Tərbiyəsiz tərbiyəçilər - Ağlar günə qalmış ana dili

Züleyxa NADİR

Ağlar günə qalmış ana dili

Üçüncü  kursda oxuyurdum. Bir dəfə ədəbiyyatşünas qohumum söhbət əsnasında dedi ki, ya tam azərbaycanca danış, ya da rusca, dilləri bir-birinə qarışdırma. Bir də çalış ki, ədəbi dildə danışmaq vərdişi qazanasan. Onda ötən əsrin 70-ci illəri idi. Ölkədə rus dili hökmranlıq edirdi, ikinci ana dili kimi beynimizə hopdurulurdu. Hər yerdə rus dilində danışılırdı. Ona görə də  danışıqda rus  sözləri çox işlənirdi. İnsanlar yarı rus, yarı azərbaycanca danışırdılar. Amma bu qarışıq danışıq tərzi mətbuata  qətiyyən  yol tapa bilmirdi.  Heç bir mətbuat orqanında Azərbaycan dilinə qarışmış  rus sözü, yaxud  dialekt və şivələr yer almırdı. Radio-televiziyada da Azərbaycan dili tərtəmiz əks olunurdu.

İndi isə mənzərə tam başqadı. Şifahi nitq qalsın bir yana yazılı  mətbuatda, həmçinin də elektron KİV-də Azərbaycan dilinin "anası ağlar günə" qalıb. Kim necə istəyir, hansı  formanı seçir o cür yazır, o cür də danışır. Ədəbi dilin normaları, Azərbaycan  dilinin qrammatik qaydaları it-bata düşüb. Demək olar ki, bu məsələdə bir xaos yaranıb, ləhçə, şivə və dialektlər ədəbi dili üstələyib. Hələ onu demirəm ki, rus, ingilis sözləri, qardaş osmanlı  ləhçəsi gözəlim Azərbaycan dilinə qarışıb efirlərdə səslənir. Bu, çox pis haldır, hətta deyərdim ki, qorxulu tendensiyadı. Ədəbiyyat və mətbuat millətin ədəbi tərbiyəçisi və  xalqın yolunu maarifçilik işığı ilə aydınladan vasitədir. Amma tərbiyəçi özü "tərbiyəsizlik" edəndə vəziyyət  təhlükəli olur. Bu gün Azərbaycanda  həmin "tərbiyəsizlərin" meydan suladığı bir zamandı. Ədəbiyyat yaradanların çoxu  yazdıqlarında ədəbi dilin  normalarına əməl etmirlər. Dialekt və şivə obrazın dilində verilə bilər, bu, qəbulolunandı. Amma  yazıçının dilindən söylənən dialektlər əsərdə yer almamaılıdır. Eləcə də mətbuatdakı  dialekt və şivələr ədəbi dilə kölgə salır.

Hər millətin dili onun üçün sərvətdi, yüksək dəyərdi. Millət özünün dili ilə yaşayır, tarixdə qalır. Amma onun təmizliyinə, saflığına kölgə salan  dialekt və şivə, eləcə də xarici sözlər var. Ki... bu da çox ağrılıdr. Həmin neqativ hallar aradan qaldırılsın deyə dövlət  ana dili haqqında qanun qəbul edib. Amma bu qanunun müddəaları qəzet, jurnal və saytlar, reklam agentlikləri,  xüsusən də televiziya  və radio aparıcıları  tərəfindən durmadan pozulur. Çünki istər yazılı, istərsə də elektron KİV-də işləyənlərin çoxu  savadsız, peşəkarlıqdan uzaq, ana dilini mükəmməl bilməyən, dialekt və şivə ilə yazanlar, danışanlardı. Belələri peşəkar jurnalistikadan xəbəri olmayan, onun hüquq və vəzifələrini bilməyən,  jurnalist etikasından kənar olanlardı. Televiziyada, məsələn Tovuz ləhcəsində mahnı oxuyan müğənni, yaxud da Naxçıvan, Lənkəran, lap elə bakılı şivəsində aparıcılıq edən, dialekt sözlərdən istifadə edən şərhçilər, ekspertlər sübut edir ki, onlar  sadəcə həvəskarlardı, ana dilinin saflığının nə qədər vacib olduğuna əhəmiyyət verməyənlərdi. Əslində onları qınamaqdan çox, bu adamları ekranlara çıxarıb meydan verənləri, qəzet və saytlara dəvət edib ən yüksək maaşla təmin edənləri tənqid edərək savadlanmağa, doğru seçim etməyə dəvət etmək  daha doğrudu.

Teleseriallarda da eyni hal davam edir. Aktyorlar ədəbi dilin "anasını ağladırlar", hər kəs doğulduğu kəndin ləhçəsi ilə danışır, guya obraz yaradır. Azərbaycan dili müəllimi obrazını oynayan  aktryor  talış,  yaxud da lahıc ləhçəsi ilə danışır. Demirəm bu dillər pisdi, yox əlbəttə,  hərəsinin öz gözəlliyi var. Amma  hər hansı bir azərbaycanlı aktyorun, yaxud da aparıcının başqa dilin şivəsi ilə  efirdən, ekrandan danışması hər iki dilə hörmətsizlikdi. Qardaş Türkiyədə bəzi serialların reytinqi məzmunundan asılı olaraq ləhçə ilə ölçülür, xüsusilə də Qara dənizli ləhçəsi üstünlük  təşkil edir və bu, həmin serialın baxımlı olmasını şərtləndirən amil kimi nəzərə alınır. Çünki filmdəki obrazı oynayan aktyor özü qaradənizlidi. Bizdə isə bu, yerinə düşmür. Məsələn, Şamaxıda doğulub böyümüş bir aktyor gədəbəyli, yaxud da lənkəranlı obrazı yaratmağa çalışır, amma alınmır, sadəcə  ləhçələri bir-birinə qarışdırır və gülüş hədəfinə çevrilir. Bədii dilin normaları gözlənilmir, ədəbi  dilə kölgə düşür.

Hələ onu demirəm ki, dublyaj olunmuş filmlərdəki vəziyyət oldüqca gülüncdü. Bir baxırsan ki, Stalloni Şəki, Cennifer Lopes Bakı, Tom Kruz Saatlı, Monika Belluçi Gədəbəy, Alen Delon Gəncə, Madonna Tovuz  ləhcəsində danışır. Bu çox böyük rəzillikdi.  Doğrudanmı bu qədər məsuliyyətsizliyə gərək var? Dublyaja nəzarət edənlər ana dilinə qarşı bu qədərmi vecsizdirlər? Ana dilini bilməyənlərə baş rolu etibar etməyin adı nədi? Azərbaycan dilini mükəmməl anlamayanlar niyə efirlərdən əskik olmur?

Aparıcıların nitqində orfoepik qaydalara əməl olunmur, bəzən mətn emosional səslərlə oxunur, dinamik və sərbəst ifadələrdə qüsurlar baş alıb gedir, heca vurğusu düzgün səslənmir, lüğət tərkibindən qeyri-peşəkarcasına istifadə olunur, dilin intonasiyası pozulur və s. Bu neqativ halların aradan qaldırılmasının bir yolu var: rəhbərlik ana dilinin mükəmməl bilicisi olmalı, onu Allah qədər sevməli, dilin saflığını vətən sərhədlərinin keşiyində canı-qanı ilə dayanan əsgər kimi qorumalıdır. Vəssalam! Əks halda bu cür əyriliklər heç bir zaman düzəlməyəcək. Nə qədər ki, televiziya rəhbərləri peşəkar jurnalistləri  rusdilli və ləhcə ilə danışan, savadsız, ana dilinin gözəlliklərini və incəliyini anlamayan müğənnilərlə əvəzləyəcək dilimiz  bir o qədər məhv olacaq. Nə qədər ki, televiziyalarda Azərbaycan dilini mükəmməl bilməyən aparıcılar yersiz, süni, şit zarafatlarla, primitiv söhbətlərlə meydan sulayacaqlar, bir o qədər də  ana dilimiz  ucuzlaşıb hörmətdən düşəcək. Məhz belələrinin "xidmətidir" ki,  son illər Azərbaycan dilini bəyənməyən, ona xor baxan, başqa dillərər üstünlük verən bir nəsil formalaşıb.

Bu gün Azərbaycan dilinin keşiyində ötən əsrin 60-70-ci illərində olduğu kimi dayanmaq, yad dillərdən təmizləmək, saflaşdırmaq kimi tendensiya çox azdır. Azərbaycan ədəbi dili demək olar ki,  "zülüm-zülüm ağlayır", milli sərvət olmaqdan çıxıb. Ona görə də yerindən duranın ona soyuqqanlı yanaşmasına göz yummaq olmaz. Ana dilini  qorumaq hər kəsin müqəddəs borcudur. Bu borcdan qaçmaq millət olaraq bizi uçuruma aparır.

Bəlkə də ana dilini məhv edən, onu ağlar günə qoyan tərbiyəsizləri inzibati yollarla cəzalandırmağın vaxtı çatıb...

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31