Psixoloq: Selfi çəkdirmək xəstəlik əlaməti elan olundu - Şizofren ola bilərsiniz
31 Oktyabr 2018 09:35 SosialSelfi çəkdirmək dəb halını alsa da, bu, artıq psixi pozğunluq kimi qəbul olunur.
Bu sözləri psixoloq Gülnar Orucova Teleqraf.com-a bildirib.
Onun sözlərinə görə, Amerika Psixoloqlar Dərnəyi rəsmi olaraq selfinin və bu kimi şəkilləri sosial şəbəkədə paylaşmağın ruhi pozğunluq əlaməti olduğunu açıqlayıb: "Dərnək bu psixi pozğunluğu "selfitis" adlandırıb.
Bu ruhi pozğunluğun 3 səviyyəsi var. Birincisi, xəstəliyin sərhədində olanlar var ki, belə insanlar öz şəkilini gündə ən az üç dəfə çəkir, amma sosial şəbəkədə paylaşmır.
İkincisi, aktiv selfidir ki, bu xəstəliyin irəliləməsi deməkdir. Bu zaman şəxs öz şəkilini gündə ən az üç dəfə çəkir və hər birini ayrıca, sosial şəbəkədə paylaşır.
Üçüncüsü, xroniki selfi adını alan vəziyyətdir. Bu, nəzarət edilə bilməyəcək dərəcədə şəxsin öz şəkilini gecə-gündüz ard-arda çəkməsi və gündə 6 dəfədən çox sosial şəbəkədə paylaşmasıdır.
Ümumiyyətlə selfi çəkdirmək gözəl şeydir, amma normasında. Həyatımızda zərərli heç nə yoxdur, sadəcə zərərli hədd var, o həddi aşmamaq şərti ilə selfi çəkmək olar. İnsanın özündə gördüyü hər hansı qüsur zaman- zaman adi hala çevrilir. Öz şəkillərinə öyrəşəndə bunu özünə qüsur saymır və komplekslərdən azad olur.
Amma bəzi hallar da var ki, insan özünün bəyəndiyi və yaxud bəyəndirmək istədiyi üçün şəkil çəkir. Bu, ən çox isterik tip xanımlarda olan xüsusiyyətdir. Belə tip insanlar sevgi qıtlığı yaşayırlar. Bunların bir qismi açıq- saçıq geyimlə, bir qismi isə şəkil çəkərək insanlara ötürməklə diqqətə çıxmaq istəyir.
İsterik tip insanlar, xüsusən qadınlar sırf diqqət çəkmək məqsədilə bəzən etik normadan kənara çıxan davranışlara yol verirlər. Səbəb onlara olan diqqət və sevginin azlığıdır.
Qadınların bəzisi isə şəkil çəkdirəndə və saçlarını kəsdirəndə qəmli günlərinin geridə qaldığını düşünürlər.
Selfi çəkmək məqsədilə özlərini təhlükəyə ataraq qayanın, dağın, hündür mərtəbəli binanın üstünə çıxıb şəkil çəkmək istəyənlər də var. Bunda da əsas məqsəd insanları özünə cəlb eləmək, mən də varam deməkdir. Bu ən çox öz güvən əksikliyi yaşayan insanlarda olur".
Psixoloqun sözlərinə görə, bəzən valideynlər şikayətlənir ki, övladımız sosial şəbəkədə həddən artıq çox vaxt keçirir: "Amma bunu deyən özünə də baxmalıdır ki, buna yol verən hansı hərəkəti edib. Övladımıza kifayət qədər diqqət ayırmayanda, sevgi, qayğı göstərməyəndə uşaq sosial şəbəkə aludəçisinə çevrilir.
Bəzən insanlar realda tanımadığı insanları sosial şəbəkə vasitəsilə öz həyatlarına gətirirlər. Bu, riskli tanışlıqdır. Bununla gələcəkdə şantaj obyektinə çevrilə bilərsən.
Əgər biz sosial şəbəkədə həddindən artıq vaxt keçiririksə, deməli, həyatımızda boşluq var, o boşluğu doldurmalıyıq. Birinin normal həyatı, sevdiyi işi, ailəsi, uğuru, kariyerası varsa, uzun müddət sosial şəbəkədə vaxt keçirməyəcək".
Gülnar Orucova sosial şəbəkələrdəki bəzi oyunlardan da danışıb: "Qrup şəkilində oynanan oyunlar manipuliasiya xarakteri daşıyır. Bəzən hətta reallıqda rastlaşanda belə oyunla bağlı mübahisə edirlər. Bu kimi oyunlar da sosial şəbəkədə insanları asılı vəziyyətə salır".
Psixoloq deyib ki, selfi xəstəliyinin hazırda müalicəsi yoxdur: "Müalicə ancaq davranış terapiyası ilə ola bilər ki, o da müvəqqəti müalicə hesab olunur. Bəzi xanımlar dodaqlarını şəkildən-şəklə salıb foto çəkdirirlər ki, bu onlarda şizofreniya xəstəliyinin simptomları kimi də qəbul oluna bilər".