Azərbaycan istifadəçiləri ən çox hansı kibertəhdidlərlə rastlaşır?
Müasir dövrümüzdə ən sürətlə inkişaf edən sahələrdən biri də informasiya kommunikasiya texnologiyaları sahəsidir.
1 Noyabr 2018 13:43 SosialMüasir dövrümüzdə ən sürətlə inkişaf edən sahələrdən biri də informasiya kommunikasiya texnologiyaları sahəsidir. Bu gün bu sahənin inkişaf tendensiyası elə bir səviyyəyə gəlib çatıb ki, dünyanın mütləq əksəriyyət ölkələrindən internet şəbəkəsinə qoşulmaq problemsiz olub. Düzdür, hələ də bir qədər sivilazasiyadan, elm və texnologiya, informasiya kommunikasiya texnologiyalarından kənarda qalan ölkələr var. Ancaq zaman keçdikcə həmin ölkələrdə də sözügedən problem aradan qalxır və informasiya kommunikasiya texnologiyalarının inkişafına zəmin yaranır. Ancaq onu da etiraf etmək lazımdır ki, müasir dövrümüzdə informasiya kommunikasiya texnologiyalarının inkişaf etməsi bir çox işlərimizi asanlaşdırmaqla yanaşı, bəzi problemlər də yaradır. Bu sırada kiber hücumları xüsusi qeyd etmək lazımdır. Günümüzdə kiber hücumlar elə bir səviyyəyə gəlib çatıb ki, dünyanın bir nöqtəsindən digər bir nöqtəsinə bu hücum vasitəsilə maddi və mənəvi ziyan vurmaq olur. Bir müddət əvvəl Birləşmiş Ştatlarda keçirilən prezident seçkilərinə Rusiyanın kiber hücum vasitəsilə təsir etməsi barədə yayılan məlumatlar və bunun beynəlxalq skandal səviyyəsinə gəlib çıxması da yuxarıda qeyd etdiklərimizin əyani sübutudur. Bu gün kiber hücumlar baxımından daha çox Çinin adı hallanır. Çin hakerlərinin istənilən bir ölkənin hətta ən strateji obyektlərinə belə haker hücumu təşkil edə bilmək qabiliyyətinin olduğu bildirilir.
Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, Azərbaycan da zaman-zaman kiber hücumlara məruz qalır. Bu istiqamətdə aparılan araşdırmalar, açıqlanan statistik göstəricilər belə deməyə əsas verir. Belə araşdırma aparan qurumlardan biri də "Kaspersky Lab" şirkətidir. Şirklətin mütəxəssisləri müəyyən edib ki, Azərbaycanda internet istifadəçilərinin 41 faizinin rəqəmsal qurğuları zərərverici proqramlara yoluxub. Bunula belə, onlardan təxminən hər ikincisi üçün buna bənzər münaqişələr son bir il ərzində ən azı iki dəfə baş verib. Nəticədə, istifadəçilərin təqribən yarısı fayllarını itirib (45 faiz) və ya qurğunun ağır işləməsini (43 faiz) müşahidə edib. Zərərçəkmişlərin hər beşincisi qurğunun bloklanması ilə rastlaşıb, istifadəçilərin 13 faizinin qurğusunda fayllar şifrlənib.
Qurğuların yoluxdurulmasının klassik ssenarisindən başqa Azərbaycan istifadəçiləri həm də digər kiber-risklərlə qarşılaşıb. Məsələn, istifadəçilərin 21 faizi tərkibində hər hansı servisin parolu olan məlumat göndərib ki, bu da informasiyanın məxfililiyinin qorunmasını zərbə altına qoyub. İstifadəçilərin 19 faiz trollinqin qurbanına çevrilib, yəni, internetdə təcavüzkar təqibə və təhqirə məruz qalıblar, 15 faizi isə oğurluq və ya itki nəticəsində içində məlumatlar saxlanılan smartfonlarından məhrum olub. Müxtəlif veb-servislər tərəfindən hesabların sındırılması ilə respondentlərin 9 faizi rastlaşıb, bunlar əsasən sosial şəbəkələrdəki hesablar olub (78 faiz hallarda).
Kibertəhdidlər biznes-istifadəçilər üçün də vacib sənədlərin itikisinin səbəbinə çevrilib.Belə hallarla şirkətlərdə yüksək vəzifə tutan və biznes üçün vacib qərarlar qəbul edən tədqiqat iştirakçılarının 32 faizi rastlaşıb. Daha 18 faizi isə bildirib ki, hücum nəticəsində şirkətə maliyyə zərəri dəyib. Ümumiyyətlə, korporativ istifadəçilərin dörddə birindən çoxu (28 faiz) işdə qurğuda zərərverici proqram təminatına yoluxub. Hər onuncu istifadəçi fişinq qurbanına çevrilib. Təxminən hər 20-ci şirkətdə şifrləyicilər və ya məqsədli hücumlarla bağlı hallar yaşanıb.
"Bu gün kibertəhdidlərin müxtəlifliyini saymaq mümkün deyil. Cinayətkarlar hücumlar üçün çoxfunksiyalı alətlər yaradır, onlardan istifadə edirlər, artıq "dövriyyəyə" buraxılmış zərərvericilərin funksionallığını daim dəyişir və genişləndirirlər, və bu da onlara məqsədlərinə - istifadəçilərin məxfi məlumatlarını əldə etmək - daha tez çatmağa imkan verir. Kibercinayətkarların zərərli proqramlarından və fırıldaqçı tələlərindən həm sıravi istifadəçilər, həm də böyük şirkətlər ziyan çəkir. Məhz buna görə bu gün məlumatların və qurğuların qorunması həm zəruridir, həm də rəqəmsal aləmdə yaşamağın baza qaydasıdır, şirkətlərin isə əməkdaşların təlimlərinə diqqət yetirməsi olduqca vacibdir", - deyə "Kaspersky Lab" şirkətinin Azərbaycanda rəsmi nümayəndəsi Müşviq Məmmədov bildirib.
Məlumat üçün qeyd edək ki, tədqiqat "Kaspersky Lab"ın sifarişi ilə 2018-ci ilin oktyabr ayında ERA şirkəti tərəfindən keçirilib. Fərdi müsahibələr çərçivəsində Azərbaycanda yaşı 18-dən 65-dək olan 300 aktiv internet istifadəçisi sorğuda iştirak edib.
Füzuli