“Martin İden” – uşaqlıq yalanımız

"Martin İden" ən çox oxunulan, ən çox sevilən romanlardan biridir. Əksər oxucular Martini müdafiə edirlər. Martin Rufun söhbətlərindən öyrənir ki, yazıçılara qəzetlər, jurnallar yüksək qonorar verirlər. Ağır zəhmətlə pul qazanmaqdan bezən Martinin ədəbiyyat sevgisində maddi maraqlar var idi, O, öz eqosuna, öz şöhrətpərəstliyinə məğlub olur. Kübar həyata lağ etsə də məhz elit təbəqədə təmsil olunmağın həsrətini çəkir. Müəllif Cek London burada kübar görünüşlü ailələrin necə cahil olduğunu göstərir. Martin İden istəyinin ən maksimumuna çatır. Onun məqsədi Rufa qovuşmaq deyildi. Əslində onun məqsədi Rufu əldə etmək imkanına sahib olaraq öz eqosunu təmin etmək idi. Martin ali duyğularla yaşamaqdan daha çox hayqıraraq, bağıraraq demək istəyirdi ki, mən varam, mən mövcudam. Sənətin yaranışının səbəblərindən biri də insanların öz mövcudluqlarını isbat etmə ehtiyacı deyilmi?                                                                Romanı müxtəlif zamanlarda 4 dəfə oxumuşam. İlk dəfə Martin İdenə yazığım gəlib. 15 yaşım vardı. Onu anlamağa çalışmışam. Martin İdenın ədəbiyyat sevgisinin həqiqi olduğuna inanmışam. O zaman ağlıma gəlmirdi ki, Martinin məqsədi həqiqi ədəbiyyata xidmət etmək deyil, cəmiyyətdə öz yerini tapmaqdır. Bəs ümumiyyətlə öz yerini tapmaq nə deməkdir? İnsan öz yerini tapdığından necə əmin ola bilər? Öz yerində olub-olmadığını təyin edən bir cihaz varmı? İnsanlara "yerindəsən" sualını vermək doğrudurmu? İnsanlar eqolarına sığınıb deyə bilərlər ki, mən öz yerimdə deyiləm, daha üstün yerlərdə olmalıyam və s. Axı insanlar özləri haqqında yüksək fikirdə olurlar.

Əsəri oxuyarkən iki tərəf arasındakı ziddiyəti görürük.

1)         Kitab oxuyub anlamayanlar və sənətə, mədəniyyətə dəxli olmayan söhbətlər edənlər.

2)         Sənəti anlayıb aclıqdan əziyyət çəkənlər, cəmiyyət tərəfindən ciddi qəbul edilməyənlər

Bu müqayisə indi məmləkətimizdə də aktualdır. Çünki ölkəmizdə neçə yaltaq, xaraktersiz, qətiyyətsiz adam cəmiyyətə məcburən istedadlı şair, dəyərli yazıçı kimi təqdim edilib? Martin İdenin aşiq olduqdan sonrakı inkişafı Şərq poeziyasındakı ilahi eşqin doğurduğu zərurət deyil. Martin aşiq olduqdan sonra Rufla arasındakı ziddiyətlərin nə qədər dərin olduğunu anlayır. Bu məqamdə belə bir sual yaranır: İnsan özünü isbat etməyə cəhd etməlidirmi? Özünü isbata cəhd göstərmə eqo deyilmi? Əlində Martin dənizçilik fəaliyyətinə davam etsəydi daha uğurlu olmazdımı? Martin İden cəsarətsiz deyil, sadəcə köntöydür, bizim kəndimizdə belələrinə yontalanmamış adam deyirlər. Onun cəsarəti küçə döyüşlərində açıq-aşlar görünür. Martinin israrını, iradəsini yüksək qiymətləndirmək lazımdır. Nəşriyyatlar onun yazılarını dəfələrlə geri qaytarsalar da, o iddiasından imtina etmir, yazmağa davam edir. Əsas sual da budur ki, o çap olunmağı həsrətlə gözləyir yoxsa çapdan gələn pulu? Bunu bəlkə heç Cek London özü də bilmirdi.

Martin İdeni 15 yaşımda gecə saat 12- dən səhər 6-ya qədər birnəfəsə oxumuşdum. Anam deyirdi ki, maraqlı əsərləri çalış tez bitirməyəsən. Sonra belə maraqlı əsərlər tapmaya bilərsən. Kitabı oxuyub bitirəndən sonra peşman oldum. Gərək tez oxumayaydım. İrvinq Stounun "Yaşamaq yanğısı" əsərini də belə sürətli oxumuşam. Zamanla anladım ki, sürətli oxumaq kitabı yaxşı mənimsəməyə imkan vermir. Martin İden uşaqlıq yalanımızdır. Uşaq sadəliyi ilə Martinin saf qəhrəman olduğunu düşünürdük. Bu əsər SSRİ- də yüksək səviyyədə təbliğ olunurdu. Təbii ki, səbəb Cek Londonun sol meyilli olmasıdır.  Martin İdeni qazandığı böyük pullar və hədsiz şöhrət məhv edir. Məsələn mən bu yaşda böyük pul və şöhrət əldə etsəm bu cür yüksək uğurları idarə etməkdə çətinlik çəkərəm. İndi mən yüksək şöhrətə hazır deyiləm. Bu gün bizi saytlarda 500-1000 nəfər oxuyur, bir gün yuxudan qalxıb görsək ki, 500 min, 1 milyon soydaşımız kitab oxuyur. O halda nə edəcəyik? Biz belə sürpriz yeniliklərə hazırıqmı? Mən şöhrətin və pulun sənət adamlarını necə bitirdiyini görmüşəm. Martin Pajın dediyi kimi, sənətə pul və şöhrət mənbəyi kimi baxmaq tərbiyəsizlikdir. Martin İden şöhrətə hazır deyildi, Martin İdeni şöhrətə hazır olmaması məhv etdi. Bəlkə elə Cek London da şöhrətə hazır deyildi.

Bütün mənfi və müsbət tərəflərinə baxmayaraq bu romanı dəfələrlə oxumağa dəyər. Oxuyun ki, özünüzü bayağılaşmaqdan xilas edə biləsiniz.

Nicat Həşimzadə                                                                                     

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31