Rektor Kosta-Rikanın müvəqqəti işlər vəkili ilə görüşüb
1 Noyabr 2018 12:31 SosialAzərbaycan Dillər Universitetinin rektoru, AMEA-nın həqiqi üzvü Kamal Abdulla Kosta-Rika Respublikasının Azərbaycan Respublikasındakı müvəqqəti işlər vəkili Jairo Lopez Bolanosla görüşüb. Olaylar.az bildirir ki, qonağı salamlayan akademik Kamal Abdulla ADU-da ispan dili və mədəniyyətinin geniş təbliğ edildiyini bildirib.
Kamal Abdulla deyib ki, Kosta-Rikanın ziyalıları, universitetləri ilə geniş əlaqələrin qurulması istiqamətində diplomatın dəstəyinə ehtiyac var.
Rektor Jairo Lopez Bolanosa ADU-da həyata keçirilən "Səfir saatı" layihəsi haqqında məlumat verib və onu layihə çərçivəsində tələbələrə mühazirə oxumağa dəvət edib. K. Abdulla eyni zamanda Azərbaycan Dillər Universitetində Latın Amerikası ölkələri səfirlərinin nümayəndəliyini yaratmağı təklif edib.
Müvəqqəti işlər vəkili Jairo Lopez Bolanos yüksək qonaqpərvərliyə görə universitet rəhbərliyinə öz təşəkkürünü bildirib, ADU haqqında həmişə xoş sözlər eşitdiyini deyib, səslənən təklifləri müsbət qarşıladığını vurğulayıb.
Səfir qarışılıqlı faydalı layihələrin həyata keçirilməsinin mümkünlüyünü qeyd edərək, bu istiqamətdə lazım olan addımları atmağa hazır olduğunu vurğulayıb.