MTN soyğunçularının “Koçak Gold” işi

Hakim qaçaqmalçıların vəkilinə çevrilib?

Türkiyənin məşhur "Koçak Gold" şirkətinin qızıl-zinət əşyaları daşıyan nümayəndələrinə qarşı "mahmudovçu"lar tərəfindən planlanan hücum və 39 kiloqram qızılın ələ keçirilməsi işi araşdırılmamış qalıb. Eldar Mahmudov 3 il əvvəl vəzifəsini itirsə də, hələ də ən müxtəlif instansiyalarda, məhkəmələrdə öz adamları qalmaqdadır.

Vaxtilə "Koçak Gold"un ölkəmizdə nümayəndəsi olmuş Natiq Ələsgərov deyir ki, 2 aydan artıqdır ki, müxtəlif dövlət qurumlarına, 2 saylı Bakı İqtisad Məhkəməsinə müraciət etməklə iş üzrə qanunsuzluqlara hüquqi qiymət verilməsinə çalışır. Amma bəzi məmurların, hakimlərin hərəkətsizliyi, bir çox hallarda "Koçak Gold"a vəkillik etmələri ədalətin bərpasının qarşısını alır. 

"21 sentyabr 2018-ci il tarixdən bu günə qədər 2 saylı Bakı İqtisad Məhkəməsindən 2(82)-480/2018 saylı, 21.09.2018-ci il tarixli qərarı almaq mümkün deyil! Bununla bağlı dəfələrlə aidiyyəti üzrə müxtəlif dövlət orqanlarına rəsmi müraciət etməyimə baxmayaraq, heç bir nəticə yoxdur.  Əksinə, keçən həftə hakim Etibar Mustafayevin Vüqar adlı köməkçisi  zəng edərək öz iradini bildirir ki, niyə şikayət edirsən? Qərarı əldə etmədən kim sənə deyib ki, apelyasiya şikayəti verəsən? Biz apelyasiya şikayətini göndərməyəcəyik" - deyə,  Natiq Ələsgərov bildirir.

Onun sözlərinə görə, hakimin bu cür münasibəti rəhbəri olduğu "Bakı Hüquq Şirkəti"nin ədalətli mühakimə olunmaq və sair hüquqlarının pozulması deməkdir: "Hakim qərar çıxarıb, amma qanunun tələb etdiyi qaydada bizə təqdim etmir. Qərar Azərbaycan dövləti adından çıxarılıbsa, hakim qərarı necə gizlədə bilər?  Açıq-aşkar, heç nədən qorxmadan və çəkinmədən mənə təzyiq edib qərarı istəməməyimi tələb edirlər! Görən "Koçak Gold" şirkətinin himayədarları kimdir ki, Azərbaycan şirkətinə göstərilən xidmət üzrə edilməli olan ödənişin ödənilməsinə maneə törədirlər?  Azərbaycan  dövlətinin vergisini kim ödəyəcək? Bundan sonra sahibkar məhkəmə sisteminə necə inansın? Hakim Etibar Mustafayevin nə marağı var ki, 2 aydır qərarı vermir?

"Koçak Gold" qaçaqmal yolu ilə Azərbaycana qızıl gətirib, yəni Azərbaycan dövlətinə vergi ödəmədən ölkə ərazisinə qızıl, qiymətli daşlar gətirib satıblar. Bunu nə dildə və hansi formada yazaq ki, qaçaqmalçılar cəzalarını alsınlar?"

2011-ci ilin dekabrında Bakı şəhərində Türkiyənin məşhur "Koçak Gold" şirkətinin qızıl-zinət əşyaları daşıyan nümayəndələrinə "mahmudovçu"lar tərəfindən planlanan hücum olub.

Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin rəisi, general-mayor Sübahir Qurbanovun rəhbərlik etdiyi dəstə üzvləri Pehlivan Hamit Ahmeti saxlayıblar. Ondan ölkəyə gətirdiyi 40 kiloqram çəkidə olan qızıl-zinət əşyaları götürülüb. Ona qarşı MTN-in İstintaq İdarəsində Cinayət Məcəlləsinin 206-cı (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb. Pehlivan Hamitdən onun qızıl-zinət əşyalarını ölkəyə qaçaqmalçılıq yolu ilə gətirməsini təsdiqləyən ifadə alınıb. Sonradan isə "mahmudovçu"ların klassik pul qoparma sxemi işə düşüb.

Məlumata görə, Pehlivan Hamitin azad edilməsi üçün danışıqlara başlayan "mahmudovçu"lar onun azad edilməsi üçün böyük məbləğ istəyiblər. Bir aya yaxın davam edən get-gəldən sonra Pehlivan Hamitin ölkəyə qaçaq yolla gətirdiyi 40 kiloqram qızılın müsadirəsi və 50 min dollar qarşılığında yüngül cəzaya məhkum olunması razılaşdırılıb. Həmin qızıl-zinət əşyalarının 1 kiloqram 360 qramı dövlət nəfinə müsadirə edilib. Yerdə qalan 39 kiloqrama yaxın qızıl-zinət əşyaları "mahmudovçu"larda qalıb. Bu gün də həmin qızıl-zinət əşyalarının harada olduğu araşdırılmayıb. Pehlivan Hamitin cinayət işi üzrə materialları Yasamal Məhkəməsinə göndərən "mahmudovçu" generallar Pehlivan Hamitin sonradan yüngül cəza ilə azad edilməsinə nail olublar. Belə məlumatlar var ki, "Koçak Gold"un Azərbaycandakı sonrakı fəaliyyəti "mahmudovçu"ların nəzarəti altında həyata keçib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31