Elçin Mirzəbəyli: “Mətbuatın üzərinə çox böyük vəzifə düşür"

"Azərbaycan Prezidenti cənab İlham Əliyev Konstitusiyanın önəmli müddəalarının da qarantı kimi mütəmadi olaraq Azərbaycan dilinin saflığının qorunması ilə bağlı müvafiq göstərişlər verir, eyni zamanda sərəncamlar və fərmanlar imzalayır. Təbii ki, bu da cənab Prezidentin dilimizə verdiyi önəm və dəyərdən qanaqlanan bir addımdır".

Bunu siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

Onun sözlərinə görə, bu istiqamətdə mətbuatın üzərinə çox böyük vəzifə düşür: "Bu ilk növbədə mətbuatın özünə aid olan vəzifədir. Çünki bu gün xüsusilə də internet mediada Azərbaycan dili ilə bağlı çox ciddi pozuntular nəzərə çarpır. Amma bu günə qədər bu pozuntuların aradan qaldırılması və əgər qaldırılmayacağı təqdirdə isə onlara qarşı müvafiq tədbirlərin həyata keçirilməsi üçün çevik mexanizmlər yox idi. Hal-hazırda bu çevik mexanizmlərin hazırlanması prosesi gedir və təbii ki, bütün məqamların yer aldığı bir mexanizm ortaya çıxacaq. Mən buna qətiyyən şübhə etmirəm. Amma təkcə cəza mexanizmləri ilə bu problemi aradan qaldırmaq mümkün deyil. İlk növbədə orta təhsil müəssisələrindən, alimlərdən başlamaq lazımdır.

Sosial şəbəkələrdə Azərbaycan dilinin korlanması ilə bağlı çox ciddi problemlər var. Bu baxımdan ayrı-ayrı sosial şəbəkələr artıq bizim həyatımıza daxil olublar. Həmin sosial şəbəkələrdə Azərbaycan tətbiqlərinin olması ilə bağlı müvafiq addımlar atmaq lazımdır ki, Azərbaycan dili orada özünü tam əks etdirsin, eyni zamanda ayrı-ayrı tərcümə proqramları ilə də ciddi şəkildə işləmək lazımdır. Xüsusilə də "google translate"in (quql transleyt) tərcümə proqramında Azərbaycan dili ilə bağlı çox ciddi problemlər var. Bu da Azərbaycandan kənarda yaşayan soydaşlarımızın dilimizin öyrənməsi üçün ciddi problemlər yaradır. Online (onlayn) lüğətlərin, mətn lüğətlərinin və söz lüğətlərinin hazırlanması lazımdır. Bununla bağlı bu günə qədər bir neçə proqram var. "Application" (aplikeşn) də var amma bu "aplikeşn"lərin səviyyəsi həddindən artıq primitiv və aşağıdır. Dilçilik İnstitunun və Dil Komissiyasının iştirakı ilə yenilərinin hazırlanmasına və tətbiq olunmasına ehtiyac var. Əgər problemlər aradan qalxarsa, zənnimcə dilimizin saflığının qorunması ilə bağlı ciddi irəliləyişlərə nail ola bilərik.

Dilimizin korlandığı məkanlardan biri də teleməkanlardır. Burada daha çox problem şou proqram aparıcılarının, eyni zamanda dəvət olunan insanların Azərbaycan dilinin qanunlarına əməl edilməsi ilə bağlı problemlərdir. Onlar normal şəkildə öz fikirlərini ifadə edə bilmirlər və Azərbycan dilinin qanunlarına əməl edərək danışa bilmirlər. Ən adi bəsit cümlələrdə belə ciddi şəkildə problemlər olur. Bir qədər də Azərbaycan dilini terminologiyadan xilas etmək lazımdır. Xüsusilə də siyasi yük daşıyan yazılarla verlişlərdə istər ekspertlərimiz, istərsə də media nümayəndələrimiz daha asan, anlaşılan yazmağa və danışmağa çalışmalıdırlar. Terminologiya ilə dili yükləmək insanları dildən uzaqlaşdırır. Yəni teleməkan, media məkanı akademik dil üçün deyil".

sia

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31