İş adamında yumurta qıtlığı barədə ilginc analizi: “Aslan İsmayılov toyuqları...”

"Aslan İsmayılov özünü ictimaiyyətə hərşeyşünas göstərdiyi üçün həmişə ciddi səhvlərə yol verir. Onun həm Rusiyada, həm Gürcüstanda, həm Türkiyədə, həm ABŞ-da, həm də dünyanın müxtəlif yerlərində müştərilərinə hüquqi yardım göstərməsi barədə iddialarını hüquqşünasların öhdəsinə buraxıram. Qoy, onlar çıxıb izah etsinlər ki, bir insan eyni anda necə müxtəlif ölkələrin qanunlarını bilə bilər. Axı hüquq riyaziyyat deyil ki, ABŞ-da da, Rusiyada da, Azərbaycanda da 2-ni 2-yə vuranda 4 etsin. Hər bir ölkənin özünəməxsus hüquq sistemi var və heç bir vəkil eyni anda bu qədər qanunlar toplusunu öyrənə bilməz. Bunu heç Azərbaycana təşrif buyuran süni intellekt Sofiya xanım da bacarmaz".

İş adamı Mürvət Həsənli Musavat.com-a açıqlamasında belə deyib.

Qeyd edək ki, hüquqşünas Aslan İsmayılov bir neçə gün öncə özünün facebook səhifəsində yaydığı video-müraciətində bir sıra iddialarda bulunmuş və Azərbaycan məhkəməsinin ona qarşı tətbiq etdiyi ölkədən çıxma qadağasını çörəklə imtahana çəkilmək kimi qiymətləndirmişdi. Keçmiş vəkilin iddiasına görə, özünün gəlir qaynağı xaricdəki vəkillik fəaliyyətilə bağlıdır. Guya, o, Türkiyə, Rusiya, Gürcüstan, ABŞ və digər xarici dövlətlərdə vəkilliklə məşğuldur və bu fəaliyyətinin hesabına dolanır. Azərbaycan məhkəmələri isə xaricə çıxışına qadağa qoymaqla faktiki bu imkanı onun əlindən alıb.

Aslan İsmayılovun bu iddialarına münasibət bildirən iş adamının fikrincə, opponenti həmin sözləri dilə gətirməklə özü də bilmədən bəzi gizli mətləbləri etiraf edib: 
"Adam bu sözlərlə rəsmən xaricdən maliyyələşdiyini iddia edir. Bilirik ki, Aslan İsmayılov pos-sovet məkanlarında rəngli inqilablar törətmək istəyən Sorosun desantlarındandır. Bunu Aslanın özü də inkar etmir. O da sirr deyil ki, Sorosun bu davamçıları müxtəlif maliyyə fondları tərəfindən maliyyələşdirilirlər. Xarici maliyyə ilə öz ölkəsində siyasi dağıdıcı proseslərə girişməyin isə bir adı var - casusluq. Görünür, Aslan öz casusluğunu gizlətmək üçün bu fəaliyyətinə hüquqi don geyindirir və aldığı məvaciblərini vəkillik qazancı kimi göstərir".

Bu ehtimalın doğruluğunu araşdırmağın milli təhlükəsizlik xidmətlərinin və hüquq mühafizə orqanlarının işi olduğunu düşünən Mürvət Həsənli məsələni aidiyyati qurumlara həvalə edərək, Aslan İsmayılovun digər iddiaları üzərində dayandı: 
"Aslan İsmayılov mən də daxil olmaqla bir çox rəsmi və qeyri-rəsmi şəxslər üzərində "yumurta mafiyası" obrazı yaradır. Onun iddiasına görə, biz, guya əlbirik və yumurta biznesilə milyardlar qazanmışıq. Adamın yumurta deyəndə xəyalındakı nəsnənin hansı materialdan olduğunu nəzərdə tutduğunu bilmirəm. Amma qəti əminəm ki, o, bizim istehsal etdiyimiz yumurtanın qızıldan olduğunu düşünür. Əks halda dəyəri 10-20 qəpik arasında dəyişilən yumurtayla milyardlar qazanmaq heç fantastik nəzəriyyələrlə də mümkün deyil. Bunun üçün gərək təkcə Azərbaycanın yox, bütün dünyanın yumurta təchizatı ilə məşğul olasan".

Aslan İsmayılovun son zamanlar yaranan yumurta qıtlığı ilə bağlı fikirlərinə də aydınlıq gətirən Mürvət Həsənli opponentinə anlayışı olmadığı yerlərə başını soxmamağı məsləhət bildi: "Bu adam anlamır ki, toyuqların yumrtalama prosesi çox həssas dəngələrə söykənir. Bəzən hava şəraiti, yaxud kiçik bir qorxu belə onların yumurtadan kəsilməsinə səbəb ola bilər. Görünür, Aslan İsmayılov o qədər yumurtadan danışıb ki, toyuqları ürküdüb. İndi Azərbaycan toyuqlar da bu aslan dərisi geymiş Allahverdinin ... xislətindən zərər çəkiblər. Aslan İsmayılov isə özünün yol açdığı bu təbii prosesi hansısa qeyri-adi gücə malik "yumurta mafiyasının" siyasi hakimiyyətə qarşı təxribat planı kimi dərk edir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31