Özünü arabaya qoşan tayfa başçısı - “Paralel dünyalar” sisiləsindən
5 Noyabr 2018 12:57 SosialElçin Hüseynbəyli
...Biz həmin yerə çatanda, qoca mələk: "Dediyim adam bax odur" -deyə barmağı ilə nurani bir qocanı göstərdi. Həmin adam ali məqam sahiblərindən biriydi və üst qatda bardaş qurub oturmuşdu. Biz bir az kənara çəkilib, qaya parçasının üstündə oturduq və qoca mələk mənə söz verdiyi əhvalatı aramla danışmağa başladı:
...Uzaqdan tozanaq qopdu. Qala gözətçisi diqqətlə kələ-kötür yola baxdı. Bir dəstə atlı onlara tərəf çapırdı. Gözətçi dərhal anladı ki, onlar düşmən tayfanın düşərgəsindən gəlirlər. Güman ki, düşmən tayfa düşərgəsini meşələrin atxasında qurmuşdu. Uzun illər öncə ərənlər tayfasının üstünə gələn və məmləkəti çapıb-talayan qurdbasar tayfasının döyüşçüləridir. Ötən dəfə onlar qıranı qırmış, qaça bilən isə dağa-meşəyə səpələnərək canlarını qurtarmış və sonradan qalaya qayıtmışdılar. Bunu o, qocalardan eşitmişdi.
Atlılar qala qapısına çatanda dayandılar.
-Biz Qarayurd adamları, qurdbasar tayfasının cəngavərləriyik, -deyə kəhər atın üstündəki başı dəbilqəli adam dedi. Şübhəsiz o, atlıların başçısıydı. -Ağanızla görüşməliyik. Şərtimiz var.
Qala gözətçisi bir söz demədi, fəhminin düz çıxdığını anladı. O, cırıldayan taxta pillələrlə aşağı endi və bir az keçəndən sonra qayıtdı.
-Ağam soruşur ki, o nə şərtdi elə?
-Biz sahibimizin şərtini yalnız ağanızın özünə deyə bilərik...
Qala gözətçisi yenə də gözdən itdi və bir ox məsafəsi qədər vaxt keçəndən sonra qala qapıları cırıltıyla, taybatay açıldılar.
Qurdbasar tayfası insan qanına yerikləyirdilər. Onlar qız uşaqları doğulan kimi öldürür, yalnız oğlan uşaqları saxlayırdılar. Oğlan uşaqlarını cəngavər kimi böyüdür və qənimət dalınca qonşu tayfaların üstünə göndərirdilər. Amma qəfil ayılmışdılar ki, tayfada qadın qalmayıb, doğar qarnı olanlar isə qocalıb əldən düşüblər. Bu yürüşdə onların məqsədi ərənlər tayfasını basmaq və qız gəlinlərini özlərinə kəniz etmək fikrindəydilər.
Ötən dəfə düşmənlər qəfil gəlmiş və ərənlər tayfasını qəfil haqlamışdılar. Bu dəfə isə ərənlər daha ayıq-sayıq idilər. Hər tərəfə gözətçi qüllələri qoymuşdular. Onların gəlməsini də bir az əvvəl elə qüllə gözətçiləri xəlvəti işarələrlə xəbər vermişdilər. Ərənlərin hazırlıqlı olmasını qurdbasarlılar da bilirdilər. Ona görə də birbaşa döyüşə girmək istəmirdilər. Onsuz da təzə və güclü cəngavərləri az idi.
Elçilər tayfa başçısına elə belə də dedilər. Dedilər ki, qız-gəlinlərin tən yarısını təslim etməslər, qalada daş daş üstdə qalmayacaq. Tayfa başçısı bu sözün qabağında heç fikirləşmədi də, qulamlarını çağırıb elçiləri qayadan atdırdı, yalnzı birini sağ saxlayıb geri göndərdi.
Elçi gedəndən sonra tayfa başçısı əmr elədi ki, döyüş hazırlığı görülsün. Davullar vuruldu, kərənaylar çalındı. Bu səsi düşmən tayfanın sərkərdəsi və cəmi döyüşçülər də eşitdilər. Elçi qayıdıb olanları sahiblərinə xəbər verdi. Ərənlərin tayfa başçısının elçiləri qayadan atdırdığını qorxa-qorxa dedi...
...Qurdbasar tayfası səhərə yaxın qalaya hücum etdi. Ondan qabaq isə qala müdafiəçilərinin canına vahimə salmaq üçün uzun uzadı kərənay çaldılar, davullar və daş qavallar döyəclədilər...
...Tərəflər arasında qanlı döyüş başladı, amma heç bir tərəf qalib gələ bilmədi. Düşmən məcbur olub çadırlarını qaladan bir az aralıda qurdu...
...Döyüş dayanandan sonra qalaya bir ox atıldı. Oxun ucundakı məktuba ərən başçısını qəzəbləndirən bir neçə cümlə yazılmışdı. Tayfa başçısı bu barədə heç kimə bir söz demədi, yalnız bir nəfər məktubda nə yazıldığını bilirdi, çünki oxu o özü götürmüş, məktubu da oxumuşdu. Həmin adam başçının ən yaxın dostu idi...
Tayfasının qırılıb qurtardığını görən başçının ən yaxın dostu, birinci sərkərdə arvadını da götürüb başçının yanına gəldi. Çünki məktubda yazılmışdı ki, tayfa başçısı ən yaxın dostunu öldürüb, onun hərəmini düşmən başçısına verməlidi. Əks təqdirdə hamını sona qədər qıracaq və tayfa başçısını arabaya qoşacaqlar. Tayfa başçısının arvadı döyüşdə öldürülmüşdü. Ərənlərin başçısı ya şərti qəbul eləməli, ya da özü-özünü arabaya qoşub qaladan çıxmalıdır. Qoy el-obası onun ağa yox, qul olduğunu bilsin.
Qurdbasarların da qüvvəsi tamam tükənmişdi, fikirləşirdilər ki, arxaya qayıdıb güc toplasınlar və başqa tayfalara hücum eləsinlər.
Dostu ərən tayfasının başçısı qarşısında diz çöküb, boynunun vurlumasını istədi...
...Səhər qala sakinləri düşmən tayfanın atəşfəşanlığına ayıldılar və qala hasarlarının üstündən boylandılar. Onların ağası belinə çul atmış və at arabasını özünə qoşmuşdu. O, at kimi başını aşağı salıb yeriyir, düşmən tayfanın adamları isə onu qovurdular və qova-qova da oradan uzaqlaşırdılar...
Ərən tayfasının başçısı özünü qayalıqdan uçuruma atdı...
Bununla da o, tayfasını qırılmaqdan xilas etdi və tayfa sağ qaldı, artıb törədi...
Noyabr, 2018