Uşaqlara hansı telefonlarla nəzarət etmək olacaq? - Ekspert
1 Noyabr 2018 18:09 SosialAilə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə "Uşaqların internet təhlükəsizliyi" layihəsi çərçivəsində həyata keçirilən "Valideyn nəzarəti və internet təhlükəsizliyi" proqramının (kidsafe) istifadəsi pulsuzdur.
Bu sözləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov deyib. O bildirib ki, proqram uşaqların internet məkanında müdafiəsinə, valideynlərin uşaqların daxil olduğu elektron səhifə və sorğular haqqında məlumatlandırılmasına xidmət edəcək:
"Hazırda "www.kidsafe.az" proqramını Vindovs əməliyyat sistemi üçün yükləmək mümkündür. Android əməliyyat sistemi üçün nəzərdə tutulan versiya artıq sistemə yerləşdirilib, bir həftədən sonra aktivləşdiriləcək. Noyabrın axırı və dekabrın əvvəlində isə valideynlər IOS əməliyyat sistemi üçün olan proqramı yükləyə bilərlər".
Qeyd edək ki, "www.kidsafe.az" proqramı 1000-dən çox pornoqrafik, ekstremist amillər, zorakılıq, spam və virus xarakterli kimi filtrləmə məlumat bazası, tam formada qoruyucu funksiya ilə təmin olunub. Proqram istifadəçi tərəfindən spesifik filtrləmə funksiyasının yerinə yetirilmə imkanı da yaradır.
axar.az