti adını almış müğənnilər öz peşəkar ifaları ilə var olmalıdır. Lakin bu gün onların çoxunun öncəki illərdə oxuduğu ifalara rast gəlmirik. Bir vaxtlar istər gənc, orta, istərsə də yaşlı nəslin sevərək dinlədiyi Röya on il əvvəlki qədər seviləcək mahnılar ifa etmir. Sanki oxuyan o deyil, bir başqasıdır..."
Onun fikrincə bu gün Azərbaycanda özünə layiqli yer tapa bilməyən musiqi janrları var. Dünya ölkələrində yetərli qədər dinləyici kütləsinə malik olan pop, ən əsası isə rok janrı Azərbaycanda öz ifaçısını tapa bilmir.
"Pop, hip-hop janrı adı altında çıxan mahnılar var ki, sadəcə yaz fəsillərində dinlənilir. Bir ay sonra isə, hər kəs unudur... Azərbaycan musiqisinə aşiq biri olaraq, muğam kimi köhnəlməyən mahnıların yaranmasını istərdim."
Emil Əlizadə (19 yaş)

Beynəlxalq münasibətlər üzrə təhsil alan Emil Əlizadə düşünür ki, heç bir insan yekdilliklə "bu janrı sevirəm" deyə bilməz. Aydındır ki, onun üçün də musiqinin hansı janrda olmasının heç bir əhəmiyyəti yoxdur. Mahnı və ifaçı zövqünə oxşayırsa bu onun üçün kifayətdir.
Emil, dinlədiyi ifaçılar arasında Şövkət Ələkbərova, Rəşid Behbudov, Oqtay Ağayev, Akif İslamzadə, Azər Zeynalov, Səxavət Məmmədov, Alim Qasımov, Rüfət Mehdiyev, Mübariz Tağıyev, Teymur Əmrah və Flora Kərimovanın adını sevərək sadalayır.
"Azərbaycanın indiki musiqisi ilə 20-ci əsrin musiqisi arasında böyük fərq var. Bu o demək deyil ki, indiki dövrdə "yaxşı müğənni" yoxdur. Mənə görə milli musiqimizi faiz nisbəti ilə götürsək keyfiyyət cəhətdən 40% və ya bəlkə də daha çox aşağı düşüb. Məhz ona görə də dinlədiyim müğənnilərin böyük çoxluğu ötən əsrin ifaçılarına düşür.
"Nə üçün ötən əsrin ifaçıları? Çünki o musiqidə keyfiyyət var. Musiqidə keyfiyyət onun insana nələr aşılaması ilə bağlıdır."
Emil bir vətəndaş kimi dünya musiqisində yer alan bütün musiqi janrlarının öz ölkəsində də olmasını istəyir. Çünki, o musiqini neft, qaz, qızıl yataqları kimi milli sərvət hesab edir.
Fəridə Nəsibova (22 yaş)

Operator Fəridə Nəsibova üçün mahnı gözəldirsə, hansı janrda olmasının heç bir əhəmiyyəti yoxdur.
"Mənə görə hər müğənni öz mahnısını ifa etsə daha gözəldir. Bu gün estrada müğənnilərimizin türk mahnıları oxumasını bəyənmirəm. Bu, kənardan olduqca suni görünür".
Fəridə, ən gözəl mahnı və ifa deyildiyi zaman "Ölsəm Bağışla" filminin "sountrack"nı xatırlayır. O, Emin Sabitoğlunun şedevr əsəri olan bu mahnını, Fuad İbrahimlinin ifasında hər gün dinləyir.
"Azərbaycan musiqisinin korifey sənətkarı Şövkət Ələkbərova mənim üçün mirvaridir. Bugünki müğənnilərdən isə Miri Yusif və Elçin Cəfərov Azərbaycan gəncinin repertuarına ən çox üstünlük verdiyi ifaçılardır. Onlar gənclərin hansı tərzdə mahnılar dinləmək istədiyini yaxşı bilirlər."
Ağarəhim Poladov (28 yaş)

Menecer Ağarəhim Poladov rep, pop, indie-folk, house, funk tərzində olan musiqiləri dinləyir. O, Azərbaycan müğənnilərindən Sevda Ələkbərzadə, Aygün Kazımova və Tünzalə Ağayevanın ifasını bəyənir.
"Bu ifaçıların musiqi zövqü və peşəkarlıq səviyyəsi məni onları dinləməyə vadar edir."
Ağarəhim, heç vaxt opera və muğam musiqisini dinləmək istəməyəcəyini düşünür.
"Opera və muğam janrına rəğbətim var. Lakin müəyyən qədər darıxdırıcı hesab edirəm. Zövqlər müxtəlifdir. Hər janrın öz dinləyicisi var."
Mehin Nadirova (19 yaş)

Qrafik dizayner, illustrator sənəti ilə məşğul olan Mehin Nadirova daha çox retro konseptdə olan old school, underground, techno tərz musiqiləri dinləməyə üstünlük verir. O, yeni nəsil ifaçılardan Elvina Mustafazadə, Əsmər Məmmədli, Albina, Porte Faustun daimi dinləyicisidir.
"Onların ifaları zamanı həzin səsi mənə daxili sakitlik gətirir. İncəsənət insanı olduğum üçün musiqidə də ruhumu oxşayacaq səslərə üstünlük verirəm. Sevdiyim ifaçıların gözəl musiqisi ruhumu qidalandırır. Rəsm çəkməyə qarşı xüsusi zövqüm var. Rəsm çəkərkən sevdiyim musiqiləri dinləmək mənə motivasiya verir".
Mehin, meyxana və pop musiqiləri heç vaxt dinləmək istəməyəcəyini düşünür.
"Bu tərz janrları qəbul etmirəm. Azərbaycanlı müğənnilərin əksəriyyəti bu janrda musiqiləri ifa etməyə üstünlük verir. Bugünki müğənnilərin heç biri Azərbaycanın korifey ifaçılarının yerini doldura bilməz. Mənim üçün xüsusilə Şövkət Ələkbərova, Rafiq Babayev, Polad Bülbüloğlu kimi sənətkarlar heç kimin çata bilməyəcəyi zirvədədir."
Mirəli Əlizadə (23 yaş)

Mühasib Mirəli Əlizadə janr olaraq gündəlik həyatında pop və arabesk dinləməyə üstünlük verir. Azərbaycan ifaçılarından Nurlan Təhməzli və Samir Cəfərovun ifasını bəyənir.
Mirəliyə görə, bu gün heç bir ifaçı öz ifaları və sənəti ilə Azərbaycanın korifey sənətkarlarından sonra yaranan boşluğu doldura bilməz.
"Oqtay Ağayev və Məmmədbağır Bağırzadə mənim üçün əvəzolunmaz ifaçılardır. Onların səsində sanki bir sehr var ki, insanı ovsunlayır. Korifey sənətkarların ifası ruhumu dincəldir.
"Bugünki bir çox müğənnilərin bayağı ifaları bezdirici hal alıb. Çünki səsyazma studiyasının qapısından girib bir mahnı yazdırdıqları zaman, artıq özlərini peşəkar müğənni hesab edirlər. Lakin bu "peşəkarlar" oxuduqları mahnıların Azərbaycan musiqisinə nə qədər ziyan vurduğunu düşünmürlər. Bəlkə də düşünürlər, lakin bunun onlar üçün heç bir əhəmiyyəti yoxdur. Çünki onlar üçün sadəcə bir-iki restoranda oxuyub pul qazanmaq var"
Samirə Mehrəliyeva (20 yaş)

Hüquqşünas ixtisası üzrə təhsil alan Samirə Mehrəliyeva daha çox klassik musiqi dinləməyi sevir və dünya klassiklərinə üstünlük verir. O, mənfi aurada olduğu zaman caz musiqisi dinləyir. Caz janrı onun əhvalını müsbətə doğru dəyişir.
Samirə, bəstəkar mahnıları deyilən zaman ilk növbədə Emin Sabitoğlunun mahnılarını xatırlayır; Rəşid Behbudov, Polad Bülbüloğlu, İlhamə Quliyevanın mahnılarını sevərək dinləyir. Onun gənc ifaçılardan seçimi Çingiz Mustafayev və "Jaymell"dir.
"Musiqi seçimində mənim üçün keyfiyyət ən önəmli amildir. Bəzi musiqi əsərləri var ki, orada həm şairin, həm bəstəkarın, həm də ifaçının nə qədər zəhmətlə bu mahnını ortaya çıxardığı görünür. Mənim üçün xəzinə dəyərində olan mahnılar var ki, qısqanclıqla onların adını heç kimlə paylaşmaq istəmirəm. Hansıkı onlar insana zövq verən, ruhu doyduran əsərlərdir.
"Dinləməkdən imtina etdiyim və musiqi zövqümə qətiyyən uyğun gəlməyən janr, meyxana musiqi-poetik janrıdır"
Ramil İsmayılsoy (21 yaş)

Turizm və otelçilik üzrə təhsil alan Ramil İsmayılsoy klassik musiqi janrı olan arabeskə üstünlük verir. Bu janrda əsasən kədərli musiqilər ağırlıq təşkil edir.
Ramil, digər tərəfdən pop və rep musiqisinə də böyük maraq duyur.
Onun üçün azərbaycanlı müğənnilər deyildiyi zaman ilk olaraq muğam ifaçımız, Alim Qasımov yada düşür. Səsinə vurğun olduğu qadın ifaçı isə Flora Kərimovadır.
"Rep, biz gənclərin sevimli janrdır. Okaber və AİD ləqəbli Orxan Zeynallının bu janrı Azərbaycanda yaşatdığını düşünürəm. Digər tərəfdən Miri Yusif oxuduğu tərz ilə Azərbaycan gəncini bu tərzdə xarici ifaçıları dinləməkdən xilas etdi. Miri Yusif nəinki Azərbaycan, hətta türk gənclər tərəfindən də sevilərək dinlənir."
Ramil "bayağı" adlanan mahnıların Azərbaycan musiqisinə ziyan verdiyini düşünür və tamamilə məhv olmasını istəyir.
Nigar Orucova