8 mindən çox məcburi köçkün ailəsi təhlükəsiz və davamlı su təminatı ilə təmin ediləcək

BMT-nin Miqrasiya Agentliyi, Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT), Bakı şəhərində Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) maliyyə dəstəyi ilə "Azərbaycanda kəhriz su sistemlərinin bərpası vasitəsilə məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə kənd yerlərinin kompleks inkişafı" layihəsinin icrasına başlayıb. "OLAYLAR"-a daxil olan məlumata görə,  dörd illik layihə ənənəvi və dayanıqlı su təchizatı sistemi olan 40 kəhrizin bərpası vasitəsilə təxminən 8 mindən çox ailəyə təhlükəsiz və davamlı su təminatı məqsədini daşıyır. BMqT-nin bu sahədəki müvəffəqiyyətli keçmiş təcrübəsi və xüsusi səriştəsinə əsaslanan bu layihə kəhrizlərin bərpası ilə məhdudlaşmır. Layihə eyni zamanda Azərbaycan Hökumətinə kəhrizlərin bərpası ilə əlaqədar baş planın hazırlanmasına töhfə verəcək; yerlərdə kəhriz mühəndisləri və kankanların potensialını gücləndirəcək; mikro və kiçik sahibkarlığın yaradılmasına yardım vasitəsilə məcburi köçkünlərin, xüsusilə də qadınların kiçik sahibkarlıq fəaliyyətinə dəstək verəcək. BMqT-nin layihədə nəzərdə tutduğu strategiya qadınları əsas benefisiar və su təminatının idarəediciləri olaraq görür.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31