Tələbə dikdaban ayaqqabı geyinsin, ya?..
Züleyxa NADİR
31 Oktyabr 2018 13:03 SosialZüleyxa NADİR
Deyirlər ki, qulaq gündə bir söz eşitməsə kar olar. İndiki halda bu məsəli belə də demək olar: "göz gündə bir xəbər oxumasa kor olar". Bir təhsil ocağında tələbə qızlara universitetdə dikdaban ayaqqabı geyinməyi qadağan edilib. Təhsil ocağının foyesində "Diqqət! Diqqət! Universitetin binasına dikdaban ayaqqabı ilə girmək qəti qadağandır" elanı vurulub. Belə bir addım da onunla əsaslandırıblar ki, dikdaban ayaqqabı təhsilin inkişafını ləngidir, daha doğrusu, dikdaban ayaqqabının səsindən tələbələrin diqqəti yayınır.
Doğrusu, informasiyanı oxuyanda xeyli güldüm. Ayaq hara, baş hara? Ayaqqabı ilə beynin arasındakı əlaqənin nədən ibarət olduğunu tapmağa çalışdım. Çox fikirləşdim, amma tapa bilmədim. Yəni doğrudanmı tələbələrin əsəbi bu qədər üzdədir ki, ayaq səsindən qıcıqlanır, fikirləri yayınır? Bu universitetdə bəyəm dərsə davamiyyət məsələsi nizam-intizam qaydalarına daxil deyilmi? Dünyanın hər yerində olduğu kimi Azərbaycanda da orta məktəblərdən tutmuş ali məktəblərə qədər hər yerdə bir qayda var ki, bütün şagirdlər, bütün tələbələr dərsin başlandığını göstərən zəngdən sonra sinif otağına daxil olurlar. Belə çıxır ki, bu universitetdə özbaşınalıqdı. Kimin kefi nə zaman istəsə sinfə daxil ola bilər. Qızların nə vaxt həvəsləri olsa universitetə gələ bilərlər. Ona görə də dərslər gedən zaman onlar dəhlizdə gəzişirlər, ayaqqabıları səs salır. Ki... bu da mühazirə oxuyan, seminar aparan müəllimin, ona qulaq asan tələbənin diqqətini yayındırır.
Gülünc qərardı, dünyanın başqa yerində eşidən olsa istehza edər, rişxəndlə yanaşar. Tələbənin diqqətini ayaqqabı səsi yayındıra bilməz. Tələbənin zehni ilə ayaqqabısı arasında heç bir körpü yoxdu. Tələbənin düşüncəsi ilə ayağı bir-birinə tərs mütənasibdi. Ona görə də rəhbərlik ayaqqabı səsini aradan götürmək əvəzinə, tələbənin beynində, düşüncəsində "tıq... tıq..." səsi verən başqa problemin aradan qaldırılması üçün yollar aramalıdır. Tələbənin oxumasına mane olan dikdaban ayaqqabı deyil, onun savadsızlığıdı, universitetə təsadüfü düşməsidi, təhsil haqqını ödəyə bilməməsidi, gecələr işləyib gündüzlər dərsə gəlməsidi, kirayə qaldığı evin pulunu çatdıra bilməməsidi və s.
Harda görünüb ki, universitet tələbəsinin ayaqqabısına bu şəkildə müdaxilə olunsun? Dikdaban ayaqqabını gənc qız geyinməyib kim geyinəcək? Bəlkə sabah işlədiyi qurumda eyni düşüncəli başqa bir rəhbər də onun ayaqqabısına xor baxacaq? Dikdaban ayaqqabı istehsalçıları onu kimin üçün hazırlayıblar? Tələbə qızlar azərbaycanlı ailədə doğulub, Azərbaycanda böyüyüblər. Azərbaycan xanımları həmişə dikdaban ayaqqabı geyiniblər. Geyim mədəniyyətinin formalaşmasında ayaqqabının çox böyük rolu var. Bizim xanımlar tarixən Şərq mədəniyyətinin bir elementi olan klassik ayaqqabı ilə yanaşı, müasir, modern ayaqqabıya da üstünlük veriblər. Bu, onların həyat tərzinə, dünyagörüşünə, əxlaqına, davranışına əks təsir göstərməyib. Əksinə azərbaycanlı qadınlar hər zaman dünyanın hər yerində ayaqqabısı ilə seçilib, irəlidə olublar.
Hər zamanın, hər dövrün öz ayaqqabı modeli olub. Və kimsə qadınlara ayaqqabı seçimində qadağa qoymayıb, yaxud da ictimai yerlərə hansı ayaqqabını geyinib-geyinməmək haqqında göstəriş verilməyib. Hansı ayaqqabını geyinmək hər kəsin öz seçimidir. Dikdaban ayaqqabı qadını gözəl göstərir. Dikdaban ayaqqabı qadını kişidən fərqləndirən vacib amildi. Dikdaban ayaqqabı azərbaycanlı xanımın gözəlliyidi, əxlaqıdı. Dikdaban ayaqqabı buxov deyil, azadlıqdı. Heç kimin haqqı yoxdu bunu onun əlindən alsın.
Universitetin bu qərarını təqdir edənlər də var. Belələrinin düşüncəsinə görə qızların dikdaban ayaqqabı geyinməsi onların təhsil almasına, elm öyrənməsinə mane olur. Bir zaman mən də tələbə idim. Beş il dikdaban ayaqqabı geyindim. Nə mən, nə də qrupumuzdakı o biri qızlar bir gün də olsun universitetə dabansız ayaqqabı ilə getmədik. Geyindiyimiz ayaqqabılar heç bir zaman oxumağımıza mane olmadı. Biz dəhlizdə yeriyərkən ayaqqabılarımızın səsi kimsəyə mane olmadı. Müəllimlərimiz buna xor baxmadılar, universitet rəhbərliyi ayağımıza deyil, başımıza qiymət verdi. İndi nə oldu ki, ayaqla başın yeri dəyişik düşdü?
Qızlar dikdaban ayaqqabı geyinsinlər, amma dikbaş olmasınlar. Qızlar həddən artıq açıq-saçıq geyinməsinlər. Qızlar müasirliyi çılpaqlıqda görməsinlər. Qızların başında bilik olsun, ayağındakı dikdaban ayaqqabının zərəri yoxdu. Hərçənd bəzən deyirlər ki, hündürdaban ayaqqabı xəstəliyə səbəb olur. 40 illik hündürdaban ayaqqabı geyinmək təcrübəsi olan biri olaraq deyirəm ki, bu cür ayaqqabılar xəstəlik törədicisi deyil. Tamamilə səhv yanaşmadı. Hündürdaban ayaqqabıdan qorxmaq lazım deyil, onun heç bir ictimai təhlükəsi yoxdu.
Təhlükə bu qadağanı qızlara tətbiq edənlərin düşüncəsindədi.