Son dayanacaq - Ömrümün Qarabağ səhifəsi

Ömrümün Qarabağ səhifəsi     

Əməkdar jurnalist, Qarabağ Müharibəsi  veteranı

Əntiqə Qonaq yazır.

Çox sonralar fikir verdim Zəngilanın adındakı zəngin sözünün mənasına. Əcəba zənginliyi nədə idi? Dünyada ikinci, Avropada isə birinci olan, 117 hektar ərazini əhatə edən, hələ kimsənin yaşını dəqiq bilmədiyi ümumdünya əhəmiyyətli bir qoruq - Bəsit çayının tən ortadan ikiyə böldüyü Təbii Çinar meşəsinə görəmi? Buz kimi sərin sulu İsmayıl bulağına görəmi? Biri-birindən mənzərəli, yaşıl təbiət təsvirli kəndlərinə görəmi? Yoxsa, torpaq qədər saf və müqəddəs, halal və dürüst insanlarına görəmi? Təəssüf ki, indi bunları sadalamağım bir anlam daşımasa da, beynimin, şüurumun alt qatında saxlanc kimi qalan bu qənaətlərim yazıma bələdçi oldu. Müharibənin ən qızğın çağında iki dəfə Zəngilanda olmağım və oradakı igid döyüşçülərdən məqalə hazırlamağım bu rayonun işğal dönəmində mənə bir söz haqqı verir. Beləliklə...

Bir çox rayonlarımızda olduğu kimi, yaz-yay mövsümündə Zəngilanda yerli əhalidən çox qonaq-qara, gəlmələr olurdu. Buranın füsunkar təbiəti, əsrarəngiz gözəlliyi, zümrüd meşəli dağları, çiçəkli düzləri, buz kimi sərin bulaqları, qonaqpərvər əhalisi hamıya gəl-gəl deyirdi. Elə biz orda olanda da eləydi. Yay ayları olduğundan yar-yaraşığını daha da artırmışdı. Amma, qonaqlarının sayı azalmışdı. Hələ yerlilərdən də bu gözəl məkandan perik düşənlər, bu cənnət oylağına üz çevirənlər vardı. Səbəb isə aydın idi: Zəngilanın müharibə zonaları sırasında olması. Ermənistanın Qafan və Gorus rayonları ilə 157 kilometr ortaq sərhədi olan Zəngilanın təhlükəsizliyindən söhbət belə gedə bilməzdi. Sərhəd boyu 32 kənd erməni quldurlarının müntəzəm hücumlarına, basqınlarına məruz qalırdı. Qazançı, Dərəli, Ağkənd və Seyidlər kəndləri Qafanın mərkəzi ilə 300-500 metr məsafədə yerləşdiyindən bu kəndlərin əhalisi xeyli müddət idi təhlükəsiz zonalara köçürülmüşdü. Ermənistan tərəfdən atılan "Qrad", "Kristall", "Alazan", top və minomyot zərbələrindən kəndlərdə böyük dağıntılar olsa da, Milli Ordunun və yerli özünümüdafiə batalyonunun mərd, cəsur döyüşçüləri güclü cavab atəşləri ilə quldurların hücum nöqtələrini susdururdular.

Rəzdərəyə arxa çevirmiş Kollu kəndi ermənilərin yaşadıqları Kilsə kəndiylə üzbəüz idi. Yol yoldaşım, həm də cəsur döyüşçü Babək Qoca və Zəngilan rayon İcra Hakimiyyətinin humanitar məsələlər üzrə şöbə müdiri Cülyetta Həsənova ilə bu gözəlliyin keşiyini çəkən igid oğulların yanına tələsdik. Kollunun camaatı kəndi tərk etməmişdi. Kənd sakinləri müdafiəçilərin qüdrətinə sığınmaqla yanaşı, həm də onlara həyan dururdular. Bölmə komandiri Qorxmaz Allahverdiyev bizi nikbin əhval-ruhiyyədə, gülər üzlə salamlayır. Ən əvvəl minomyotçulardan Rasimi, Əliyarı, Elmanı, Faiqi göstərərək deyir ki, onlar döyüş intizamını ciddi qoruyurlar, həmişə ayıq-sayıqdılar.

Minomyotçu Rasim Əhmədov Əfqanıstan döyüşlərinin iştirakçısıdır. Orada qazandığı tarovhərbi təcrübə burada kara gəlir. Leytenant Sərvər Cəbrayılov, təlim-tərbiyə işləri üzrə rota komandiri Ceyhun Məmmədyarov, rotanın starşinası Habil Camalov döyüşçülər arasında sağlam iqlim yaratmağa nail olmuşdular. İgid döyüşçülərdən Baloğlan Süleymanov, Cəmil Əhmədov, Rafael Almuradov, Rəhman Cəbrayılov, İlqar Məmmədov, Pənah Cəbrayılov, Nazim Quliyev, Qabil Qarayev və başqaları bir an da olsun sayıqlıqlarını itirmirdilər.

Bir qədər kənarda isə topçu bölüyünün üzvləri dayanmışdı. Bölüyün rəhbəri Hüseyn Əliyev, topçulardan İqtisad Universitetinin ikinci kurs tələbəsi Müşfiq Həsənov, Azad Quliyev, Sahib Heydərov, Vüqar Allahverdiyev, Vaqif Muxtarov kənd camaatının qayğıkeşliyindən, onlara hər cür yardım göstərmələrindən danışdılar.

Yeməzli kəndinin də güclü müdafiəyə ehtiyacı vardı. Gözdən uzaq, könüldən iraq olan bu kəndin başı üstünü təhlükə alan gündən 6 nəfər polis işçisi torpağın müdafiəsinə qalxıb. Serjant Ziyəddin Babayev, İsmayıl İsmayılov, Mürsəl Məmmədov, İlham Quliyev, Sərvər Quliyev, Tahir Dünyamalıyev. Z.Babayev deyir:

-Texnika sarıdan çox əziyyət çəkirik. Əvvəllər ermənilər güclü silahlanmamışdılar. Birtəhər ötüşürdük. İndi isə vəziyyət son dərəcə kəskinləşib. Müasir növlü silahların, ağır texnikanın qarşısını avtomatla almaq qeyri-mümkündür.

Milli Ordunun bir qrup əsgəri polislərlə birgə kəndin müdafiəsində durmuşdular. Onlarla tanışlığımız da bizdə ruh yüksəkliyi yaratdı. Bölük komandiri Ərşad Qurbanovu, Cəmil Şərifovu, Caval Həmidovu, Ötərxan Məmişovu, Məhəmməd Babayevi, Fazil Qurbanovu, Azər Hüseynovu, Sabir Allahverdiyevi, Əvəz Qurbanovu, Pəhləvan Məmişovu, Behbud və Babək Nustafayevləri heç bir çətinlik, diqqətsizlik, üst-üstə qalaqlanmış problemlər saf məqsədlərindən, təmiz niyyətlərindən yayındıra bilmir. Şahin və Nəsir Babayev qardaşları könüllü olaraq Bakıdan gəlmişdilər. Gecəli-gündüzlü döyüşçülərin yanındaydılar. Onlar da Milli Ordu sıralarında döyüşmək arzularını gizlətmədilər.

Əşrəf Şükürov qeyrətli oğullardan biridir. O da rayon rəhbərliyinin və əlaqədar təşkilatların etinasızlığından gileyləndi: "Vətən sərhəddən başlayır. Bunu bildiyimiz üçün gəlmişik sərhədlərimizi möhkəmləndirək. Onlar da bizə şərait yaratmalıdırlar. Bizə çatanda hamı tələb edir. Amma zlərinin borcunu, məsuliyyət hissini başa düşmək istəmirlər".

Adı döyüşçülərin dilindən düşməyən Fərrux Qocayev Bakıda yaşasa da, maddi və mənəvi köməyini Vətən oğullarından əsirgəmir. Tez-tez onlara baş çəkir, tələbatlarını öyrənərək lazımi yardımlarını edir.

Biz orda olarkən rayonun Günqışlaq, Ağkənd, Qazançı, Dərəli, Seyidlər, Pirveyisli, Şərikan, Aşağı Gəyəli, Nəcəflər, Ağbənd, Vejnəli kəndlərində də dəhşətli döyüşlər gedirdi. Torpaqlarımızın azadlığı uğrunda şəhid olan oğullarımızın sayı da günü-gündən artırdı. Odlu silahların cövlan etdiyi döyüş zonalarında yalnız qeyrətə və cəsarətə sığınmaq da ağılsızlıqdır. Rayona hərbi təcrübəsi olan, hərb siyasətindən başı çıxan, təlim keçmiş, peşəkar hərbi mütəxəssislər gərəkdir.

Döyüşçülərin bir iradı da televiziya və mətbuat vasitəsilə verilən cəbhə xəbərlərində torpaq uğrunda canlarından keçən şəhidlərimizin ancaq sayının söylənməsinə idi. Şəhidlərin adları və doğulduqları yer göstərilməlidir. Onlar öz qanları ilə bunu çoxdan haqq etmişlər.

Bu qeydlər Zəngilanın işğalından il yarım əvvələ aiddir. Həmən yazımda Vətən dardadır deyib həyəcan təbili çalırdım...

         PS: Yazının sərlövhəsi çaşdırıcı ola bilər. Amma sətiraltı mənaları var. Ən əvvəl, ilin təqviminə görə ən son işğal olunmuş rayonumuz kimi. Daha sonra, həqiqətən ən son itirdiyimiz məkan kimi. Biri də var, son dayanacaqda nəfəsimizi dərib yenidən güc toplayaraq qisasımızı almağa çox yaxınıq. Ən sonda, ermənilərə sərt bir mesaj kimi: Bu sondan geri dönüşümüz mükəmməl və möhtəşəm olacaq! Gözləyin!

 

                                                                                              Davamı var        

 

 

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31