Danış, qulaq asıram sənə....
7 Noyabr 2018 13:52 SosialMəktəb şagirdləri çox zaman öz fikirlərini ifadə etməkdə çətinlik çəkirlər. Bu hal onlarda təkcə dərs saatlarında deyil, məktəbdənkənar, gündəlik həyatlarında da problem dərəcəsindədir. Təəssüf ki, bu problem yalnız azərbaycanlı uşaqlarda müşahidə olunur. Xaricdə azərbaycanlı valideynlərdən və müəllimələrdən fərqli olaraq uşaqlara, şagirdlərə fikirlərini sona qədər çatdırmaları üçün onları səbrlə dinləyirlər. Uşağın kiçik görünə biləcəyi psixoloji problemi onlar üçün artıq böyük problemdir və bunun həlli üçün ciddi düşünürlər.
Bizim cəmiyyətimizdə böyüyən və təhsil alan uşaqların isə hər gün rastlaşdıqları problem fikirlərinə hörmət edilməməsi, özgüvənin aşağı olması, qərarlarının ciddiyə alınmaması və.s Valideynlərin və müəllimələrin bəzən diqqətini çəkən bu problemin həlli yolu necədir? Məsuliyyət daha çox kimin üzərinə düşür?
Olaylar.az problemin aktuallığını nəzərə alaraq təhsil üzrə ekspertlər və psixoloqların fikrini öyrənib.
Təhsil üzrə ekspert Kamran Əsədov ilk olaraq qeyd edir ki, Azərbaycanda orta məktəbi bitirənlər universitetə kifayət qədər sosiallaşmış halda gəlmirlər. "Bununla yanaşı bizim şagirdlərimizin özünü ifadə bacarığı çox aşağı səviyyədədir. Belə bir vəziyyətin alınmasına səbəb müəllimlərin bu ciddi məsələyə yetərincə diqqət yetirməməsi, həm də şagirdlərin məsuliyyətsizliyidir. Dünya pedaqoji təcrübəsinə əsasən deyim ki, şagirdlərin özünüifadə bacarıqlarının formalaşmasında inşa yazılarının da rolu danılmazdır. Amma demək olar ki, bütün şagirdlər onu yazmaq üçün ya internetin, ya da hansısa tanışının köməyindən istifadə edir. Uşaqlar inşa vasitəsilə ayrı-ayrı mövzular ətrafında öz fikirlərini bildirirlər. İnşa mövzuları məhdud çərçivə dairəsində olur. Sadəcə, vətən, ata, ana haqqında mövzularla yekunlaşır. Şagirdlərə imkan vermək lazımdır ki, həyatın bütün məsələləri ilə bağlı öz fikirlərini yürüdə bilsinlər, yalnız bir neçə standart mövzu ətrafında yazılar yazmasınlar".

Ekspert bundan başqa bu problemin yaranmasının müxtəlif səbəbləri olduğunu söyləyir: "Birinci səbəb ondan ibarətdir ki, sovet təhsil sistemində şagirdin müxtəlif mövzularda özünü ifadə etməsinə imkan yaradılmırdı. Hazırda isə diskusiya və debat mədəniyyətinin formalaşmaması, diskusiya qaydalarının tədris olunmaması, düzgün nəfəs almanın öyrədilməməsi, nitq mədəniyyətinin orta məktəblərdə ayrıca fənn kimi tədris olunmaması bunun səbəblərindəndir. Bu, təkcə məktəbdən qaynaqlanan problem deyil, eyni zamanda kökü ailədən gəlir. Əksər hallarda, bizim mental düşüncəmiz milli dəyərimizi qorumaq üçün uğurlu vasitə olsa da, bəzən bu mühafizəkar yanaşma bir çox problemlərə səbəb olur. Uşaqlara müxtəlif mövzular ətrafında öz fikirlərini ifadə etməyə imkan verilməməsi, istənilən məsələ haqda məntiqlə fikir yürütməyə çalışan uşağın fikirlərinin kəskin qarşılanması, valideynlərlə uşaqlar arasında ehtiyac duyulmayan pərdənin olması və s. Bu problemlər kompleks halındadır. Hesab edirəm ki, şifahi özünüifadə vasitələrinə daha çox yer vermək, şagirdlərlə müxtəlif mövzularda diskusiyalar aparmaq lazımdır. Bu, dərsdənkənar da, dərs prosesində də ola bilər. Ədəbiyyat, tarixlə bağlı mövzulara yer vermək olar. Hətta tarixi faktların özündə belə uşaqların müxtəlif fikirləri öyrənilməlidir. Onun kitabda necə yazılması yox, uşağın mövzuya necə yanaşması önəmlidir". Kamran Əsədov bildirir ki, şagirdlər hansısa tarixi hadisənin, bu gün baş verən proseslərin analitik təhlilini verə bilməlidirlər. "Şagird nəyi doğru, nəyi və niyə yanlış hesab edir? Öz fikrini arqumentləşdirmək bacarığı çox vacibdir. Bu gün şagirdlərin özünü ifadə bacarığının formalaşmasına mane olan səbəblərdən biri də test sistemidir. Test imtahanı modeli məktəbdəki uşaqların biliklərinin sərbəst ifadəsini, eyni zamanda da düşünə bilmək qabiliyyətini geri çəkir. Orta məktəblərdə şagirdlərin oxu günlərini keçirmək, onlara mütaliə etmək üçün çoxlu kitablar vermək lazımdır. Həftədə bir dəfə bu təşkil olunsa şagirdlərin özünü ifadə etmə bacarıqları formalaşar".
Peşəkar Psixologiya Mərkəzinin rəhbəri, psixoloq Nuriyyə Quliyeva rəhbərlik etdiyi mərkəzdə həm azərbaycanlı ailədə, həm də digər xalqların ailəsində böyüyən övladları müqayisə edir: "Onlar davamlı olaraq bizim mərkəzə də müraciət edirlər. İki ayrı -ayrı ölkənin uşaqlarının davranışlarında, xasiyyətlərində çox kəskin fərqlər mövcuddur. Burada həm ailənin, həm də müəllimlərin payı var. İlk növbədə hər bir uşağın davranışı, xarakterinin, xüsusiyyətinin formalaşmasında ailə üzvlərinin rolu danılmazdır. Ona görə ailə üzvləri, valideynlər uşağı böyüdərkən səhvləri aydın görməli və öz davranışlarındakı qüsurları aradan qaldırmalıdırlar. Bəzən onlar bu səhvləri doğru tərbiyə metodu olaraq görürlər. Məsələn, uşağa qadağa, cəza, müəyyən istəklərində məhdudiyyətlər qoymağı doğru hesab edirlər. Amma əslində bu üsul uşağın özgüvənini sarsıdır".

Nuriyyə Quliyeva digər xarici ölkə vətəndaşları olan valideynlərdən fərqli olaraq bizim ailələrin övladlarına söz və seçim azadlığı vermədiyini qeyd edir: "Bizim cəmiyyətdə böyüyən uşaqların təəssüf ki, sərbəst qərar vermə şansları yoxdur. Artıq uşaq dünyaya göz açanda valideynləri tərəfindən lüzumsuz qadağalarla qarşılaşırlar. Uşaq və onun ətrafı üçün təhlükəli və zərərli nələrəsə qadağa olmalıdır. Amma biz də valideynlər daha çox sakit uşaq böyütmək istəyirlər. Əslində isə valideynlər enerjili, nələrisə axtarmaq, kəşf etmək istəyən uşağın istəyini məhdudlaşdırırlar. Və "sakit otur", "ona toxunma", "onu açma", "ona əl vurma" və.s kimi həddindən artıq gərəksiz qadağalar tətbiq edirlər. Bu zaman uşağın davranışı ailə tərəfindən məhdudlaşır. Uşaq müəyyən mənada təbii ki, enerjili olacaq, nələrisə öyrənmək üçün nəyisə qıracaq, dağıdacaq, bəzən araşdıracaq."
Psixoloq valideynlər tərəfindən uşaqlara bir yaşından qadağalara qoyulmağa başladığını qeyd edir: "Yaş artdıqca təbii ki, bu qrup valideynlər qadağaların sayını da artırır. Daha böyük yaş qrupunda isə "böyüklərin sözünü kəsmə", "qonaq gedəndə sakit otur, yemək istəmə" və.s Bəzən uşağa lazımlı-lazımsız o qədər qayda-qanun diqtə edilir ki, gələcəkdə də uşaqda özgüvən problemi yaranır. Bunun nəticəsi olaraq qadağalarla böyüyən uşaqlar gənc yaşda olanda belə sərbəst qərar verə bilmir. Çox zaman hansısa mağazaya daxil olan ailələrə diqqət etsəniz görərsiniz ki, azərbaycanlı ailələr uşaqlarına seçim şansı vermirlər və onlar üçün özlərinin uyğun bildiklərini alırlar. Amma xarici ölkə vətəndaşı olan valideyn istənilən məhsulu alanda uşağına seçim şansı tanıyır, uşaq öz fikrini sərbəst şəkildə dilə gətirir və valideyn onun fikrini soruşur. Biz də isə tamamilə əksidir. Hətta bəzən valideynlər öz övladlarının seçdiyi hansısa əşyaya kobud münasibət bildirir. Onu zövqsüz adlandırırlar. Belə olan təqdirdə belə bunu uşağa açıq şəkildə demək olmaz. Yanlış seçim edən uşağı doğru seçimə yönəltmək mümkündür. Uşağın şəxsiyyətinin yavaş -yavaş formalaşma dövrü olanda seçdiyi əşya ilə valideynin yanına gəlir və ona fikrini ifadə edir, qərarını demək istəyir. Valideynin ani sərt reaksiyası nəticəsində uşaqda artıq özgüvən problemi, qərarsızlıq, fikrini ifadə edə bilməmə halları baş verir. Təbii ki, növbəti dəfə uşaq seçim etməyə çəkinəcək və hər dəfə səhv etdiyini düşünəcək".
Nuriyyə Quliyeva bu prosesi zəncirvari proses olduğunu və məktəbdə də davam etdiyini qeyd edir: "Uşaqlar məktəbdə də müəllimlərindən çəkinirlər. Hər dəfə səhv edərəm, yanlış cavab verərəm qorxusu ilə üz-üzədirlər. Bir çox müəllimlər şagirdin yanlış cavabını səbirlə izah etməkdənsə, sərt reaksiya verirlər. Təbii ki, bu halı bütün müəllimlərə şamil etmək doğru deyil. Müəllim şagirdin psixoloji vəziyyətini düşünməlidir. Qrup içində özünü necə hiss edəcəyini düşünmədən şagirdə kobud fikirlərini söyləmək yanlış addımdır. Ona görə şagirdlər doğru bildiklərini belə çox zaman söyləməyə çəkinirlər. Bu daha çox özgüvəni aşağı olan uşaqlarda rast gəlinir. Müəllim doğrunu uşağa elə izah etməlidirki, şagird növbəti dəfə "birdən, cavabım səhv olar" həyəcanını yaşamasın".
Psixoloq Nuriyyə Quliyeva özgüvəni aşağı olan uşaqların ilk hadisədə geri çəkildiklərinə diqqət edərək bildirir ki, istər valideynlər, istərsə də müəllimlər uşaqları dəstəkləməli, həvəsləndirməlidirlər. Odur ki,məktəbdə müəllimlər, evdə isə valideynlər uşaqlara bu sözü tez-tez deməlidirlər: "Danış, qulaq asıram sənə..."
P.S Mövzunu diqqətdə saxlayacağıq
Ay An