Amerikalı qız çoxlu sayda blinçik yediyi üçün öldü

Amerikada blinçik yemək üzrə yarışmada dünyasını dəyişən Keytlin Nelsonun qohumları yarışma təşkilatçılarını məhkəməyə verib. Bu barədə "Fox News" saytı məlumat verib. Müsabiqə Konnektikur ştatında, katolik universitetində keçirilib.

Universitetin 20 yaşlı tələbəsi də müsabiqədə iştirak edib. Qız bir neçə blinçiki sürətlə yeyəndən sonra öncə titrəməyə başlayıb, ardınca isə şüursuz halda yerə yıxılıb. Onu əhatə edənlər xilasetmə xidmətinə zəng ediblər. Həmin vaxta qədər qızı universitetin tibb bacısı təhsili alan iki tələbəsi xilas etməyə çalışıb. Hadisə yerinə gələn polislər qızın "blinçik komasına" girdiyini təsbit ediblər. Qızı öncə yerli xəstəxanaya, daha sonra isə Nyu-Yorkdakı aparıcı tibb mərkəzlərindən birinə aparıblar. Amma həkimlər onu xilas edə bilməyib.

Blinçikləri müsabiqəyə çatdıran restoran isə baş vermiş hadisəni məzəli yarış kimi düzənlənən faciəvi insident adlandırıb. Ailənin təmsilçisi Keti Menser Heyc isə bildirib ki, qida məhsulları üzrə yarış heç də zənn edildiyi kimi zərərsiz və məsum olmur: "Çox vacibdir ki, bu sayaq yarışmaları keçirənlər hansı qidanın nə kimi fəsada səbəb olacağını bilsinlər. Çünki bəzi qida növləri, içkilər var ki, onun dozadan artıq qəbulu insan ölümü ilə nəticələnə bilər". Ölən qızın valideynləri onun orqanlarını ehtiyacı olan şəxslərə bağışlayacaqlar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31