Bölgələrdə Kənd Təsərrüfatı İşçiləri gününü qeyd etdi
2 Noyabr 2018 14:08 SosialAzərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ənənəvi olaraq, ölkəmizdə hər il noyabrın 1-də qeyd edilən Kənd Təsərrüfatı İşçiləri günü münasibətilə rayonlarda silsilə tədbirlər keçirir. Tədbirlər Fondun Bilik evlərinin və yerli nümayəndələrinin təşəbbüsü ilə təşkil olunur.
Bilik Fondu bir neçə bölgədə bayram tədbiri hazırlayıb. İsmayıllı Bilik Evinin təşkilatçılığı ilə məktəblilərin Keyvəndi kəndində yerləşən AZZA Aqro MMC sənaye kompleksinə ekskursiyası təşkil edilib. Bilik Evinin rəhbəri Sevinc Novruzova kompleksin kollektivini peşə bayramı münasibətilə təbrik edib və əməkdaşlara işlərində uğurlar arzulayıb.
Kompleksin zootexniki İlyas Fərzəliyev məktəblilərə sənaye müəssisəsinin fəaliyyəti barədə məlumat verərək bildirib ki, Kanadadan gətirilmiş 300 baş südlük cins inəyin saxlanılması üçün müasir standartlara cavab verən şəraitlə təmin edilmiş kompleks 2018-ci ilin avqust ayından istifadəyə verilib. Məktəblilər ümumi məlumat aldıqdan sonra kompleksin istehsal prosesi ilə tanış olublar .
Ağdaş Bilik Evinin təşkilatçılığı ilə rayonun Heydər Əliyev Mərkəzində keçirilən tədbiri Mərkəzin direktoru Tənzilə Şıxıyeva açıb. O, kənd təsərrüfatı sahəsində aparılan islahatlardan, əldə olunan uğurlardan danışıb.
Ağstafa rayonu Heydər Əliyev Mərkəzində keçirilən tədbirdən sonra iştirakçılar rayonun Aqrar Sənaye Kompleksində və Karvan-L Sənaye parkında olublar. Kompleksin və Parkın əməkdaşları məktəblilərə müəssisələrin fəaliyyəti barədə məlumat veriblər.