Sosial şəbəkələr dini təfriqə salmaq istəyənlərlə doludur
31 Oktyabr 2018 13:49 SosialƏkrəm Həsənov: "Onlar gəncləri zəhərləyirlər"
Son illər dini sahədə həyata keçirilən çoxsaylı maarifləndirmə tədbirlərinə rəğmən hələ də günümüzdə xarici dini qruplaşmaların təsiri altına düşərək ölkədə təfriqə yaratmaq istəyən şəxslərə rast gəlmək olur. Dini sahədə minimal səviyyədə olan bu fikir ayrılıqlarına son qoymaq üçün əsasən bu sahədə maarifləndirmə tədbirlərini məscid və digər ibadət məkanlarında aparmaq tövsiyə edilir. Hətta din xadimlərimizin, inanclı insanların fərdi şəkildə məscidlərə gedərək insanlarla söhbət aparmaları məqsədəuyğun sayılır. İlahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənov da deyir ki, ona bir çox hallarda məscidə getmək tövsiyə olunur. İlahiyyatçı qeyd edir ki, o məscidə ümumiyətlə Allaha inandığı üçün gedir: "Lakin görürəm məsciddə insanlar fikir ayrılığı daşıyır, qruplara bölünür. Bu bəlkə də normal haldır. Ancaq bu hal ümumi cəmiyyətdə də görünür. Hətta bəzən görürük ki, ailə içərisində belə problemlər olur. İnsanlar tərəfkeşlik edirlər. Haqlı-haqsız ortaya çıxır. Bəzən haqsız tərəf özünü haqlı kimi göstərir. Məscidə gələn müsəlmanlar niyə bölünür, bilirsizmi? Ölkə rəhbərinə görə belə bölünürlər. Bilirik ki, biz azərbaycanlı olaraq müsəlmanıq. Ölkə rəhbərimiz də müsəlmandır. Müsəlmanların dinc və əminaman olması, ibadət etməsi üçün hər cür şərait yaradılır. Ancaq səfehin biri ölkə idarəçilərini və dövlət başçısını təkfir edir. Yəni ümumi əhaliyə də kafir, müşrik və.s. adı qoyur, əhalinin başında duranlara da. Sonra onu dəstəkləyənlər olur. Bunların da başında xaricdə oxuyub gəlmiş "elm tələbələri" durur. Ağıllı elm tələbəsi deyir ki, baxın qardaşlar, bu ölkə müsəlman ölkəsidir. Ölkə başçısı müsəlmandır. Səfeh elm tələbəsi deyir ki, bu ölkə müsəlman ölkəsi deyil. Hamı pirlərə, ziyarətlərə gedir. Müsəlman isə təkcə Allaha ibadət etməlidir. Kim hara, hansı pirə gedir getsin, sən onun inancına ən azından hörmətlə yanaşmalısan. Bəlkə cahildir, bilmir, sən onu müsəlman hesab edib gözəl əxlaqla, ədəblə onu öyrətməlisən. Bu azmış təkfirçilər deyirlər ki, burda hər kəsilən əti yemək olmaz və.s. Niyə olmaz ki? Müsəlmandır da. Heyvanı kəsəndə bismilləhlə kəsib. Lap unudubsa belə sən özün o ətdən "bismilləh" deyərək yeməlisən. Beləcə məsciddə qrup yaranır. Sonra bir qrup o biri qrupu ittiham edir. Bir qrupda olan adama salam verəndə o biri qrupda olan adam deyir ki, sən niyə filankəsə salam verdin. Axı o bu ölkəni müsəlman görmür". Əkrəm Həsənov qeyd edir ki, belə insanlar gizlincə dəvət aparır. Ətrafina yığdıqlarını tam özünə inandırdıqdan sonra özü üçün qrup yığılanda öz arasında açıq-aşkar deyir ki, ölkə idarəçiləri kafirdir: "Bax beləcə qruplaşma yaradılır. İndi sizi düşündürməmiş olmaz. Doğrudurmu? İnanın ki, doğrudur. Bəli, həqiqətən də bunlar özlərini gizlədərək müsəlmanlar arasında bölücülük edirlər. Bunların elm tələbələrinə müasir İslam alimləri oturaq xəvaric deyirlər. Yəni, özü öndə görünmür, ancaq gizlincə öz çirkin niyyətini saxlayıb ətrafına adamlar yığır. Sosial şəbəkələr belələri ilə doludur. Oturub əməlli-başlı gəncləri zəhərləyirlər. Müsəlman ölkələrində baş verən bütün qırğınlar bu səfehlərə görə baş verdi. Belə olduqda böyük dövlətlər də istədiyi bir müsəlman ölkəsini asanlıqla bunlardan istifadə edərək bölüb parçalayır. İnsanları hakimiyyətə qarşı narazı salıb kütləvi iğtişaşlar törədirlər. Bu fikir axınları ilə indi bütün əhalisi müsəlman olan ölkələrdə mübarizə aparılır. Bizdə də həmçinin. Çünki, bir ara bu qruplara mailiyyə dəstəyi ayrılırdı. Türkiyə hökuməti və bizim hökumət bu maliyyəni aşkarladıqda dayandırdılar. İndi də gizlin yollarla maliyyə dəstəyi alanlar var. Lakin bunların tam içərisində olanlar bunu bilər. Belələri məni də danışmağa qoymurlar. Deyirlər sən harda oxuyub gəlmisən ki, dindən bizə dərs deyirsən. Bax mən bu səbəblərdən neçə vaxtdır məscidə getməkdən küsmüşəm. Allah məni islah etsin və doğru yola yönəltsin ki, Allaha ibadət etmək üçün məscidə gedim". Əkrəm Həsənov deyib ki, bundan başqa digər bir qrup da var və bu səbəbdən Bakıda, İçərişəhərdəki məscidə gedə bilmir. Dərhal sosial şəbəkədə onu hədələyirlər: "Yazırlar ki, bura gəlsən şəxsən özümüz yaxınlaşıb sənlə söhbət edəcəyik. Bu problem məzhəblər arasında da geniş yayılıb".
Süleyman