10-cu Bilik Evi Ağsuda açıldı
31 Oktyabr 2018 11:36 SosialAzərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun növbəti Bilik Evi Ağsu rayonunda fəaliyyətə başladı.Olaylar.az bildirir ki, Ağsu Rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayonun Heydər Əliyev Mərkəzində fəaliyyət göstərəcək Bilik Evinin açılış mərasimindən öncə Bilik Fondunun icraçı direktoru Oktay Səmədov Rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyevlə görüşüb.
İcra Hakimiyyətinin başçısı bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan daxili və xarici siyasətin mahiyyətinin yerlərdə əhaliyə dəqiq və dolğun çatdırılmasına, milli-mənəvi dəyərlərin təbliğinə, gənclərin yeni dünyanın tələblərinə uyğun formalaşması istiqamətində maariflənməsinə ehtiyac var. Oktay Səmədov Bilik Fondunun ölkə ərazisində həyata keçirdiyi layihələrdən danışaraq, Bilik evlərinin açılmasını bu yöndə atılan əhəmiyyətli addım kimi qiymətləndirib.
Ağsu Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Mirzəliyeva tədbiri açaraq, gələcəyin məhz bilikli insanlar tərəfindən qurulacağını, maarifçilərin bu yolda sərf etdikləri əməyin mütləq bəhrə verəcəyinə inandığını bildirib. Ağsu Heydər Əliyev Mərkəzinin direktoru Reyhanə Tacızadə çıxışında Fondla gələcək əməkdaşlığın perspektivlərinə toxunub.
Bilik Fondunun nümayəndələri rayon Heydər Əliyev Mərkəzində fəaliyyət göstərəcək Bilik Evi ilə tanış olub, yeni məkana zəruri avadanlıqlar verib, Mərkəzə kitablar hədiyyə ediblər.