Ya qanun, ya cəza - Baş redaktor

Reket jurnalistika və biz...

Reket jurnalistika günü-gündən böyüyür, inkişaf edir. Zülmlə bir qəzeti, bir saytı saxlayırıq.Kollektivlərimiz o qədər kiçik, məhdud sayda olur ki, hər gün yazmaqdan barmaqlarımız "mazol", klaviaturalar xarab olur. Amma həmin o reket dediklərimiz bəzən yersiz-ofissiz onlarla "işçi", ya işverən saxlayırlar. Bizim sınıq-salxaq bir stulda oturub yazan jurnalistlərimizlə müqayisəyəgəlməz vəziyyətdə yaşayan, gündə bir restorandan şəkillər paylaşan bu adamların ofisləri olanda da dəyəri min dollarla ölçülən kresloları elə hey fırlanır, dünya kimi. Ciddi mətbuatla "reket jurnalistika" deyilən, əslində heç jurnalistika da deyil, peşəkar fırıldaqçılğın fərqi belə nəsnələrdir. 

Mətbuatın başbəlasına çevrilmiş bu "janr"ın da yaradıcıları var, "xaç ata"ları olduğu kimi. Çox da uzaq olmayan 90-lardan gələn bu janrı yaradanlar bəlkə də bilmirdilər, bəlkə də elə bilirdilər ki, gələcəkdə bizi hansı bəlaya mübtəla edəcəklər. Amma yaratdılar. İndi illərdir onların yaratdığı bu janrın təhdidi ilə bütöv bir cəmiyyət üz-üzədir. Pərpətöyün kimi artırlar. Dövlət məmurundan tutmuş adi bir məktəb direktoruna qədər, hətta iraq olsun, öz kolleqaları sayılan jurnalistləri belə şantaj etməkdən, onlara böhtan atmaqdan çəkinmirlər. Onlar çoxaldıqca, jurnalistikamız aşağılanır, peşə olaraq dəyərdən düşür. 

Reketlərin bu qədər artması mənə çox da uzaq olmayan tarixdəki bir hadisəni xatırlatdı. Rəhmətlik Sirus Təbrizli Mətbuat və İnformasiya naziri idi. "Cümhuriyət" qəzeti də o zaman böyük basqılarla üz-üzəydi. Qəzetimizin hesablarına həbs qoyulmuşdu, borc borc üstünə yığılırdı. O zamanın dəbinə uyğun iki əlavəmiz vardı və rəhmətlikdən xahiş etdim ki, bizim əlavələrimizə lisenziya verilsin. Onun da özünəməxsusluğu vardı axı. Mərd adam kimi tanıyırdım onu. Mənə bir-iki sual verdivə onu qane etməyən cavablarıma baxmayaraq, bu məsələnin müsbət həll edilməsini tapşırdı.

Comərdliyini xarakterizə edən bu hərəkətini söz düşəndə danışmaqdan imtina etməzdim. Beləcə, bunu bilənlər vardı və hesab edirdiər ki, Sirus müəllim məni eşidir. Hərgah belə bir münasibətimiz yox idi. Təsadüfən çay içərkən rastlaşdığım tanışlardan biri zəng edib öz tanışını çağırdı və birgə çay içəsi olduq. Mənim də qəzetəçi olduğumu biləndə başqasının təsisçi olduğu qəzetdə redaktor olduğunu söylədi və əlavə etdi ki, "babat da dolanır". Cəmi 5 nəfəri  var və hərəsi ayda onu necə lazımsa təmin edir. Onun anlamayacağı ritorika ilə "çox gözəl" dedim. Öz təsisçiliyi ilə qəzet açmaq və redaktor olmaq arzusunu bildirdi. Soruşanda ki, sən qəzeti necə çıxaracaqsan, axı buna vəsait lazımdır- avadanlıq, jurnalist, çap xərci və s.-elə bir cavab verdi ki, yazmağa belə adam xəcalət çəkir.  

Az keçmiş o adamın qəzet təsis etdiyini eşitdim. Hətta bəzi rayonların o zamankı polis rəislərinə qəzetinin adından Fəxri Fərman da verirdi. O rəislər də bunu bəh-bəhlə alırdı, foto çəkdirirdi, poz verirdi...

Sözümün canı bu deyil. Sözümün canı odur ki, reket jurnalistika nə dayanacaq, nə də özbaşına sıradan çıxacaq. Mətbuat Şurasının "qara siyahısı" da onlara bəs deyil. Daha təsirli variantlar tapmaq gərəkir. Hazırda onlarla mübarizə bütünlükdə cəmiyyətin üzərinə düşür. İstər Mətbuat Şurasının bu sahədə gördüyü ictimai qınaq əhəmiyyətli tədbirləri, istərsə də hüquq-mühafizə orqanlarının bu sahədəki cəza addımları, həyata keçirdikləri həbslər vacibdir. Kimisə şantaj edəni həbs etməyib neyləmək lazımdır?

Qəhrəmanlaşdırmaqmı? Kimisə təhdid edib pul alan adamın jurnalistikaya nə dəxli var ki?! Bəzi "bulanıq suda" yaşayanlar müdafiə edir deyə, onların qanunsuz və cinayət tərkibli hərəkətlərinə göz yumulsunmu? Vicdanını itirməyən insan öz vicdanı qarşısında etdiklərinə görə məsuldur. Vicdanı yoxsa, onda ilk növbədə qanun qarşısında cavabdehdir və demokratik cəmiyyətin əsas tələbi budur. Ya qanunlara tabe olmalısan, ya da cəzalanmalısan!

Eyni zamanda bizlər ciddi mətbuatı qorumaq, onun doğrudan da 4-cü hakimiyyət imicini qaytarmaq istəyiriksə, başqa yolumuz yoxdur. Rekertlərin şantajına boyun əyə bilmərik! Mətbuat Şurasını, onun üzvlərini, yaradanlarını, dəstəkçilərini, informasiya siyasətinin sağlamlaşdırılması üçün proqramlar hazırlayanları şantaj etmələrinə "dur" deməyin zamanı çatıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31