Paytaxtın xəstəlik mənbəyi olan marşrut avtobusları
26 Noyabr 2018 10:18 SosialNəqliyyat eksperti: "Gediş haqqı qaldırılsa da, əfsus ki, keyfiyyət olduğu kimi qalır"
Bakıda hər il yay və qış aylarına keçiddə, avtobuslarla bağlı problemlər yaşanır. Belə ki, yay aylarında kondisioneri qoşmayan avtobus sürücüləri, soyuq havalarda isə qızdırıcıdan istifadəyə xəsislik edirlər.
Hazırda havaların soyuq keçdiyi ərəfədə məsələ ilə bağlı redaksiyamıza şikayətlər edilir. Sərnişinlər bildirirlər ki, xüsusilə də Bakı ətrafına işləyən avtobuslarda vəziyyət xeyli acınacaqlıdır. Sərnişinlərin sözlərinə görə, sürücülər yalnız şaxtalı havada qızdırıcıdan istifadə edirlər. Bu isə onların xəstələnməsinə səbəb olur. Eyni zamanda qış aylarında avtobuslarda natəmizlik də artır. Bu isə avtobusları xəstəlik mənbəyinə çevirir. Hazırda Bakıda fəaliyyət göstərən yeni və müasir standartlara cavab verən avtobuslarla yanaşı, xeyli sayda köhnə, qapısı, pəncərəsi normal bağlanmayan, dəmir qutunu xatırladan avtobuslar da az deyil. Sürücülər heç zaman iradları qəbul etməyib bildirirlər ki, avtobuslar hər gün xüsusi qaydada təmizlənir. Havalar soyuduğunda isə qızdırıcı sistemlərini işə salacaqlar...
"Yeni Müsavat"a danışan nəqliyyat eksperti İlqar Hüseynov da söylədi ki, qış rejiminə keçidlə bağlı problemlər yaşanır:"Azərbaycanda adətən noyabrın 15-də qış rejiminə keçid olur, istilik sistemləri işə salınır. Lakin bəzən havalar tez soyuyur və qəribə hallar yaranır. İstər mənzillərdə istiliklərlə bağlı, istərsə də ictimai nəqliyyat vasitələrinin istismarı zamanı icra hakimiyyətləri, yerli strukturlar yenə də noyabr ayının 15-ni gözləyirlər. Yaxud, ümumiyyətlə, bu məsələdə biganəlik müşahidə olunur. Nəqliyyat vasitələrində konkret olaraq yay-qış rejiminə keçid məsələləri yoxdur. Bunu, sürücü və şirkət hava şəraitinə uyğun formada tənzimləməlidir. Necə ki, biz şəxsi avtomobillərimizdə istədiyimiz zaman kondisioneri, istilik sistemini qoşuruqsa, ictimai nəqliyyatda da eyni yanaşma olmalıdır. Bunun baş verməməsinin bəzi səbəbləri var. Əvvəla, bilirik ki, istilik sistemləri və yaxud da soyuducu sistemlər işə salınan zaman nəqliyyat vasitəsinin mühərriki əlavə gücə düşür. Bunun nəticəsində bir qədər artıq yanacaq məsrəfi olur. Buna görə də şirkətlərlə sürücülər öz aralarında razılaşırlar ki, bu sistemləri maksimum az işə salsınlar. Nəqliyyatda qiymətləri Tarif Şurası tənzimləyir. Bu qiymətlərlə şirkət razılaşmayıb, özünü iflas kimi elan edə bilər. Yəni burada məhdudiyyət yoxdur ki, sən mütləq bu qiymətlə çalışmalısan".

Ekspert bildirib ki, ictimai nəqliyyatda gediş haqqı qaldırılsa da, keyfiyyət olduğu kimi qalıb: "Qiymətin artmasını müşahidə etdik, lakin keyfiyyətdə fərq yoxdur. Sözsüz ki, buna birbaşa cavabdeh olan qurum da Bakı Nəqliyyat Agentliyidir. Bu agentlik lisenziya verdiyi şirkətlər üzərində, nəzarət işini də qurmalı, şikayətləri doğru-dürüst qiymətləndirməlidir. Dəfələrlə məsələ müzakirələrə çıxarılır. Lakin təəssüf ki, hansısa irəliləyişin nəticəsini görmürük. Nəqliyyat vasitələri ilk növbədə qışa hazırlıq vəziyyətinə gətirilməlidir. Hər bir şirkətin istismarında olan nəqliyyat vasitəsi lazımı hala gətirilib, yaş-qış rejiminə keçidə verilməlidir. Şirkətlər isə bunu etməyib, prosesi başlı-başına buraxır. Xeyli şirkətlər var ki, onlar sərnişin daşıma ilə məşğuldurlar, ancaq özlərinin ayrıca böyük avtoparkları yoxdur ki, nəqliyyat sisteminin yararlı vəziyyətə gətirilməsi ilə məşğul olsunlar. Bu, ciddi problemdir. Sovetlər dönəmində hər bir marşrutun özünün avtoparkı olurdu. Qəzalı vəziyyətdə olan hər hansı bir nəqliyyat vasitəsi dərhal xətdən çıxarılırdı. Yəni bu halların baş verməsini müşahidə etmirik. Problem var, ancaq eyni zamanda nəqliyyat vasitəsi xəttə hərəkət edir. Bütün bunlara nəzarət etməli, şirkətlər qarşısında konkret öhdəliklər qoymaq lazımdır. Cəza mexanizmləri olmalıdır ki, məsələlər aradan qaldırılsın. Vətəndaşlarımızın özləri də ayıq-sayıq olmalı, gərəkən orqanlara şikayət etməlidirlər. Bizdə həm də vətəndaş nəzarətsizliyi yaşanır. Bunun özü də problemlərin genişlənməsinə səbəb olan faktordur. Dünyanın inkişaf etmiş ölkələrində belə bir hal baş verən zaman vətəndaşlar xidmətin keyfiyyətsizliyi ilə bağlı müvafiq qurumları məlumatlandırırlar. Hətta məhkəməyə qədər gedib çıxanları olur. Bizdə isə bu cür hallar müşahidə edilmir".

"Yeni Müsavat"a danışan professor Adil Qeybulla isə bildirdi ki, insanlar əsasən, bayıra çıxan zaman havaya uyğun geyinmədikləri üçün soyuqlayırlar: "İndiki avtobusların kondisionerləri, qızdırıcıları mövcuddur. Hesab edirəm ki, bu gün soyuqdəymə xəstəliklərinin əsasında dayanan faktor, insanların bayıra çıxan zaman havaya uyğun geyinməməsidir. Çünki insan avtobusda müəyyən müddətdə olur. O, bayırda daha çox gəzir. Avtobuslar noyabrın 15-dən qış rejiminə keçməlidirlər. Bununla bağlı sovet dövründə hansısa qayda-qanun yox idi. Çünki sovet dövrünün avtobuslarında indiki kimi şərait mövcud deyildi. Məsələ ictimailəşdirilsə, ictimai müqavimət olarsa, yəqin ki, şirkətlər öz qərarlarında dəyişiklik edərlər".