Milli Qəhrəman Firudin İbrahiminin 100 yaşı tamam oldu
Bir əsr nədir ki... Yüz illərlə könüllərdə qalacaqsan! Mənzilimdə sakit guşəyə çəkilib 100 illik yubileyini beynəlxalq tədbirlə qeyd edəcəyimiz Firidun İbrahimi barədə mətbu orqanlarda işıq üzü görən yazıları yenidən vərərləyirəm.
23 Noyabr 2018 13:15 SosialBir əsr nədir ki...
Yüz illərlə könüllərdə qalacaqsan!
Mənzilimdə sakit guşəyə çəkilib 100 illik yubileyini beynəlxalq tədbirlə qeyd edəcəyimiz Firidun İbrahimi barədə mətbu orqanlarda işıq üzü görən yazıları yenidən vərərləyirəm. Sayları ilə yanaşı coğrafi əhatələri də məmnunluq doğurur. Bakı, Gəncə, Qazax, İsveç, Almaniya, Danimarka, İran, Belarus və sair. Azərbaycan Demokrat Firqəsinin Mərkəzi Komitəsi və "İranlı Mühacirlər Cəmiyyəti" İctimai Birliyinin təşkil etdikləri müsabiqəyə qatılanların demək olar hamısını mükafatlandırmaq niyyətindədir. İstəməzdim XXI əsr jurnalistikamızda Firidun İbrahimi şəxsiyyətini kamil səciyyələndirməyə qadir nümunələrin barmaqla sayıla biləcəyini əsas götürüb kimsə kütləviliyi könül sındırmamaq, yaxud vəziyyətdən asan çıxış yolu tapma kimi dəyərləndirə. Deyəcəklərimin belə yanaşmanın məntiqə söykəndiyini əsaslandıracağına tam əminəm.
İstərdim öncə müsabiqəyə start verməzdən əvvəl yaşı 40-dan yuxarı və aşağı nəsillərin nümayəndələri arasında apardığım sorğuların nəticələrini açıqlayım. "Milli Qəhrəman Firidun İbrahimini tanıyırsınızmı" sualını cavablandıran yaşlılardan təxminən 80 faizi xalq yazıçısı Mirzə İbrahimovun, onun "Gələcək gün" romanının baş qəhrəman Firidun İbrahiminin adlarını çəkdilər. Bir çoxu vaxtilə yenilməz igidlər barədə inşalarında bu insana bənzəmək istədiklərinin də yazdıqlarını yada saldılar.
Digər müqayisə isə əvvəlki nəticənin tamam əksi, təccübləndirici və təəssüfləndirici idi. Məsələnin kökünə vardım. Kimlərinsə "müdrikanə" islahatı sayəsində "Gələcək gün" tədris proqramından bir müddət çıxarıldığından gənclərin qınağa çəkilməsinə ciddi əsaslar olmadığı qənaətinə gəldim. Arazın o tayından, bu tayından ağızdolusu dəm vuran pedaqoqların bilgi boşluğunu kompensasiya etmək naminə zəhmətə qatlaşmamaları da açıq-aşkar duyulurdu.
Firidun İbrahimi barədə dolğun yazmağın yaratdığı çətinliyə gəlməzdən əvvəl bir misal çəkim. Yaxşı yadımdadır. 1978-ci ildə Salyanda "Qələbə" qəzetinin şöbə müdiri işləyərkən mənə rayona qonaq gələn Mirzə İbrahimovdan müsahibə almaq tapşırılmışdı. Unudulmaz sənətkardan "Gələcək gün"dəki Firidunun həyatda nə dərəcədə real olduğunu soruşdum. Həmsöhbətim o dövrün hadisələrinin canlı şahidi olduğunu, Firidunu və atası Qəni kişini şəxsən tanıdığını dilə gətirdi: "Onun kimi gənc yaşlarında mərd, yenilməz, istedadlı, bacarıqlı, xalqını hər yerdə ləyaqətlə təmsil etməyi bacaran, məsləkini, amalını dünya var-dövlətindən, şirnikləndirici təkliflərdən üstün tutub şəhadət şərbətini tərəddüdsüz içən cavanlar nadir tapıntıdır - dedi: - Rəhmətlik Seyid Cəfər Pişəvəri onu övladı kimi sevir, simasında gələcək varisini görür, ən məsul işləri Firiduna həvalə edirdi".
Sonralar F. İbrahiminin həyat və mübarizə yolunu öyrənərkən göz önündə daha ecazkar, parlaq obraz yarandı. Yubiley tədbiri üçün dəvətnamədən yalnız bir sətir:
"Sizi görkəmli dövlət xadimi, diplomat, hüquqşünas, yazıçı, jurnalist, publisist, şair, təhqiqatçı, Azərbaycan Demokrat Firqəsinin və "21 Azər" Hərəkatının ünlü simalarından biri, Milli Hökumətin Baş Prokuroru şəhid, İran xlaqlarının Mili Qəhrəmanı Firidun Qəni oğlu İbrahiminin anadan olmasının 100 illlik yubileyi münasibəti ilə təntənəli tədbirə dəvət edirik". Bunlar 27 yaşlı gəncin sağlığında qazandığı, hər bir müasirinin və sonrakı nəsillərin milyonlarla təmsilçisinin həsədlə baxa biləcəyi titullar olsa da Firidun tamam başqa aləmin kəhkəşanlı ulduzu tək layiq olduğu əbədiyyətə qovuşub.
Vətən, xalq, amal, istiqlal yolunda şəhidliyin özü də Ali Haqqın bəxş etdiyi müqqədəs mükafatdır. Bu mükafat, bu zəfər tarixdə, dönəmlərdə yalnız seçilmişlərin qisməti, tale yaşantısıdır. F. İbrahimi gəncliyimizdən qəlblərimizdə əbədi varlıq, milli azadlıq uğrunda mübarizəni dayandırmayan bütün Şərq xalqlarının simvollarından, fəxrlərindəndir.
Bir vaxtlar Təbrizin İmamiyyə qəbiristanlığındakı şəhid məzarını ziyarətə gələnlərə yasaqlarla qadağalar qoyanlara indi əhəmiyyət verməyən soydaşlarımız hər gün onun qəbri önünə düzdükləri gül-çiçəklə Milli Qəhrəmanı heç zaman unutmadıqlarını nümayş etdirirlər. Belə diqqət inqilab nəfəsli şairimiz Həbib Sahirin "Namurad Firidun İbrahimiyə" şeirindəki duyğulara da bir təskinlikdir.
İldönümün tutan yoxdur
Yoxdur səni yada salan
Qəbrin üstə göy ot bitdi,
Ey namurad yazıq cavan
Asıldığın gündən bəri
Matəmlidir göy Gülstan.
Bu da bir faktdır ki, təkcə Azərbaycanın cənubunda deyil, bütün İranda Firidun İbrahimi ictimayyətin yaxından tanıdığı, barəsində mütəmadi yazılar gedən, xatirəsi əziz tutulan şəxsiyyətlərdəndir.
Müqayisələr öz yerində. Hər iki təşkilatın başladığı iş olduqca mühüm əhəmiyyətə malikdir. Zəngin, az təhqiq olunmuş mövzular qalereyasının hər bir tədqiqatçını gərgin axtarışlar, yaradıcılıq səyləri ilə üzbəüz qoyduğu danılmazdır. Müsabiqənin təşkilat komitəsinin də yazarlara sayğılı yanaşması bu amildən qaynaqlanır. Gəlin yadda saxlayaq ki, yaşı 70-i ötən hər iki təşkilat yarandığı gündən indiyədək tarixi şəxsiyyətlərlə bağlı ilk yazı bəhsləşməsini keçirir. Bizim Firidun İbrahimi ilə yanaşı xalqa, ictimaiyyətə tanıtdırılmalı, təbliğ olunmalı hələ neçə-neçə tarixi simalarımız var. İlk müsabiqəmiz isə yazarları yeni-yeni axtarışlara, sınaqlara istiqamətləndirəcək.
100 yaşlı Azərbaycan Xalq Cümhuriyyətinin yaşıdı Firidun Qəni oğlu İbrahimi qartal ömrü yaşadı. Ruhu səmalarda, əbədi xatirəsi qəlblərdədir.
Bir əsr nədir ki, yüz illər könüllərdə qalacaq!.
Rəhim Hüseynzadə,
İranlı Mühacirlər Cəmiyyətinin sədri,
Azərbaycanın əməkdar jurnalisti