Əmək müqaviləsinə xitam verilən işçilər hansı təminat hüququna malikdirlər?

Ölkədə kölgə iqtisadiyyatını aradan qaldırmaq, işçilərin əmək hüquqlarından maksimum yararlanmaq imkanlarını təmin etmək məqsədilə çoxsaylı tədbirlər həyata keçirilib. Hətta bu məqsədlə müasir informasiya kommunikasiya texnilogiyalarının imkanlarından istifadə edilməkdədir. Hazırda əmək müqaviləsi bildirişləri "Elektron hökumət" portalının autentifikasiya vasitələrdən istifadə edilməklə işəgötürənlər  tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya daxil edilir. Bu praktikanın tətbiqi işçilərin əmək hüquqlarının müdafiəsi sahəsində mühüm rol oynayır. Lakin buna baxmayaraq hələ də ölkədə işçilərin əmək müqaviləsi olmadan işə cəlb edilməsi hallarına rast gəlinir.  Bu isə işçilərin əmək hüquqlarından istifadə imkanlarını məhdudlaşdırır. Hüquqşünas Alim Hüseynli bildirib ki, əmək müqaviləsi sərbəst bağlanır, heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Milli qanunvericiliyə görə, on beş yaşına çatmış hər bir şəxs işçi kimi əmək müqaviləsinin tərəfi ola bilər. On beş yaşından on səkkiz yaşınadək olan şəxslərlə əmək müqaviləsi bağlanarkən onların valideynlərindən və ya övladlığa götürənlərdən, qəyyumlarından birinin və yaxud qanunla onları əvəz edən şəxslərin yazılı razılığı alınmalıdır. Xatırladaq ki, qanunvericilikdə işçinin və işəgötürənin hüquq və vəzifələri dəqiq müəyyən edilib. Mövcud qanunvericiliyə əsasən tam fəaliyyət qabiliyyəti olmayan şəxs işəgötürən ola bilməz. Normal qaydada reallaşdırılan əmək müqaviləsi yazılı formada bağlanır.  Əmək müqaviləsi nümunəvi formaya uyğun tərtib edilir. Belə müqaviləsinin nümunəvi forması Əmək Məcəlləsində əksini tapıb.  Əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunaraq  tərəfərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır.  Əmək müqaviləsi qabaqcadan müddəti müəyyən edilmədən (müddətsiz) və ya 5 ilədək müddətə (müddətli) bağlanıla bilər.  Əmək müqaviləsi bağlanarkən işçidən əmək kitabçası, dövlət sosial sığorta şəhadətnaməsi (ilk dəfə əmək fəaliyyətinə başlayanlar istisna olmaqla), şəxsiyyətini təsdiq edən sənəd və zəruri olduqda təhsil haqqında sənəd tələb olunur.  İşçinin səhhətinə, sağlamlığına mənfi təsir göstərən amillər olan ağır, zərərli və təhlükəli əmək şəraitli iş yerlərində, habelə əhalinin sağlamlığının mühafizəsi məqsədi ilə yeyinti sənayesi, ictimai iaşə, səhiyyə, ticarət və bu qəbildən olan digər iş yerlərində əmək müqaviləsi bağlanılarkən işçilərin sağlamlığı haqqında tibbi arayış tələb olunmalıdır.

Onun sözlərinə görə,  əmək müqaviləsinə xitam verilməsinin əsasları qanunvericilikdə əksini tapıb. Belə ki, əmək müqaviləsinə yalnız Əmək Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: tərəflərdən birinin təşəbbüsü;  əmək müqaviləsinin müddətinin qurtarması;  əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; müəssisənin mülkiyyətçisinin dəyişməsi; tərflərin iradəsindən asılı olmayan hallar; tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Bununla yanaşı, əmək müqaviləsinin ləğv olunmasını qadağan edilən hallar da müəyyən edilib. Belə ki,  işəgötürən tərəfindən  hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin;  yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşına çatmamış uşağını təkbaşına böyüdən işcilərin;  əmək qabiliyyətini müvəqqəti itirən işçilərin;  işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstələrin;  həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə işçilərin işdən azad edilməsi qadağandır.

Onun bildirdiyinə görə, əmək müqaviləsinə xitam verilərkən işçilərin təminat hüququ məsələsi ortaya çıxır. Əvvəlcə qeyd edək ki, işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda işəgötürən əmək müqaviləsini ləğv etməzdən azı iki ay əvvəl işçini rəsmi xəbərdar etməlidir.  Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir.  Əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin "a" və "b" bəndləri ilə ləğv edilərkən işçilərə  orta əmək haqqından az olmamaqla işdənçıxarma müavinəti,  işdən çıxarıldığı gündən isə yeni işə düzələn günədək ikinci və üçüncü aylar üçün orta əmək haqqı ödənilir.  İşçilərə nəzərdə tutulan orta əmək haqqı müvafiq icra hakimiyyəti orqanı tərəfindən işçiyə verilən müvafiq arayışlar əsasında ödənilir. Həmin arayış işdən çıxan gündən bir ay müddətində müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan şəxslərə verilir. Bu ödəmələr işəgötürən, müəssisə ləğv edildikdə isə onun əmlakının yeni mülkiyyətçisi (əmlakın operativ idarəçiliyini həyata keçirən hüquqi, ziki şəxs) tərəfindən ödənilməlidir.  Kollektiv müqavilələrdə, əmək müqaviləsində işçilərin işə düzəldiyi dövr ərzində daha uzun müddətə orta əmək haqqı kimi ödəmələrin daha yüksək məbləğdə verilməsi nəzərdə tutula bilər.  Əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin "c", 74- cü maddəsinin birinci hissəsinin "a" və "c" bəndləri ilə xitam verildikdə, işəgötürən işçiyə orta aylıq əmək haqqının azı iki misli miqdarında müavinət ödəyir. İşçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə isə vəfat edənin vərəsələrinə orta aylıq əmək haqqının azı üç misli miqdarında müavinət ödənilir. Əmək müqaviləsinə Əmək Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin "ç" bəndi ilə xitam verildikdə, işəgötürən işçiyə orta aylıq əməkhaqqının azı üç misli miqdarında müavinət ödəyir.  

Bundan başqa, işəgötürən xəbərdarlıq müddətləri əvəzinə işçiyə onun razılığı ilə azı iki aylıq əmək haqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. Bununla yanaşı,  müəssisədə əmək şikəstliyi almış və ya peşə xəstəliyinə tutulmuşların;  xüsusi məcburi köçkün, onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərin;  kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərin; öhdəsində sağlamlıq imkanları məhdud 18 yaşınadək və ya I qrup əlil ailə uzvu olan işcilərin; məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işcilərin əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Ölkə qanunvericiliyi ilə müəyyən olunmuş valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaq, habelə onların arasından olan şəxs hesab edilən işçiləri sonradan həmin müəssisədə və ya digər müəssisədə işə düzəltmək üçün öz vəsaiti hesabına zəruri yeni peşə hazırlığına cəlb edilir.  Qanunvericiliklə müəyyən edilmiş qaydada müəssisənin ləğvi istisna olmaqla, işçinin müddətli həqiqi hərbi xidmətdə olduğu müddət ərzində mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq müəssisədə iş yeri və vəzifəsi saxlanılır. Müddətli həqiqi hərbi xidmətə çağırılanadək müvafiq müəssisədə işləmiş şəxslər, hərbi xidmətdən buraxıldıqdan ən geci 60 təqvim günü keçənədək həmin müəssisədə əvvəlki və ya buna bərabər vəzifəyə (peşəyə) qayıtmaq hüququna malikdirlər. Lakin bəzi hallarda işçilər qanuni əmək müqaviləsi bağlamadıqlarından bu hüquqlardan istifadə edə bilmirlər.

Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31