Qarşıya qoyulan vəzifələrin icrası nəticəsində yeni imkanlar, şanslar meydana çıxacaq

Azərbaycan Prezidentinin strateji dostumuz olan Belarusa rəsmi səfərinin ardınca qardaş Türkmənistana rəsmi səfəri, əsası ümummilli liderimiz tərəfindən qoyulmuş çoxvektorlu xarici siyasətimizin, Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam və inkişaf etdirilməsinin daha bir örnəyidir.
 Türkmənistan həm qardaş ölkədir, həm də Xəzər dənizində qonşumuzdur. Bizi ortaq dəyərlər, ortaq keçmiş birləşdirir; üstəlik, münasibətlərimiz yalnız keçmişə dayanıb qalmır, eyni güclə bugünümüzü, sabahımızı aydın göstərir. Bizi bugün düşündürən, sabah da düşündürə biləcək suallar, problemlər də var. 
 Əlbəttə, bir sıra ortaq məsələlərdən danışsaq, iqtisadi məsələlər, özəlliklə Xəzərin karbohidrogen ehtiyatlarının istismarı ilə, habelə qardaş ölkənin təbii ehtiyatlarının Xəzər dənizi və Azərbaycan torpaqları üzərindən daşınması, yəni tranzit imkanları və s. qabardıla bilər. 
 Təsadüfi deyil ki, rəsmi səfər çərçivəsində imzalanan sənədlər arasında iqtisadi, ticari və daşınma məsələlərinə dair sazişlər önəmli yer tutur: gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması haqqında, nəqliyyat, tranzit və logistika məsələləri üzrə Birgə Komissiyanın yaradılması haqqında, nəqliyyat və tranzit məsələlərinə dair, Azərbaycan və Türkmənistan arasında keçirilən mallar və nəqliyyat vasitələri haqqında ilkin məlumat mübadiləsinin təşkili barədə, iki dövlətin (əlavə) ərazilərindən keçməklə həyata keçirilən beynəlxalq daşımaların iştirakçıları üçün viza rejiminin sadələşdirilməsi haqqında, dəniz ticarət gəmiçiliyinin inkişafına dair, dəniz limanları arasında avtomatlaşdırılmış informasiya mübadiləsi haqqında, yenə dəniz limanları arasında yükdaşıma həcmlərinin artırılması haqqında, sənaye sahəsində əməkdaşlıq haqqında, uzunmüddətli ticarət-iqtisadi əməkdaşlıq haqqında, sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında sazişlər, eləcə də, iki ölkənin limanlarından keçən daşımaların inkişafı haqqında, beynəlxalq avtomobil daşımalarının inkişafı haqqında, 2019-2022-ci illər üçün nəqliyyat sahəsində əməkdaşlıq, 2019-2021-ci illər üzrə ticarət-iqtisadi əməkdaşlıq proqramları və "Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası ilə Türkmənistanın Sənayeçilər və Sahibkarlar Birliyi arasında Anlaşma Memorandumu" dediklərimizin bariz sübutudur. 
 Digər əməli çalışma sahələri üzrə imzalanan sənədlər də, qardaş ölkələr arasında münasibətlərin səviyyəsini, ötən illər ərzində öyrənilmiş problemlərə konseptual baxışı göstərməkdədir. Məsələn, ADA Universiteti ilə Türkmənistan XİN-nin Beynəlxalq Münasibətlər İnstitutu arasında Anlaşma Memorandumu və əməkdaşlıq haqqında Saziş, AMEA ilə Türkmənistan EA arasında əməkdaşlıq haqqında Saziş, 2019-2021-ci illər üçün elm, təhsil, mədəniyyət və incəsənət sahəsində Əməkdaşlıq Proqramını vurğulaya bilərik.
 Təbii ki, imzalanan sənədlərin ən alisi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkmənistan ­Prezidenti Qurbanqulu Berdiməhəmmədovun imzaladığı Birgə Bəyanatdır. Bu bəyanat Azərbaycan Prezidentinin qardaş ölkəyə rəsmi səfərinə verilən önəmi, bəslənilən səmimi münasibəti və qarşılıqlı maraqlarla imkanlar çoxluğunu ifadə edən tarixi sənəddir.
 Elə bilirəm, iki qardaş ölkə arasında daha öncələr arzuolunan bir çox məsələlər artıq gerçəkliyə çevrilməkdədir. Müvafiq dövlət orqanlarımız, səfirliklərimiz imzalanan saziş, proqram və memorandumlardan irəli gələn vəzifələrin icrasına başladıqca, iş adamları, elm adamları, mədəniyyət xadimləri arasında fikir, təcrübə mübadiləsi də artacaq. Bu da ictimai sektorun, ümumən, toplumlarımızın daha da yaxınlaşmasına gətirib çıxaracaq, yeni imkanlar, şanslar yaranacaq.

Əkbər QOŞALI, 
Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri, Milli QHT Forumu 
idarə heyətinin üzvü

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31