Gənc ekoloqlar Hövsan Aerasiya Stansiyasında olublar
15 Noyabr 2018 12:21 SosialAzərbaycanda içməli su təchizatı və kanalizasiya sistemləri sahəsində çalışan mütəxəssislərin peşəkarlığının və praktiki təlim vərdişlərinin, gənc kadrların bu sahəyə marağının artırılması istiqamətində kompleks tədbirlər davam etdirilir. Eyni zamanda, təlim-tədris işinin müasir səviyyədə qurulması, texniki-mühəndislik xidmətlərinin innovativ metod və təcrübə əsasında inkişaf etdirilməsi istiqamətində işlər həyata keçirilir. "OLAYLAR"-a "Azərsu" ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, kompleks tədbirlər çərçivəsində Bakı Mühəndislik Universitetinin bir qrup tələbəsi Hövsan Aerasiya Stansiyasında olmuşdur. Səfər zamanı tələbələrə tullantı sutəmizləyici qurğuların iş prinsipi, tullantı sularının təmizlənməsi və zərərsizləşdirilməsi texnologiyası, buradakı laboratoriyada analizlərin aparılması prosesi barədə məlumatlar verilmişdir. Stansiyanın ərazisində təşkil olunmuş gəzinti zamanı ekologiya mühəndisliyi ixtisası üzrə təhsil alan tələbələrə "Azərsu" ASC-nin ekoloji sahədəki fəaliyyəti barədə geniş bilgilər verilmiş, onları maraqlandıran suallar cavablandırılmışdır.