Oxumaq, yoxsa baxmaq?
31 Oktyabr 2018 14:16 SosialOxucu masasından, izləyici kürsüsünə...
Uzun illərdir kino mütəxəssisləri, ədəbi aləmin nümayəndələri, izləyicilər, oxucular arasında mübahisə mövzusuna çevrilən bir sual var.
"Ekranlaşdırılan əsər: orijinaldan yaxşıdır, yoxsa..?" "Roman daha təsirlidir, yoxsa film?" "Kitabı oxuyaq, yoxsa filmi izləyək?"
Roman əsasında çəkilən istənilən filmdən sonra müəyyən toplum arasında bu kimi suallara cavab axtarılır. Bəs müqayisə nə dərəcədə doğrudur? Ümumiyyətlə bu suala universal cavab vermək mümkündürmü? Bu, hərflərdən notlara çevrilən mahnının sözləri daha gözəldir, yoxsa musiqisi sualına bənzəyir.
Bu sualın cavabı yazıçının, rejissorun, filmin aktyor heyətinin və ssenaristin peşəkarlıq xüsusiyyətlərinə görə dəyişir. Danılmazdır ki, kitabın mövzusunun film üzərində təsiri böyükdür. Uğurlu bir mövzu uğurlu ssenarinin, uğurlu ssenari isə uğurlu filmin başlanğıcıdır.
Faktların məntiqi təhlili ilə gizli cinayətlərin açılmasından, xəfiyyələrin macəralarından bəhs edən detektiv romanlar əsasında , daha çox filmlər və seriallar çəkilir. Çünki mövzu etibarilə dedektiv janrı dövrün istənilən vaxtlarında oxucular və izləyicilər tərəfindən maraqla qarşılanıb. Yaxşı yazılmış dedektiv romanında, baxımlı bir film ərsəyə gəlməsi üçün lazım olan hər cür element yer alır. Lakin yenə də deyə bilmərik ki, dedektiv romanlar əsasında çəkilmiş filmlərdə aktyorlara lazım olan duyğunu əks etdirmək üçün az yük düşür. Yazıçı duyğunu çox gözəl ifadə edə bilər, lakin rejissor və aktyor heyəti üçün bu duyğunu tam hiss etmək və mükəmməl şəkildə canlandırmağın hər zaman asan olmadığını düşünürəm. Bəlkə də oxucu üçün bu duyğunu tam hiss etmək bəzi məqamlarda rejissorun canladırmasından daha dərindir. Elə bu məqamlarda izləyiciyə çevrilən oxucu kitabı oxuyarkən hiss etdiyi duyğunu izləyici kürsüsündə oturduğu zaman ala bilmədiyi vaxt filmin uğursuz, yaxud bərbad olduğunu düşünür. "Yaşıl Mil" dedektiv romanını Stiven Kinq 1996-cı ildə yazmışdı. Kitab ilk nəşrindən sonra "Yaxşı roman" nominasiyasında Brem Stoker mükafatına layiq görüldü. Roman Kinqin ən yaxşı əsərlərindən sayılır.
Bəs film necə oldu? Film 1999-cu ildə çox uğurla ekranlaşdırıldı. Rejissoru və ssenaristi Frenk Darabot olan "Yaşıl Mil", "Ən Yaxşı Film" , "Ən Yaxşı Köməkçi Kişi Aktyor", "Ən Yaxşı Film Musiqisi" nominasiyalari üzrə Oskar mükafatına namizəd göstərildi.
Burada oxucu və izləyici rəyi bütünləşmiş oldu.
Məhəbbət romanları üçün də eyni fikirləri söyləmək olar. Belə romanlarda iki şəxsin qarşılıqlı duyğuları yazıçı tərəfindən tam şəkildə qələmə alınır. Rejissor və aktyorlar bu duyğunu tam olaraq mənimsəyib canlandırılarsa ortaya izləyiciyə çevrilmiş oxucunu məmnun edən möhtəşəm bir əsər çıxır. Əks təqdirdə isə film, bəhs edilən sevginin də, kitabın da kölgəsində qalır.
İngilis ədəbiyyatının "birinci xanımı" kimi tanınan Ceyn Ostinin məşhur məhəbbət romanı "Qürur və qərəz"də deyilir: "Nifrət etməyə hazırlaşdığın insanı xoşagəlimli hesab etmək - bu, bəlkə də ən böyük bədbəxtlik olardı". Bir çoxları düşünür ki, bu əsər olmasa bəlkə də nə psixoloji roman, nə feminist ədəbiyyatı, nə də seçmə nəsr olardı. "Qürur və Qərəz"i karandaşla oxuyanlar çoxdur. Bəs romanın qazandığı uğuru ekran layihəsi təkrarlaya bildi?
Film bu günə kimi iki dəfə ekranlaşdırılıb. 1995 və 2005-ci illərdə. Bir çox izləyicilər birinci versiyanı əsl klassika, sevənlərin zövqünü oxşayacaq film adlandırır. Bəziləri isə, ikinci versiyanı vizion olaraq daha çox bəyənir. Onlar Matthew Macfadyenin yaşıl gözlərindən, Keira Knightleyin cazibədar təbəssümündən danışır. Mühafizəkar oxucu isə heç cür izləyici kürsüsünə əyləşmək istəmir. Onlar xəyali Elizabet və Darsiyə heç bir aktyoru yaxın buraxmır. Belə olan halda kitab, yoxsa film müqayisəsi heç bir əhəmiyyət kəsb etmir.
İnsanda gərgin həyəcanlanma, narahatlıq hissi yaradan triller janrında filmlərin də kitaba əsasən çəkilməsi çətin, həm də daha çox məbləğ tələb edir. Çak Palanikin romanının motivləri əsasında çəkilmiş "Döyüşçü klubu" filmi oxucunun yox, izləyicinin yüksəltdiyi filmdir. 1966-cı ildə qələmə alındıqdan sonra 1999-cu ildə ekranlaşdırılan bu film "IMDb versiyasına görə ən yaxşı 250 film" reytinqinə əsasən dünyanın ən yaxşı filmləri sırasında 10-cu yeri tutur və "Ölməzdən əvvəl baxılmalı 50 film" siyahısına daxildir. Lakin roman üçün eyni sözü deyə bilmərik. Burada rejissor Devid Finçer yazıçı Çak Palaniki qabaqlamış olur.
Halbuki fikrimcə, romanı triller janrında ekranlaşdırmaq digərlərinə nisbətən daha çətindir. Çünki oxucu belə əsərlərdə öz xəyali dünyasını yaradır. Öz xəyalında canlandırdıqları isə oxuduğu romanı yaşaması üçün ona kifayət edir. Buna görə də belə əsərləri canlandıran zaman rejissor və aktyor heyətinin üzərinə daha çox yük düşür. Onlar tamaşaçıya ərsəyə gətirdikləri əsərlə daha güclü xəyal gücünə sahib olduqlarını sübut etməlidirlər. Əks təqdirdə oxucu izləyici kürsüsündən imtina edəcək.
Fantastika və elmi fantastika romanları əsasında çəkilən filmlər geniş tamaşaçı kütləsinə malik olur. Belə filmlərdə nağılvari qüvvələrə, mifik obrazlara rast gəlmək olur. Fantastik filmlərdə texniki tərəqqi şişirdilir. Bu əsasən gələcəkdən bəhs edən filmlərdə əks etdirilir.
Bu tip romanlarda yetərincə geniş təsvir verilir. Bu, rejissorun işini həm asanlaşdıran, həm də ağırlaşdıran detaldır. İşin ağır tərəfi ondan ibarətdir ki, kitabda yaradılan fantastik dünyanı oxucu öz zövqünə, xəyal gücünə uyğun dizayn edir. Filmdə isə "cadugərlik məktəbini", "hobbit"lərin yaşadığı evləri xəyalında qurduğu kimi görmədiyi zaman məyus olur. Aydındır ki, ssenaristin, rejissorun və aktyorun da özünəməxsus xəyal gücü var. Bu isə o deməkdir ki, yüzlərlə, minlərlə izləyicinin xəyal gücünü özündə birləşdirən bir məhsul ortaya çıxarmaq qeyri-mümkündür. Film nə qədər mükəmməl olur olsun, bütün izləyicilərin oxucuykən qurduğu xəyal gücünü təkrarlaya bilməyəcək.
Yəqin ki çox az insan tapılır ki, alnı çapıqlı sehrbaz oğlan Harry Potter personajının adını eşitməsin. Hətta bəzi hallarda gündəlik həyatımızda "mən Harry Potter deyiləm, mənim bütün işləri görə bilmək üçün sehirli çubuğum yoxdur" kimi maraqlı sözlər eşidirik. Roman Coan Roulinqə kitab yazaraq milyonçu olan qadın statusunu qazandırıb. 7 kitabdan ibarət olan "Harry Potter" seriyası "Dünyanın ən tez satılan kitabı" və "Dünyanın ən çox satılan uşaq romanı" adını hələ də özündə saxlayır.
"Harry Potter" filmləri də kitabları qədər böyük maraqla qarşılanıb. Hətta bir çox filmsevər izləyicidən oxucuya çevrilib. Bu toplum "potterhead" anlayışını yaradıb. "Potterhead"lar fantastik seriyanı dəfələrlə oxuyan və izləyən Potter fanatlarına verilən addır. "Harry Potter" seriasının səkkiz filmindən altısı bu vaxta kimi çəkilmiş 50 ən yaxşı filmlər sırasındadır. Filmlər seriyası bütünlükdə 7,7 milyard dollar məbləğində gəlir gətirib və bununla da dünya üzrə yüksəkgəlirli filmlər seriası arasında ikinci yeri tutur.
Bütün bu film örnəklərindən məlum olan budur ki, yazıçının, ssenaristin, rejissorun, filmin aktyor heyətinin hətta oxucu və izləyicinin peşəkarlıq xüsusiyyətləri kompleks şəklində birləşdiyi zaman ortaya möhtəşəm əsərlər çıxır.
Əgər kitab, yoxsa onun əsasında çəkilmiş filmi düzgün müqayisə etmək istəyirsinizsə ilk növbədə romanı oxuyub sonra filmi izləyin. Romanı ilk öncə rejissorun təxəyyülündən izləməkdənsə öz təxəyyülünüzlə oxumağı sınayın. Bu sınaq sizi ətrafınızda filmi çəkilmiş romanı satın alan yoldaşınıza "bunun onsuz da filmi çəkilib nə üçün əlavə xərc edirsən" kimi mənasız və dar düşüncəli sual verməkdən qoruyar. Romanı öz dünyagörünüşünüzlə oxuyub rejissorun dünyagörüşü ilə izləyib daxili aləminizi, xəyal gücünüzü daha da zənginləşdirin.
Yox əgər rejissora və ssenaristə sevimli kitabınızda yer alan qisimləri ixtisar etdikləri üçün hirslənib, əsəbiləşmək istəmirsinizsə ilk olaraq filmi izləyin. Filmi izlədikdən sonra romanı oxuduğunuz zaman filmdə yer almayan hissələr sizdə böyük maraq yaradacaq.
Romanlar əsasında çəkilmiş filmlər arasında fərq təxmin ediləndən olduqca çoxdur. Lakin bu qəbul edilən haldır. Çünki ssenaristlər haqlı olaraq bir kitabın bütün hissələrinin filmdə yer ala bilməyəcəyini bildikləri üçün romandan ixtisarlar edirlər. Romana əsasən çəkimiş filmi yaxşı edən əsas detal da bu ixtisarları düzgün aparmaqdır. Əks təqdirdə romanın əhəmiyyətli qisimləri ixtisar edildiyi üçün belə filmlər uğursuzluqdan qaça bilməyəcək.
Bir çox filmlər romanlardan daha çox şöhrət qazansa da, aydın olur ki, ən gözəl filmlər, romanlar rejissorların ilham mənbəyinə çevrildiyi üçün ərsəyə gəlib. Düşünmürəm ki, elə bir yazıçı tapılsın ki, əsərlərindən heç olmasa birinə film çəkilməsini arzu etməsin. Yaxud da elə bir rejissor tapılsın ki, ilham aldığı hər hansı bir əsər əsasında film çəkmək istəməsin.
Bu səbəbdən istər kitab, istərsə də film olsun, onu sadəcə zövqlə oxumağa və zövqlə izləməyə çalışın. Bunu unutmayın ki, əsər yazıçının təxəyyülünün məhsulu, film bu təxəyyülə yeni baxış, biz isə ədəbiyyat və film dünyasının tendensiyasından yararlana bilən şanslı oxucu və izləyicilərik...
Nigar Orucova