Biz danışmaq istəyirik!

Məktəb şagirdləri və ümumən kiçik yaşlı uşaqlar çox zaman öz fikirlərini ifadə etməkdə çətinlik çəkirlər. Bu hal onlarda təkcə dərs saatlarında deyil, məktəbdənkənar, gündəlik həyatlarında da problem dərəcəsindədir. Təəssüf ki, bu problem yalnız azərbaycanlı uşaqlarda müşahidə olunur. Xaricdə azərbaycanlı valideynlərdən və müəllimələrdən fərqli olaraq uşaqlara, şagirdlərə fikirlərini sona qədər çatdırmaları üçün onları səbrlə dinləyirlər. Uşağın kiçik  görünə biləcəyi psixoloji problemi onlar üçün artıq böyük problemdir və bunun həlli üçün ciddi düşünürlər.

Bizim cəmiyyətimizdə böyüyən və təhsil alan uşaqların isə hər gün rastlaşdıqları problem fikirlərinə hörmət edilməməsi, özgüvənin aşağı olması, qərarlarının ciddiyə alınmaması və.s Valideynlərin və müəllimələrin bəzən diqqətini çəkən bu problemin həlli yolu necədir? Məsuliyyət daha çox kimin üzərinə düşür?

Olaylar.az problemin aktuallığını nəzərə alaraq təhsil üzrə ekspertlər və psixoloqların fikrini  öyrənib.

Təhsil üzrə ekspertNadir İsrafilov bildirir ki,  təlim və tərbiyə bir sosial element kimi cəmiyyətin digər üstqurum və bazis elementləri ilə şərtlənir: "Mövcud əxlaqi keyfiyyətlər, sosial, iqtisadi, hüquqi və s. münasibətlər təlim-tərbiyə prosesinə təsirsiz ötüşmür. Deməli təhsilin vəzifəsi təhsil alanlara təkcə müəyyən bilik bacarıq və vərdişləri aşılamaq deyil, həm də tərbiyəedici və inkişafetdirici əsas funksiyanı yerinə yetirir ki, bu zaman pedaqoji prosesin bütün sahələri qarşılıqlı vəhdətdə çıxış edir. Yəni, təlim prosesi tərbiyə funksiyasını həyata keçirdiyi kimi, tərbiyə prosesi də təlim prosesinə təsir göstərir, ümumi məqsəd baxımından pedaqoji prosesin hər bir sahəsi bu və ya digər funksiyanın yerinə yetirilməsində dominant rol oynayır. Pedaqoji proseslə bağlı bəzi mühüm məqamları xatırlatmaqda məqsədim ondan ibarətdir ki, pedaqoji prosesin elementləri bir-biri ilə qarşılıqli vəhdətdə olub, bir-birini tamamlayır. Onlar birlikdə vahid və bütöv pedaqoji prosesi təşkil edir, şəxsiyyətin hərtərəfli və ahəngdar inkişafını tənzimləyir. Çünki, təhsil insanın bilik, bacarıq və vərdişlər sisteminə yiyələnməsi, bu zəmində onun dünyagörüşünün formalaşması, tərbiyə və inkişafı prosesi, habelə onun nəticəsidir".

Ekspert qeyd edir ki, təhsil sahəsində ən çox qəbul edilən nəzəriyyələrdən birində təhsilin əsas vəzifələrdən biri kimi anlamın mükəmməlləşməsinə kömək etmək vəzifəsi müəyyənləşdirilib: "Dərin anlam bizim məqsədimiz olmalıdır. Biz şagirdlərə müəyyən anlaşıqlı kontekstdə nəyin həqiqi, yaxud yalan, gözəl, yaxud zövqsüz, yaxşılıq, yaxud yamanlıq olduğunu dərk etməyə kömək göstərməliyik. Bu mövzular fərdə dünyanı öyrənməyə və onu daha yaxşı başa düşməyə can atmağa stimul verəcəkdir. Müəyyən biliklərə yiyələnərək, müstəqil həyata qədəm qoymuş gəncdə vətən təəsübkeşliyi, xalqına məhəbbət, vətəndaşlıq ləyaqəti olmayacaqsa, bu gənc nə qədər peşəkar ixtisas sahibi olsa belə onun vətəninə, xalqına lazımı xeyri dəyə biləcəyi bir o qədər də inamlı təsir bağışlamayacaq. Çünki təhsilin keyfiyyəti təkcə hansısa bilik məcmusuna yiyələnməklə ölçülməyib, cəmiyyətdə təhsil prosesinin vəziyyətini və səmərəliliyini göstərən, şəxsiyyətin vətəndaşlıq, peşə və məişət səriştəliliyinin cəmiyyətin tələblərinə uyğunluğunu nümayiş etdirən sosial kateqoriya kimi xarakteriza olunur. Uşaqları yalnız öz meyllərinə uyğun olaraq, yəni təbii proseslərə təqlid edərək inkişaf etməyə imkan vermək olmaz; "tərbiyə prosesi şüurlu və refleksiv səviyyə daşımalı, məqsədə nail olmalı, uşaqların dərin və həyati potensialını maksimum üzə çıxarmaq üçün texniki yardıma yönəlməlidir".

Nadir  İsrafilov bildirir ki, Azərbaycan Rеspublikasının Təhsil haqqında Qanunununda da birmənalı şəkildə dеyilir ki, başlıca vəzifə - dərin və hərtərəfli biliyə, bacarığa, praktik hazırlığa, yüksək mədəniyyətə, məsuliyyət hissinə, mütərəqqi dünyagörüşə malik оlan və оnu daim inkişaf еtdirməyə çalışan şəхsiyyət fоrmalaşdırmaq; müstəqil və yaradıcı düşünən, biliyinə, yüksək əхlaqi və mənəvi kеyfiyyətlərinə, dеmоktarikliyinə görə dünyanın ən qabaqcıl ölkələrinin vətəndaşları səviyyəsində dura bilən sağlam yurddaşlar yеtişdirmək və bununla yüksək sivlizasiyanı cəmiyyət qurmağa, Azərbaycanı dünyanın ən inkişaf еtmiş dеmоkratik dövlətlərindən birinə çеvirməyə qadir оlan "İnsan" tərbiyə еtməkdir: "Belə şəхsiyyətlər yеtişdirməkdən ötrü gənc nəsildə еlmi dünyagörüş fоrmalaşdırmalı, оna əqli, əхlaqi, mənəvi tərbiyə verilməli, digər maarifləndirici işlər aparılmalıdır. Əbəs yerə deyil ki,"Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda ikinci strateji istiqamət təhsil sahəsində insan resurslarının müasirləşdirilməsini nəzərdə tutur. Bu istiqamət innovativ təlim metodlarını tətbiq edən, təhsilin məzmununun səmərəli mənimsənilməsini təmin edən səriştəli təhsilverənin formalaşdırılmasına xidmət edir və özündə təhsilverənlərin peşəkarlığının yüksəldilməsi, təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsi üzrə yeni sistemlərin qurulmasını, ehtiva edir. O ki, qaldı məktəblilərin fikrilərini sərbəst şəkildə ifadə etmələrinə, bu kimi vərdişlərə uşaqları yiyələndirmək ilk növbədə ailədən başlamalı, məktəbdə isə sistemli şəkildə inkişaf etdirilməlidir. Yalnız məktəb və ailənin - müəllim və valideynin əlbir işi bu sahədə olan boşluqların doldurulmasında yardımçı ola bilər."

Şəms Uşaq İnkişaf Mərkəzinin psixoloqu Afaq Əmirli isə bildirir ki, istər böyük, istərsə də uşağın hər hansı məsələ ilə bağlı fikir söyləməsi üçün ilk növbədə bu fikir formalaşmalıdır: "Fikir özü, bu fikri söyləmək üçün söz ehtiyyatı və sözü deyə bilmək üçün özünə inam və güvən olmalıdır. Fikrin, münasibətin formalaşması üçün ilk növbədə uşağa düşünməyi öyrətmək, "nə baş verdi?" sualından əlavə "niyə baş verdi?" sualını vermək lazımdır".

Psixoloq qeyd edir ki, uşaqlarda kitab oxumaq vərdişini yaratmaq vacibdir: "Bu yük ilk növbədə valideynin və ədəbiyyat müəlliminin üzərinə düşür. Yaxşı olar ki, yay tətilinə müəllimlər uşaqlara oxumaq üçün ədəbiyyat siyahısı versinlər. Bu uşaqlara düşünməyi öyrətməklə yanaşı, söz ehtiyyatının da artmasına kömək edəcək. Və öncə vurğuladığım kimi, özgüvən və özünə inamın rolu böyükdür. Uşaq özünə inanmırsa, dediyində əmin deyilsə, fikrini heç vaxt sərbəst söyləyə bilməyəcək. Adekvat özgüvənin formalaşması isə valideyin və müəllimlərdən çox asılıdır. Odur ki, sərbəst fikir söyləməkdə uşaq çətinlik çəkirsə, təbii ki, bu problemin kökünü valideyn və müəllimlərdə axtarmaq yerinə düşər".

Ay An

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31