Samir Şərifov: “Bələdiyyə seçkilərinin keçirilməsi üçün 54 milyon manat ayrılacaq”

2019-cu ildə qeyri-neft sektorunun inkişaf etdirilməsi məqsədilə kənd təsərrüfatı işçilərinin vergi güzəştinin daha 5 il müddətinə uzaldılması nəzərdə tutulur.

Bunu maliyə naziri Samir Şərifov Milli Məclisdəki büdcə müzakirələrində bildirdi. Nazir qeyd etdi ki, kənd təsərrüfatına ayrılan xərclər cari illə müqayisədə 10,5 faiz artırılaraq 835 milyon manat həcmində proqnozlaşdırılıb. Əkin sahələrinə görə veriləcək subsidiyaların həcmi 123 milyon manat olacaq. Beləliklə, kənd təsərrüfatına ayrılan birbaşa və dolayı subsidiyaların həcmi 543 milyon manat həcmində olacaq.

Turizmin inkişafı məqsədilə 63 milyon manat vəsait nəzərdə tutulub. Şəhid ailələrinə birdəfəlik müavinətin verilməsi üçün isə büdcədən 50 milyon manat vəsait ayrılacaq.

S.Şərifov bildirdi ki, 2019-cu ildə səhiyyə xərcləri 41,8 faiz, təhsil xərcləri 11 faiz, elm xərcləri 4,2 faiz artımla proqnozlaşdırılıb. Dövlət büdcəsindən transfertlərin həcmi artırılaraq 1 milyard manata çatdırılıb. Nazir onu da bildirdi ki, gələn il ölkədə bələdiyyə seçkilərinin keçirilməsi üçün 54 milyon manat vəsait ayrılacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31