Səfir II Ümumdünya Gənclər Forumunda iştirak edəcək azərbaycanlı gənclərlə görüşdü

Oktyabrın 31-də Misir Ərəb Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri cənab Adel İbrahim ilə 3-6 noyabr tarixlərində Misirin Şarm Əl-Şeyx şəhərində keçiriləcək II Ümumdünya Gənclər Forumunda iştirak edəcək azərbaycanlı gənclərlə Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində görüş keçirilib.

Görüşdə forumun mahiyyətindən danışan Misir səfiri bildirdi ki, tədbirdə davamlı inkişafın məqsədlərinə nail olmaq üçün beynəlxalq təcrübə, müxtəlif sahələrdə gənclərin təcrübələrinin təqdimatı, texnologiyaların gənclərə təsiri, dövlət idarəçiliyində qadınların rolu, habelə siyasi, sosial və iqtisadi iştirakın necə təşviq edilməsi məsələləri nəzərdən keçiriləcək. Misir Prezidenti Əbdül Fəttah Əl-Sisinin himayəsi ilə keçirilən və dünyaya mədəniyyət mesajı verəcək Dünya Gənclər Forumu Misir xalqının, xüsusən də gənc nəslin insan və mədəniyyət ünsiyyətinin önəminə əhəmiyyət verdiyinin göstəricisi kimi qiymətləndirilir. Bundan əlavə səfir bildirdi ki, forumun təşkilat komitəsi qeydiyyatdan keçənlərin sayının çox olduğunu nəzərə alaraq növbəti ildə iştirakçıların sayının artırılmasını məqsədəuyğun hesab edir.

Qeyd edək ki, 5000 gəncin qatılacağı forumda ilk dəfə olaraq Azərbaycandan 13 nəfər iştirak edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31