“MŞ haqqında yeni qanunla bağlı təkliflər və variantlar çoxdur” – Müşfiq Ələsgərli
2 Noyabr 2018 15:10 Sosial"Mətbuat Şurasına əlavə səlahiyyətlərin verilməsi zərurəti son vaxtlar meydana gəlib. Bu təkliflər "reket jurnalistika"ya qarşı mübarizənin effektivliyinin təmin olunması üçün yaranıb".
Bu fikirləri Mətbuat Şurasının sədr müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli deyib.
O bildirib ki, Mətbuat Şurası hər hansı bir KİV qurumu yaxud hadisə barədə rəy, tövsiyə və qərar verir, amma o qərarı icra etdirmək səlahiyyəti yoxdur: "MŞ ictimai qurumdur, mediada baş verən hər hansı bir hadisə barədə rəy verir, lakin onun icrası dövlət qurumlarından asılıdır. Çox təəssüf ki, hüquq-mühafizə orqanları və müxtəlif dövlət qurumlarının bu məsələyə diqqət çəkməyi müəyyən qədər vaxt alır. Vaxt uzandığına görə də bu cür neqativ KİV-lər öz əməllərini davam etdirirlər. Faktiki olaraq İkram Rəhimovun məsələsində MŞ onun haqqında ötən ilin sentyabrında qərar verib, amma hüquq-mühafizə orqanları onunla bağlı bu ilin oktyabrında tədbir gördülər. Göründüyü kimi, il yarım vaxt keçir ki, hər hansı bir tədbir görülsün. Bu da belə media qurumlarının vətəndaşlara daha çox ziyan vurmalarına şərait yaradır. Ona görə də təklif səslənir ki, MŞ-nın bu sahədə səlahiyyətləri artırılsın və Şura verdiyi qərarların icrasını təmin etmək ixtiyarında olsun".
Sədr müavini qeyd edib ki, təklif formasında təqribən iki variant var: "Birinci təklif ondan ibarətdir ki, media ilə bağlı olan qanunlara müəyyən dəyişikliklər edilsin, xüsusi olaraq KİV və informasiyalaşdırma haqqında qanunda KİV təsisçiliyi bölümlərinə əlavələr edilsin. Orda həm KİV təsisçiliyi üçün müəyyən baryerlər qoyulsun, həm də bu qurumlar barədə MŞ-nın rəyi soruşulsun, çünki Şura onlar haqqında doğru, düzgün məlumatı verə bilər. Baryerlərin qoyulması isə onların peşəkarlığının nəzərə alınması və müəyyən standartlar baxımından nəzərdə tutulur. Digər təkliflə MŞ haqqında yeni qanun qəbul olunsun, orda MŞ-nın hüquqları və səlahiyyətləri müəyyən edilsin, Şuranın qanunlara əsasən verdiyi qərarları icra etməsi üçün müəyyən səlahiyyətləri tanınsın. Lakin təkliflər və variantlar çoxdur. Bu variantların dünyada modeli var. Praktika üçün lazım olarsa başqa ölkələrin təcrübələrinə baxmaq olar. Əsas məsələ odur ki, görək, hökumət, dövlət qurumları və parlament bu məsələyə necə münasibət verəcək. Əgər reaksiya verilsə, yeni qanunvericilik hazırlanması qərara alınarsa, onda MŞ da öz təkliflərini daha detallı şəkildə təqdim edəcək".
azadinform