TOPs layihəsi şagirdlərdə komanda ruhunu inkişaf etdirir
15 Noyabr 2018 15:16 Sosial"TOPs - fiziki tərbiyə üzrə müasir təhsil texnologiyasının yaradılması" layihəsinin 5-ci mövsümündə Xətai rayonu 138 saylı məktəbdə inklüziv ibtidai sinifdə fiziki tərbiyə fənnindən "Açıq dərs" keçirilib.
TOPs proqramı Azərbaycan Respublikası Təhsil Nazirliyi, British Council Azərbaycan, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ADBTİA) və "İnkişaf Naminə İdman" İctimai Birliyinin birgə əməkdaşlığı ilə 2014-cü ildən həyata keçirilir.
Xətai rayonu 138 saylı məktəbinin 4-cü sinifində keçirilən açıq dərsin məqsədi müxtəlif hərəkət kompleksləri və oyunlar vasitəsi ilə şagirdlərdə komanda ruhunun inkişaf etdirilməsinə nail olmaq idi. Açıq dərsin gedişini Təhsil nazirinin müavini Firudin Qurbanov, Britaniya Şurası (British Council) təşkilatının Azərbaycan Respublikasındakı Filialının Direktoru Samr Şah, tərəfdaş təşkilatların digər rəsmi nümayəndələri və şagirdlərin valideynləri izləmişlər.
Qeyd edək ki, TOPs Proqramına Bakı, Sumqayıt , Abşeron, Qobustan, Şamaxı, İsmayıllı, Qəbələ, Qubadlı və Laçın rayonlarından olan ümumilikdə, 250 ümumtəhsil məktəbi cəlb olunmuşdur.