Mənasını dərk etmədən geyindiyiniz köynəklər...
14 Noyabr 2018 13:18 SosialÜzərində müxtəlif simvollar və yazılar istehsal olunan məhsullar (köynəklər) vasitəsilə Amerika və Avropa öz mədəniyyətini təbliğ edir
Son vaxtlar paytaxtda yerləşən müxtəlif brend mağazalarda satılan paltarların üstündə xarici dillərdə vulqar ifadələrin yer alması, əxlaqa zidd fotoların olması və müxtəlif təriqətlərin bir parçası olan işarələr qeyd olunur. Belə köynəklərdə cinayət tərkibli yazılara belə rast gəlirik. Şəhərin brend mağazalarının birində satılan köynək üzərində ingiliscə yazılıb: "Mən bacımın sevgilisini oğurladım. Hər şey qasırğa kimi bir anda baş verdi və biz bir həftə ərzində valideynlərimizi öldürdük, sonra da səyahətə çıxdıq".
İnsanlar əksər hallarda bu kimi sözlərin tərcüməsini bilmədən belə köynəkləri üzərlərində daşıyırlar.
Bu cür cinayət tərkibli sözlər, vulqar ifadələr, əxlaqa zidd olan fotolar və müxtəlif təriqətlərin işarələri insanların şüuraltına təsir etdiyi üçün cəmiyyətdə həyacan siqnalı yaradır.
Olaylar.az mövzu ilə bağlı sosioloq və psixoloqların yanaşması ilə tanış olub.
Psixoloq Alidə Əhmədovadan öyrəndik ki, bəzi ölkələrdə insanlarin psixologiyasına mənfi təsir edən geyimlərin satışına qadağa qoyulub.

O bildirdi ki, geyimlərin üzərində yazılan yazıları bir çox insanlar mənasını bilmədən görünüşünə aldanaraq alırlar. Hətta yaşlı nəsildəndə bu geyimlərdən istifadə edəni olur. Acınacaqlı olan odur ki, bu tip yazılar uşaq geyimlərində də mövcuddur.
Bəs mənasını dərk edən insaları bu tip geyimlərə cəlb edən nədir?
A.Əhmədova qeyd etdi ki, cəmiyyətdə fərqli biri olmaq, fərqliliyini cəmiyyətdə əks etdirmək kimi istəkləri olan şəxslər məhz belə geyimlərə üstünlük verirlər.
Psixoloq Lalə Hüseynova psixopatologiya müalicəsinin yaradıcısı Ziqmund Freydin sözlərini xatırlatdı: "O, şüuraltını cəhənnəm adlandırıb".
.jpg)
L.Hüseynova bildirdi ki, bəzi reklamlarda eləcə də filmlərdə, geyimlərdə şüuraltı mesajlar özünü göstərir. Fərqinə varmadan gün ərzində gördüğümüz, duyduğumuz hər bir şey şüurumuza, oradan isə şüuraltına toplanır. Şüuraltı mesajlar qavranıla bilməyəcək mesajlar kimi görünür.Amma müəyyən müddət sonra davranışlarımızda özünü göstərir və bizə təsir etməyə başlayır. Bilinçaltı, uşaqlarda hətta ananın hamiləlik dövrünün 3 aylığında özünü biruzə verir. Ananın keçirdiyi bütün duyğular düşüncələr uşağa təsir edir. Demek olar ki, uşaq dünyaya ağ kağız kimi gəlmir. Hətta 3 aylığından 3 yaşına kimi yazılan şüuraltı mesajlar uşağın bir ömür boyu həyat prosesində ona təsir edir.
Psixoloq çox TV izləməyin şüuraltına təsirindən danışdı:
"Tədqiqatlara görə tv ya baxın insaların çoxunun beyni zəif işləyir. Daha dəqiq desək beyində ki, betta aktiv dalğaları, passiv alfa dalğalarına keçdiyinə görə beyin yavaş çalışır. Bu isə insanı şüuraltı idarə etməyə başlayır. Olduğumuz hər bir məkan, getdiyimiz hər bir yer müəyyən müddət sonra yazılar və şifrələr biz hiss etmədən bizi idarə edir"
O, məsləhət verid ki, şüuraltına təmizləmək üçün özünüzə hər zaman müsbət auralar yükləməliyik.
Sosiloq Əhməd Mənsurov mağaza sahibləri və işçilərinin mövzuya yanaşma da etinasız olduqlarını, xarici dildə anlamayan şəxsləri xəbərdarlıq etmədiklərini bildirdi:
"İnsanların bilməyərəkdən ətrafa şiddət, aqressiya göstərən bu cür yazılı köynəkləri alması məlumatsızlıqdan qaynaqlanır.Mağaza sahibləri və satıcılar həssaslıqla düşünməlidir ki, yaşlı bir insan üzərində təhqiramiz ifadə olan köynəyi geyinməklənə qədər gülünc vəziyyətə düşə bilər".
.jpg)
O qeyd etdi ki, mağazalarda satılan köynəklərin üzərində olan yazılar müxtəlif qrupların fərqli görsənmə arzularından irəli gəlir: "Müəyyən qruplaşmalar var ki, onlar eyni simvol və yaxud da yazıları olan geyimlərlə cəmiyyətə mesajlar göndərir.Onların içərisində panklar və satanistlər də yer alır. Vaxtilə müxtəlif sosial aksiyalarda istifadə olunan yazılı köynəklər təəssüflər olsun ki, hazırda sosial şəbəkələrdə olan zorakı trendlərlə əvəzlənmişdir".
Sosioloq Sahib Altay mövzuya iki məqamı qeyd edərək başladı: iqtisadi quruluşun sosial münasibətlərə təsiri və mədəniyyətin dominantlığı.
.jpg)
O, bildirdi ki, iqtisadi quruluşla, cinslərarası münasibətlər bir-birinə təsirsiz ötüşmür. Ya iqtisadi quruluş cinslərarası münasibətlərə təsir edir, ya da cinslərarası münasibətlər iqtisadi quruluşa. Yəni iqtisadi quruluş dəyişdikcə, toplumların şüuraltına həkk olunmuş ənənəvi əxlaq və etiket qaydaları da zaman-zaman dəyişikliyə uğrayır.
"Əsərlər bəşəri, müəlliflər isə millidir. Bəşəri düşüncəni təbliğ edən elmi və ya bədii əsərləri bəşəri düşüncəli müəlliflər yazır, ancaq sonradan onlar məxsus olduqları toplumlar tərəfindən milliləşdirilib, qürur mənbəyinə çevrilirlər. Xalqlar dünyaya verdikləri töhfələrə görə fəxr edirlər. Yəni sən hansısa xalqsansa, sənin xalq olaraq dəyərini, dünyanın ictimai, sosial, siyasi və.s. həyatına verdiyin töhfələr təşkil edir. Hansı xalq hansı mədəniyyətin yaradıcısıdırsa, həmin xalq o mədəniyyətdə dominant olur. Məsələn, İslam dinini ortaya çıxaran, təbliğ edən və populyarlaşdıran peyğəmbər ərəb idi və artıq istər-istəməz Ərəbistan bu dinin mərkəzinə, dominantına çevrilir. İslam Ərəbistanda yox, Azərbaycanda doğulsaydı, yəqin ki, müsəlman həcc ziyarəti üçün Məkkəyə yox, Bakıya gələcəkdilər. Bu günkü iqtisadi quruluş hər nə qədər tam olaraq formalaşmasa da yüksək istehsal və idxal imkanları olan sənaye üzərində qurulmuş kapitalizmdir. Bu iqtisadi quruluş da öz mənbəyini XVIII əsrin əvvəllərində İngiltərədə baş verən sənaye inqilabından götürü. Demək bu quruluşun mərkəzi Avropadır və Avropa bu quruluşun dominantıdır".
Sahib Altay cəmiyyəti təşkil edən 5 amildən ikisinin mədəniyyət və siyasət olduğunu xatırlatdı:
"İndi bütün fərqli məqamları birləşdirib, ortaq məxrəcə gəlsək bu günkü elmi intibahda, texnoloji inqilabda və iqtisadi quruluşda Avropa dominantdır. Yəni bu quruluşun yaradıcısı odur. Avropanın xarici siyasəti ancaq yüksək istehsal və satıcılıq qabiliyyəti üzərində qurulub və hər hansı bir istehsalçı şirkətin psixoloqu, məsləhətçi sosioloqu müxtəlif ölkələrin, xalqların mentalitetinə, cinslərarası münasibətlərinə yaxşı bələddir. Məhz bunun sayəsində üzərində müxtəlif simvollar və yazılar istehsal olunan məhsullar vasitəsilə Amerika və Avropa öz mədəniyyətini də təbliğ edir. Eyni zamanda bu simvollar və işarələr toplumların aclıq çəkdiyi ehtiyaclar üzərində qurulur. Bu gün yüngül sənayenin ən populyar sahəsi paltar istehsalıdır. Hətta bu gün media orqanlarının, televiziyaların, verilişlərin sponsorluq vəzifəsini müxtəlif brend geyim mağazaları öz üzərinə götürə bilir. Kapitalizm zahiri gözəlliyə xidmət edir. İndi hər kəs gözəl görünmək arzusundadır. Paltar satışı o qədər sürətli və populyardır ki, artıq insanlar geyindikləri geyimlə bir-birilə yarışırlar. Bu da təbii ki, inkişaf etmiş ölkələrin yox, sivilizasiyadan kənarda qalmış, satan yox, alan toplumların insanlarının mənfi göstəricisidir. Sənayenin bu populyar sahəsi vasitəsilə bizim yaşadığımız aclıqlardan, ehtiyaclardan dolayı şüuraltımızda ilişib qalan ifadələr yazılı şəkildə təbliğ olunur. Qeyd olunan həmin brend məhsulların, xüsusilə də köynəklərin üzərindəki əksər yazılar və simvollar cinsi münasibətdə azadlığı əks etdirən simvollardır. Bu da təbii ki, biz və bizim statusumuzda olan ölkələrin mentallığına, mentallıqdan doğan cinsi aclığa hesablanmış simvollardır".
Sosioloq qeyd etdi ki, bir çox hallarda insanlar geyindikləri paltarın üzərindəki yazının mənasını bilmir. Ancaq istehsalçı üçün köynək sahibinin o yazının mənasını bilməsi önəmli deyil:
"Əsas odur ki, alıcı o köynəyi alsın və üzərində daşısın, onu həmin qiyafədə görən yüz nəfərdən üçünün ingiliscə yazılmış həmin yazını çözməsi kifayət edir. Bu, siyasətin bir qoludur. Bir də var, sırf təşkilatlar üçün nəzərdə tutulmuş simvollar ki, bu da birbaşa olaraq istehsalçının öz ölkəsinin daxili siyasətinə xidmət edən bir metoddur. Məsələn, üzərində ABŞ-ın bayrağı olan kepkalar və köynəklər var.
Bu, nəyə xidmət edir?
Təbii ki, iqtisadi və mədəni dominantlığın sayəsində iqtisadi müstəmləkəçiliyə. Həmin brend və marka ABŞ-a məxsusdur, sən onun orijinalını öz ölkəndə istehsal edə bilməzsən. Etsən belə yüksək məbləğdə qonorar ödəməli və qeyd olunan şərtlərlə fəaliyyət göstərməlisən və eyni simvollar vasitəsilə təkcə paltar vasitəsilə öz ölkəsinə qarşı sevgi yarada bilir bir istehsalçı şirkət. Şüuraltı təbliğ tarixdə ən populyar təbliğ vasitəsidir. Qədim Misirdə taxılçılıq təsərrüfatını inkişaf etdirmək üçün firon taxıl sahəsinin ətrafında camaatı toplayıb, özü də onların qarşısında Tanrı rolu oynayırdı. Bu vaxt kişilər əllərində qadınların cinsiyyət orqanına oxşar balıqqulağı, qadınlar da kişilərin cinsiyyət orqanına oxşar, palçıqdan düzəldilmiş maketlər tutaraq dua edirdilər.
Bunun mahiyyəti nə idi?
Təbii ki, firon bu təbliğat vasitəsilə insanlara şüuuraltı olaraq təsir edirdi ki, cinsi münasibət qurun, çoxalın, işçi qüvvəsi artsın, təsərrüfatı inkişaf etdirək. Burada fikrimi tamamlamaq istəyirəm. Sivilizasiyadan, elmi, texnoloji inkişafdan kənarda qalan toplumlar bu təbliğat vasitələrindən qaça bilməzlər və bu yolla dominantlar həm pul qazanır, həm də öz mədəniyyətlərini rituallaşdırıb, siyasi gücə çevrilirlər. Təbii ki, bu gün brend paltar markalarının üzərində olan bu simvollar şüuraltı təbliğin nəticəsində insanları köləyə çevirir və bir toplumu, başqa bir toplumun mədəni və iqtisadi müstəmləkəsinə çevirir. Çıxış yolu yalnız inkişafdadır. Biz elmi tərəqqiyə nail olmamış, bu müstəmləkəçilikdən qurtula bilmərik..."
Nigar Orucova