Məktəblərdə keçirilən “Cadılar bayramı” – Uşaqlarda yaranan qorxu və həyəcan

Son illərdə Azərbaycanda öz milli bayramlarımızla yanaşı, müxtəlif ölkələrin bayramları da təntənəli şəkildə qeyd edilir. Bu bayramlardan biri də hər il bu gün - oktyabrın 31-də qeyd olunan "Cadılar bayramı" - Hallovendir.

Bayram haqqında İngilis dili dərsliklərində materiallar da yer alır. Uşaqların bu bayramın iştirakçılarına çevrilməyi cəmiyyət tərəfindən mənfi hal kimi qarşılanır. Bunun üçün bu günün özəlliyi barədə sosial şəbəkələrdə yazılanları oxumaq kifayət edir. Cadugər, pəri, vampir, adamyeyən, başkəsən kimi dəhşətli obrazları xatırladan personajlardan ibarət bu bayramı müəllimlər məktəblərdə təbliğ edirlər. 

Bəs Azərbaycanda qeyri-rəsmi şəkildə keçirilən bu bayram uşaqlar üçün hansı təhlükələrdən xəbər verir?

Mövzu ilə bağlı Azadinform-un suallarına cavab verən sosioloq, Sağlam Cəmiyyət İctimai Birliyinin sədri Lalə Mehralı qeyd edib ki, bu bayramın tarixi haqqında çeşidli fərziyyələr var. Kimi deyir qorxulu personajlar insanları, məhsulları şər qüvvələrdən mühafizə edir, onları qovur, kimisi də deyir bayramın yaranma tarixi uşaqlara balqabağı sevdirmək məqsədi daşıyır. Bayramın yaranma səbəbi əvvəllər humanizm, xeyirxahlıq ruhu daşıyıbsa indi başa düşmək olar ki, insan əli dəyən hər bir şey necə kontekstdən çıxarılırsa bu da elə çıxarılıb. İndi bu cür - qorxunc, əcaib və vəhşi varlıqların nümayişi kimi təqdim olunur. Əgər əksinə elə əvvəldən insanlar məhsullarını qorumaq üçün şər qüvvələrdən istifadə fikrinə düşüb və bu bayramı icra ediblərsə artıq uşaqların gələcəyi üçün bizi düşünməyə vadar edir ki, bu bayramın yaranma səbəblərini axtaraq. Bayramın kökü irland və şotlandlarla əlaqəlidir. Bayram tarixçəsində deyirlər ki, onlar Amerikaya köç edərkən bu bayramı özləri ilə gətiriblər. Qorxulu nələrsə geyinib şər qüvvələri özlərindən uzaqlaşdırıblar. Burda bir haşiyə çıxım. Bizim qədim dövrdə yaşayan insanlarımız da məhsul yığımından öncə tarlalarda quşlardan və zərərvericilərdən qorunmaq üçün müqəvva adlanan kişi paltarı geyindirilmiş, əlinə çomaq yaxud süpürgə verilmiş bir fiqur hazırlayıb qoyurdular. Bu yolla məhsulu ziyandan qoruyurdular. Belə başa düşürəm ki, Hallovenin yaradılması səbəbi də bir növ məhsulu qorumaq, onları şər qüvvələrdən qorxudaraq uzaqlaşdırmaq məğzi daşıyır".

Sosioloq bildirib ki, bu bayram ayaq açaraq bizim ölkəmizə qədər gəlib və valideynlər düşünmədən bunu uşaqlara qeyd etdirməyə çalışırlar: "Valideynləri hardasa başa düşmək olar, bayramın mahiyyəti barədə məlumatsız ola bilərlər. Amma müəllimlər bu bayramı hansı haqla, ağılla qeyd etdirirlər bunu anlamıram. Böyük ehtimalla Təhsil Nazirliyinin bundan xəbəri yoxdur. İnanmıram ki, bunun keçirilməyi üçün icazə verilsin yaxud verilirsə də deməli Nazirlik qarşısında bunun məsuliyyətini dərk edən müəllim və məktəb rəhbərliyi var. Məktəblərdə müəllimlərin borcu təhsili humanist, ümumbəşəri, sivil, mərhəmət və sevgi duyğusu ilə birləşdirilmiş formada tədris etməkdir. Uşaqların şüurunda qorxulu personajların yer alması, onların bundan qorxması müəllimin işi deyil və bunla məşğul olmamalıdır. Təhsil Nazirliyi məktəblərdə qeyd olunan bayramların siyahısı barədə bütün təhsil ocaqlarına bildiriş verir. Yəni bu qanunla tənzimlənir. Bu siyahıdan kənara çıxılan təqdirdə Nazirliyə bunun məsuliyyətini dərk edərək məlumat vermək lazımdır. Hər hansı bir xarici ölkənin bayramını bizim məktəblərimizdə təşkil edib, ona uyğun personajlar hazırlatmaq, səhnəciklər yaratmaq, bütün bunların məsuliyyətini müəllim və məktəb rəhbərliyi bilməlidir. Dünyada yüzlərlə ölkə və onlara xas olan bayramlar var. Biz bu bayramların hamısını ölkəmizə gətirə, uşaqlara qeyd etdirə bilmərik. Bunların hər birinin özünün psixoloji, mənəvi tərəfləri var. Bunu müəllimlər ziyalı olaraq başa düşüb dərk etməlidirlər. Biz övladlarımızı onlara əmanət edirik. Əgər mən bilsəm ki, bu gün məktəbdə mənim övladıma Hallovenlə bağlı bir personaj geyimi geyindiriblər, ona o dəhşətli, qorxulu məxluqlarla bir otaqda qalmaq imkanı yaradıblar, dərhal Nazirliyə şikayət edərdim". 

Məsələyə münasibət bildirən psixoloq Gülnarə Əliyeva deyib ki, məktəblərlə yanaşı, bir çox bağçalarda da "Cadılar bayramı" qeyd edilir: "Ən acınacaqlısı isə gənc və orta yaşlı instaqram fenomenləri də bu bayramı müasirlik kimi təbliğ edirlər. Uşaqların bu bayramı həvəslə qeyd etməsi başa düşüləndir. Bu bayramın tarixi, məqsədi barədə müəllimlər və valideynlər uşaqları məlumatlandırmalıdır. Kor-koranə şəkildə axına qoşulmaq doğru deyil. "Cadılar bayramı"nı keçirməklə heç kim müasirləşmir, amerikanlaşmır. Bizim özümüzün gözəl, mahiyyəti bəlli olan bayramlarımız var. Bu bayram bəzi uşaqları əyləndirsə də, orada istifadə olunan qrimlər, geyimlər, qorxunc ruhları tərənnüm edən görüntülər əksər uşaqların psixologiyasına mənfi təsir edir. Onlarda səbəbsiz fobiyalar yaradıb, gecələr kabus görməsinə gətirib çıxarır. Bu mərasimlərdəki personajların səbəb olduğu qorxu hissi uşaqlarda ciddi yuxu pozğunluqlarına da səbəb ola bilər. Bizim mentalitetimizə və adət-ənənələrimizə zidd olan bu bayrama sorğu-sualsız qucaq açdıq. Halbuki Avropa ölkələrinin əksəriyyəti bu bayramı qəbul etmir. Qara magiyanı, ruh çağırmanı təbliğ edən bu bayramın mahiyyətinin xristian dininə zidd olduğunu iddia edirlər. Biz də uşaqlarımızı məqsədi, məramı bəlli olmayan əyləncələrə aludə etməkdənsə, onlar arasında özümüzün milli, dini bayramlarımızı təbliğ etməliyik. Çünki dini bayramlar insanlara ruh yüksəkliyi, mənəvi dirçəliş bəxş edir, milli bayramlar isə xalqa tarixini xatırladaraq, onu bir daha özünə qaytarır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31