Ölkədə məşğulluq problemi aradan qaldırılır
6 Noyabr 2018 14:36 SosialVətəndaşların sosial müdafiəsi dövlətin əsas vəzifələrindən hesab olunur
Dünya ölkələrində iqtisadi təlatümün hökm sürməsinə baxmayaraq Azərbaycanda sosial layihələr uğurla icra edilməkdədir. Məlum olduğu kimi Avropa ölkələrində yaranan miqrant problemi əhalinin məşğulluq məsələsində özünəməxsus çətinliklər yaradıb. Azərbaycan Respublikası vətəndaşlarının əmək hüquqlarının qorunması, əmək, məşğulluq və əhalinin sosial müdafiəsi sahəsində səmərəli tədbirlərin həyata keçirilməsi, əmək qanunvericiliyinin təkmilləşdirilməsi, işçilərin maddi, sosial, mənəvi və digər həyati tələbatlarının ödənilməsi ölkədə aparılan sosial iqtisadi siyasətin əsas prioritet istiqamətini təşkil edir. Fakt ondan ibarətdir ki, ölkədə uğurla həyata keçirilən iqtisadi islahatlar nəticəsində Azərbaycan insan inkişafı sahəsində dünya ölkələri sırasında ən sürətli irəliləyişə nail olub. "Doing Business 2019" hesabatında Azərbaycanın tutduğu mövqe dediklərimizin əyani sübutu kimi qəbul oluna bilər. Azərbaycanda əhalinin məşğulluq probleminin həll edilməsi məqsədilə bir sara dövlət proqramları qəbil edilib ki, həmin dövlət proqramının əsas məqsədi əhalinin səmərəli məşğulluğun inkişafına yönəldilən siyasi, iqtisadi, sosial və institusional mühitin yaradılmasından ibarətdir. Xatırladaq ki, ölkədə bu məqsədlə çoxsaylı proqramlar qəbul edilərək uğurla həyata keçirilib. Konkret olaraq Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 14 aprel tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın, 2008-ci il 15 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı"nın və 2007-ci il 15 may tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə Dövlət Proqramının (2007-2010-cu illər)" icrası olaraq əhalinin sosial rifahının gücləndirilməsi, yoxsulluğun azaldılması, məşğulluğun artırılması, ümumilikdə ölkədə insan potensialının qorunması və inkişaf etdirilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilib. Hazırda Azərbaycan Respublikasında daxili potensialdan səmərəli istifadə edilməsi, iqtisadiyyatın liberallaşdırılması, iqtisadi fəaliyyət iştirakçılarına sağlam rəqabət şəraitinin yaradılması, kiçik və orta sahibkarlığın inkişafının təmin edilməsi yolu ilə məşğulluq probleminin aradan qaldırılması qarşıda duran vəzifələrdəndir. Etiraf edilməlidir ki, ölkədə həyata keçirilən məşğulluq siyasətinin qayəsində aztəminatlı ailələrin işlə təmin edilməsi prioritet təşkil edir. Bu məsələdə qaçqın və məcburi köçkünlər ön sıralarda durur. Təsadüfi deyil ki, "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"nın müvafiq bəndlərinə əsasən qaçqın və məcburi köçkünlərin məşğulluğunun gücləndirilməsi, onların işlə təmin olunması, müasir peşələr üzrə hazırlıq kurslarına, müvəqqəti xarakterli haqqı ödənilən ictimai işlərə cəlb olunması sahəsində müəyyən işlər görülür. Məlumat üçün qeyd edək ki, ümumilikdə 380 min nəfər əmək qabiliyyətli məcburi köçkündən 200 min nəfəri büdcə təşkilatlarında və digər sahələrdə daimi işlə, 161 min nəfəri isə müvəqqəti işlə təmin edilib. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli fondunun xətti ilə 2 min nəfərdən çox məcburi köçkün sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 44,3 milyon manat məbləğində güzəştli kredit verilib. Bundan başqa, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən 2001-2018-ci illər ərzində müxtəlif donor təşkilatların maliyyə dəstəyi ilə gəlir imkanları və məşğulluq probleminin aradan qaldırılması istiqamətində bir sıra layihələr həyata keçirilib. Belə ki, 2725 nəfər gənc məcburi köçkün peşə və kompyuter təlimlərinə cəlb edilib ki, onlardan 1892 nəfər gəncə kiçik sahibkarlığın başlanılması üçün lazımi alət və avadanlıq verilib. 399 məcburi köçkün icması üçün biznesin inkişafı və idarəedilməsi üzrə təlimlər təşkil edilib, icmalar əsasında MMC-lər yaradılıb, həmin müəssisələrə müvafiq texniki və maliyyə dəstəyi göstərilib. Eyni zamanda, Dünya Bankı layihəsi çərçivəsində2008-2011-ci illər ərzində məcburi köçkün gənclərin iqtisadi inkişafına və sosial inteqrasiyasına xidmət edən 101 icma mikrolayihəsi həyata keçirilib. Bunlardan, 14 idman kompleksi, 22 komputer mərkəzi, 16 gənclər-əyləncə mərkəzi, 13 məişət-tədris mərkəzi və 1 elektron kitabxana gənclərin istifadəsinə verilib. Həmçinin, müxtəlif illərdə icra olunan mikrokredit proqramları ilə 21480 nəfər məcburi köçkünə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün mikrokreditlər verilib. Ümumi olaraq, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun həyata keçirdiyi layihələr nəticəsində 28651 nəfər məcburi köçkün işlə təmin olunmuşdur və yaxud gəlir əldə etmək imkanı qazanıb. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"nın və ona Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 31 oktyabr tarixli 2475 nömrəli Sərəncamı ilə edilmiş əlavələrin icrası nəticəsində məcburi köçkünlər arasında yoxsulluq həddi 75%-dən 12%-ə enib. Nazirlər Kabinetinin 2000-ci il 6 noyabr tarixli 204 nömrəli "Kənd təsərrüfatı ilə məşğul olmaq üçün məcburi köçkünlərə kreditlərin verilməsi Qaydalarının və şərtlərinin təsdiq edilməsi haqqında" qərarına uyğun olaraq 2001-2002-ci illərdə büdcədən ayrılmış 2 milyard manat vəsait hesabına 1000 nəfərdən çox məcburi köçkünə kənd təsərrüfatı ilə məşğul olmaq üçün mikrokreditlər verilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə 2018-ci il iyunun 22-də Bakı şəhəri, Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində məcburi köçkünlər üçün əmək yarmarkası keçirilib. Məcburi köçkünlərin məşğulluğuna dəstək məqsədi daşıyan aktiv məşğulluq tədbirində Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə 70 müəssisədən 532 vakant iş yeri təqdim olunub. Heç şübhəsiz ki, bütün bunlara qlobal iqtisadi böhran şəraitində nail olmaq Azərbaycanın ciddi uğurlarından xəbər verir. Bu mənada əminliklə söyləmək olar ki, hazırki şəraitdə ölkə iqtisadiyyatının inkişaf tempinin daha yüksək göstəricilərlə ifadə olunacağı şübhə doğurmur.
Zəka